Ötən gecə təxminən saat 24 radələrində Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparıb. 
"Azəravtoyol ASC-dən unikal.org-a verilən məlumata görə, hadisə nəticəsində körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilib. Kiş çayında dağlardan gələn lil-palçıq tullantılarının qalınlığı təxminən 1-1,5 metrdir.
Təbii fəlakətin baş verdiyi əraziyə "Azəravtoyol ASC-nin və digər aidiyyəti qurumların mütəxəsisləri cəlb olunub. Qısa müddət ərzində alternativ yolun salınması ilə körpünün bərpası istiqamətində addımlar atılacaq. Hazırda isə avtonəqliyyat vasitələrinin rayon mərkəzi ilə əlaqəsi Oxud yolundan istifadə etməklə təmin olunur ki, bu yolun da uzunluğu təxminən 10 kilometrdir.
Qeyd edək ki, iki aşırımlı (2 x 31m) avtomobil körpüsünün ümumi uzunluğu 74 metr, qabariti isə 8,4 metrdir.