ABŞ dövlət katibi Con Kerrinin Ermənistan və Azərbaycan prezidentləri ilə etdiyi telefon söhbəti Ermənistanda "xilas zəngi" kimi dəyərləndirilib.
Unikal.org anspress-ə istinadən xəbər verir ki, əksər erməni KİV-ləri düşünür ki, iki gün öncə telefonla Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistan prezidenti Serj Sarkisyana zəng etmiş Con Kerri tərəfləri Vyana danışıqlarına riayət etməyə çağırıb.
Ermənistanın "1in.am" portalı düşünür ki, Kerri bununla da Sankt Peterburqda arxa plana keçirilmiş bir məsələni - təmas xəttində atəşkəsə riayət edilməsi üçün beynəlxalq monitorinq mexanizmlərinin tətbiqini yenidən gündəmə gətirib:
"Putinin təşəbbüsü ilə həyata keçirilmiş Sankt-Peterburq görüşündən sonra hər üç tərəf faktiki olaraq yalnız bir sazişin ətrafında - ATƏT-in monitorinq ofisinin imkanlarının genişləndirilməsi barədə bəyanat verdilər. Amma bu işdə əsas məsələ atəşkəsə riayət edilməsi üçün beynəlxalq monitorinq mexanizmlərinin tətbiqidir. Belə təəssürat yaranırdı ki, Rusiyanın bü üçtərəfli təşəbbüsü ilə tərəflər hansısa imitasiya yaradaraq sazişi ATƏT-in ofisinin imkanları məsələsində güzəştə çevirmək istəyirlər, yəni bütöv anlaşmanı parçalamağa çalışırlar".
"1in.am"ın məqaləsi daha sonra folklor janrında inkişaf edir və Kerrinin bu məsələdən çox məyus olduğu vurğulanır. Sən demə, bu işin öhdəsindən tək gələ bilməyəcəyini anlayan Kerri Almniyadan yardım istəyib: "İstisna edilmir ki, Kerri məhz Ştaynmayeri yardıma çağırıb, yəqin ki, ona xəbər verib ki, Ermənistan və Azərbaycan müəyyən qədər Vyana anlaşmasından kənara çəkilirlər və onları bu işə Rusiya yönəldir. Ola bilər ki, Azərbacyan Rusiyanın himayəsi altında anlaşmadan kənara çəkilir".
Məsələ aydındır, Ermənistanın ultra millətçi dairələri bu fikirdədir ki, monitorinq mexanizmlərinin tətbiqi ilə Azərbaycan özh ərazi bütövlüyünü təmin etmək üçün hərbi yola əl atmayacaq. Yəni bu dairələr düşünür ki, əslində, ATƏT-in iki həmsədri - ABŞ və Fransa bu mexanizmləri tətbiq etməklə status-kvonu, yəni Azərbaycan torpaqlarının Ermənistan ordusu tərəfindən işğalı faktını sabitləşdirmək istəyir, yalnız Rusiya istisnadır. Erməni milli fikri işğal edilmiş torpaqları geri qaytarmağı ağlına belə gətirmir, buna görə də münaqişənin hətta Azərbaycan üçün o qədər də arzu olunmayan Madrid prinsipləri əsasında həllini ağıllarına belə gətirmək istəmrilər.
Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli erməni tərəfinin bu cür yanaşmasını özlərini, o cümlədən Azərbaycanı aldatmaq cəhdi kimi dəyərləndirib:
"Hətta bu cür mexanizmlərin tətbiqi belə status-kvonu möhuəmləndirə bilməz. ATƏT-in monitorinq ofisinin işçilərinin sayının artırılmasının heç bir faydası yoxdur. Bu işçilər adətəen gecələr yatır, atəşkəs isə gecələr pozulur. Qoşunların təmas xəttində yerləşdirilən mexanizm də əbədi deyil, ilk atəşdə darmadağın olacaq. Ondan sonra monitorinqi nə ilə aparacaqlar?"
"Qoşunların təmas xəttində yerləşdirilən mexanizm də əbədi deyil, ilk atəşdə darmadağın olacaq. Ondan sonra monitorinqi nə ilə aparacaqlar?"
Qabil Hüseynli münaqişənin iki həll yolunun olduğunu bildirib: "Birinci yol danışıqlar yoludur. Mərhələli həll tezliklə başlamaladır və sürətlə getməlidir. Tez bir zamanda Dağlıq Qarabağ ətrafındakı 5 rayon azad edilməlidir. Əks halda Azərbaycanın səbri tükənəcək və ikinci yola - hərb yoluna əl atacaq. Təbii ki, Ermənistan ordusunu bu perspektivdən heç nə - nə mexanizmlər, nə də ATƏT müşahidəçiləri xilas edə bilməyəcək".
Əslində, Azərbaycan üçüncü yolu seçməlidir - mərhələli hərb yolu. Artıq 25 ilə yaxındır apıralın danışıqlar heç bir nəticə vermir. Buna görə, Azərbaycan ilk mərhələdə Kəlbəcər - Sərsəng - Ağdam və Füzuli- Cəbrayıl - Zəngilən istiqamətlərində torpaqları azad etməlidir. Bundan sonra Ermənistan Madrid prinsipləri əsasında danışıqlara məcbur edilməlidir. Ermənistan buna razı olmadıqda isə Azərbaycan ordusu hücumu davam etdirməli və qalan əraziləri azad etməlidir. Əgər İrəvan yenə də sülhə razı olmasa onda hücumu irəlilədərək 2017-ci ildə İrəvanın ermənilərə icarəyə verilməsinin 99 ilinin başa çatmasını, yəni icarə müqaviləsinin qüvvədən düşdüyünü yada salmaq lazımdır.