Ramazan bayramına artıq sayılı günlər qalıb. Bu bayramda xəstələrin, qocaların, kimsəsizlərin ziyarəti vacibdir. Vacib olan həm də evlərdə bayram süfrəsinin açılmasıdır. Təbii ki, hərənin öz imkanına, cibinə görə.
Elə biz də bayram hazırlıqları üçün cibimizin imkan verib verməyəcəyini araşdırmaq üçün paytaxt bazarlarına üz tutduq. Başladıq iftar süfrəsinin olmazsa olması xurmadan. Paytaxt bazarlarında İran, Tunis, Mədinə, İsrail və digər yerlərdən gətirilmiş xurmalar almaq olar. Ölkələr kimi qiymətlər də fərqlidir - 3 manatdan 15 manata kimi. Satıcılar deyir ki, tələbat əsasən İrandan gətirilən xurmalaradır.
Bayram süfrəsinin digər bir təamı olan plov üçün düyünün qiymətində ötən illə müqayiəsədə 1-2 manat artım var idi. Hindistandan gətirilən, bir kiloqramı 2,50 qəpik olan düyülərə tələbat daha çoxdur. Yerli düyülərsə ötən illə müqayisədə bir qədər bahadır.

Qaysı, kişmiş , quru meyvələrin qiymətində də artım gözə çarpırdı. Bu da onunla əsaslandırılırdı ki, bu məhsullar ölkəyə əsasən xaricdən gətirilir, yəni yerli istehsal deyil.
Bir sözlə, alıcılar Ramazan süfrəsi üçün nəzərdə tutulan təamlardan xurmanın bir kilosunu 3-15 manata, düyünün bir kilosunu 2 manat 50 qəpik - 8 manata, qaysını 8-12 manata, kişmişi 5-9 manata, mal ətini 7 manata, qoyun ətini 10 manata, çərəzlərdən qoz-fındığı 5-11 manata ala bilərlər.
Bunların üzərinə meyvə-tərəvəzi, yağı da gəlsək o zaman görərik ki, 4 nəfərlik ailə üçün bayram süfrəsi orta hesabla 100-120 manata başa gəlir.
(ANS TV)