Bu günlərdə ABŞ konqresində Azərbaycanla bağlı xoşagəlməz qanun layihəsi gündəmə gəldi. Adı çəkilən layihə əslində bir başa Azərbaycanın dövlət quruculuğuna zərbə vurmaq, ölkədə vətəndaş cəmiyyətinin tamam sıradan çıxarılmasına yönəlib.
Gözlənilmədən ABŞ tərəfindən belə bir addımın atılmasının sözsüz ki, arxasında ciddi qüvvələr dayanıb və bu qüvvələr Azərbaycanda hüquqi dövlət quruculuğunun olmasını istəmirlər. Bu qüvvələr kimlər ola bilər?
1. Azərbaycanda hüquqi dövlət quruculuğunu həzm edə bilməyən iri maliyyə qurumları
2. Azərbaycan dövlətçiliyini gözü götürməyən erməni lobbisi
3. Azərbaycanda vətəndaş cəmiyyətini dağıtmaqla regionda xaos yaratmağa çalışan qüvvələr
4. Azərbaycanın dövlət quruculuğuna zərbə vuraraq bu ölkəni özündən asılı vəziyyətə salmaq istəyən güclər.
Hər halda sadaladığımız qüvvələrin hər biri Azərbaycana zərbə vurmağa çalışan qüvvələrdir. Hələ bir il öncə Avropada da müəyyən qüvvələr belə bir plan üzərində işlədilər və Leyla Yunuslar vasitəsilə Azərbaycanın vətəndaş cəmiyyətinin parçalanmasına cəhdlər oldu. Amma həmin vaxt vətəndaş cəmiyyətləri kəskin şəkildə bunun əleyhinə çıxdılar və bir həmrəylik nümayiş etdirildi. Hətta o zaman prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycanla sərt dildə danışanlara elə öz dillərində cavab veriləcək. Bu gün də eyni proses davam edir və daha maraqlı nəticələr ortaya çıxdı. Belə ki, ABŞ-da layihə hazırlanandan sonra Azərbaycanda vətəndaş cəmiyyəti ilə qanunverici orqan eyni addımı atdılar və növbəti həmrəylik nümayiş olundu. Ən maraqlısı isə bu oldu ki, istər vətəndaş cəmiyyəti , istərsə də qanunverici orqan sərt dildə danışmağa üstünlük verdilər. Nəticədə Milli Məclisə qərar layihəsi təqdim edildi və bu Azərbaycanın öz prinsiplərinə sadiqliyini göstərdi. Qərar layihəsindən bəzi məqamları nəzərinizə çatdıraq:"Xarici İşlər Nazirliyinə tövsiyə edilsin ki, aşağıdakı kateqoriyalara aid olan şəxslərə Azərbaycan Respublikasına gəlmək üçün viza verilməsindən imtina etsin:
ABŞ hökumətində təmsil olunan şəxslər və onların ailə üzvləri;
ABŞ Konqresində Azərbaycanın diskreditasiyası istiqamətində ardıcıl iş aparan konqresmenlər, senatorlar və onların ailə üzvləri;
erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq edən vəzifəli şəxslər, siyasətçilər;
Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan kütləvi informasiya vasitələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ekspertlər;
ABŞ-ın yüksək rəhbərliyi ilə işbirliyi sahəsində böyük həcmdə maliyyə vəsaiti əldə edən şəxslər;
ABŞ-ın erməni diasporu və lobbi qruplarının dəstəyi ilə seçkili orqanlara seçilmiş şəxslər;
seçki saxtakarlığında iştirak edənlər, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə qarşı çıxanlar;
ABŞ-ın insan hüquqlarına dair beynəlxalq müqavilələrə qoşulmasına qarşı çıxanlar.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Azərbaycanın dövlət qurumları ilə ABŞ şirkətləri arasındakı bütün əlaqələrin dayandırılması məsələsinə baxsın.
Özəl sektorun təmsilçilərinə tövsiyə edilsin ki, ABŞ şirkətləri ilə bağlanmış kontraktlara son qoysunlar və yeni ticari-iqtisadi əlaqələrin yaradılmasından imtina etsinlər.
Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyə edilsin:
ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməsin və onların bank hesabları bağlanılsın;
ABŞ hökuməti və Konqresi tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülsün;
ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilsin;
Azərbaycan Respublikasının Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakı dayandırılsın;
ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunsun;
ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanılsın.
Qeyd: Bu qərar layihəsi ilə nəzərdə tutulmuş sanksiyaların aradan qaldırılması üçün aşağıdakı məsələlər öz həllini tapmalıdır:
Ölkə daxilində:
insan hüquqlarının kobud şəkildə pozulmasına, irqi və dini ayrıseçkiliyə, ksenofobiya və islamofobiya təzahürlərinə, məhbuslarla qeyri-insani rəftara son qoyulması;
etiraz aksiyalarının iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiqindən imtina olunması;
söz və mətbuat azadlıqlarının məhdudlaşdırılması, vətəndaşların şəxsi həyatına müdaxilə hallarının qarşısının alınması;
korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması, lobbiçilik praktikasından imtina edilməsi;
seçki prosesində geniş yayılmış qüsurlu praktikadan imtina edilməsi, seçki saxtakarlığına son qoyulması;
Xarici ölkələrin daxili işlərinə kobud müdaxilə cəhdlərindən əl çəkilməsi;
Azərbaycan Respublikasına qarşı iftira və qarayaxma kampaniyasından imtina edilməsi, bu cür halların gələcəkdə təkrarlanmasına yol verilməməsi;
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüququn tələblərinə müvafiq birmənalı mövqe nümayiş etdirilməsi, işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq edilməsi, Dağlıq Qarabağdakı separatçı rejimlə bütün əlaqələrin kəsilməsi.
Bunu da qeyd edək ki, Azərbaycan tərəfindən belə bir addımın atılması digər dövlətlər üçün də bir nümunəyə çevrildi. Aydın oldu ki, dövlətçilik ənənəsini qorumaq istəyən hər bir dövlət belə bir addım atmalıdır. Elə qərar layihəsinin müəllifi də bu fikirdədir.
"ABŞ-a qarşı sanksiyaları nəzərdə tutan qərar layihəsi hazırlanmasında bir məna var. Sarkisyanlı, Koçaryanlı ermənilər Azərbaycan ərazilərini işğal ediblər. Amma "qara məni basınca, mən qaranı basım" prinsipi ilə hərəkət edərək bütün dünyaya bəyan edirlər ki, guya Azərbaycanda insan haqları pozulur və Azərbaycanın tərkibində muxtar vilayət kimi yaşaya bilmərik. Bunu da həyata keçirmək üçün Krsitofer Smit kimi amerikalı konqresmeni ələ alıblar və onun vasitəsilə Azərbaycana qarşı qanun layihəsi hazırladıb ABŞ Konqresində qəbul etdirmək istəyirlər. Sonra da deyəcəklər ki, müstəqil düşüncəyə malik Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməzlər. Ona görə biz bunun qarşısını almaqdan ötrü əlimizdən gələn işləri görməliyik. Bunun başqa heç bir mənası yoxdur".
Bunu açıqlamasında ABŞ-a qarşı bəzi sanksiyaların tətbiq olunmasını nəzərdə tutan "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qərar layihəsini müəllifi, Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, bu layihə onun şəxsi təşəbbüsüdür və əsas məqsəd də konqresmen K.Smitin ABŞ Helsinki Komissiyası adından hazırlayıb Konqresə təqdim etdiyi "Azərbaycanda Demokratiya Aktı" adlı qanun layihəsinə qarşı çıxmaqdır: "Əgər insan haqlarının pozulması məsələsi cənab Smiti belə narahat edirsə, əvvəlcə öz dövlətində olan problemlərlə məşğul olsunlar, onları həll edəndən sonra Azərbaycana nəzər sala bilərlər. ABŞ və Azərbaycan dövlətləri arasında münasibətlərinə gəlincə, hazırda heç bir problem yoxdur. Bu, yalnız Milli Məclisin deputatının səlahiyyətinə uyğun olaraq irəli sürülən təşəbbüsdür. Bundan sonra parlamentdə nə olacaq, hökumət bunu necə qəbul edəcək, artıq bunu bilmirəm. Mən "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvüyəm və bu cür məsələlərə biganə qala bilmərəm".
Millət vəkili Azərbaycan kimi kiçik dövlətin ABŞ kimi böyük və güclü dövlətə qarşı çıxaraq ona qarşı sanskiya tətbiq etməsini məsxərəyə qoyanlara da cavab verib:
"Onlara sözüm budur ki, Azərbaycan müstəqil, suveren dövlətdir. Azərbaycan balaca olsa da, böyük gücə malik olan bir dövlətdir. Bu gücü də dövlətə verən onun xalqıdır. Xalq da öz dövlətini, Vətənini qorumağı bacarmalıdır. Nə olsun ki, bir dövlət böyükdür, digəri balacadır. Bu, o demək deyil ki, Azərbaycan öz dövlətini hansısa dövlətin istədiyi kimi idarə edilməsinə imkan verməlidir. Əksinə, Azərbaycan xalqı özü müqəddəratını təyin etməyi bacarmalıdır".