Tanınmış hüquqşünas Aslan İsmayılov Milli Onkoloji Mərkəzlə bağlı maraqlı material paylaşıb.

Unikal.org həmin paylaşımı olduğu kimi təqdim edir:

Bir müddət əvvəl şəxsiyyətinə hörmət bəslədiyim bir nəfər otağıma gəlib sadəcə onu dinləməyimi xahiş etdi. Qardaşının həyat yoldaşının xərçəng xəstəliyinə tutulduğunu, bir həftədir onun müalicəsi ilə bağlı Milli Onkologiya Mərkəzində olduğunu bildirdi. Maddi cəhətdən heç nəyə ehtiyacı olmasa da, orada gödüklərini, xəstələrin durumunu mənə danışdıqca bir neçə dəfə ağladı. Sonda özünün heç bir köməyimə ehtiyacı olmadığını və əgər imkanım olarsa oradakı xəstələrin vəziyyətini az da olsa yüngülləşdirmək üçün bacardığımı etməyimi xahiş etdi. Ona bildirdim ki, özüm gedib vəziyyəti gözlərimlə görmək istəyirəm. Dostumun xətrini çox istəsəm də, vəziyyətin onun söylədiyi qədər acınacaqlı olduğunu təsəvvür etmirdim. Bu gün səhər saat 9.00-da Milli Onkologiya Mərkəzində oldum. Həyətə girişdən ilk baxışla ətrafda olan gözəllik dostumun qərəzli olduğu anlamını verirdi. Xəstəxanaya daxil olanların marşrutu ilə hərəkət etdim. Aydındır ki, oradakı mənzərə normal insanı üzməyə bilməz. Ancaq hərəkət etdikcə xəstələrlə qısa söhbətlər dostumun həqiqəti anlatdığını göstərdi. Ola bilər bəziləri üçün gördüklərim adi gələ bilər. Deməli, onda ya mən insan deyiləm, yaxud belələri insanlıq hisslərini tamam itiriblər.
Birinci gözə çarpan hər yerdə kameraların quraşdırılması oldu. Tibb personalı verdiyim bütün sualları çox şübhə ilə qarşıladı və heç bir sualıma cavab vermədi. Kimyaterapiya aparılan mərtəbələrin birində xəstə ilə söhbət zamanı yaşlı bir tibb bacısı az qala məni - sanki terroristi, güclə oradan uzaqlaşdırdı(foto-8). Bu yaşımda çox təşkilatlarda, o cümlədən qapalılarında da olmuşam, ancaq bu qədər məxfilik, şübhəlilik heç bir yerdə görməmişdim. Hamı, o cümlədən xəstələr də oradakı korrupsiya hallarından danışmağa belə qorxurdular. Mənimlə söhbət edənlər də daim şübhə ilə yan-yörəsinə boylanırdılar. Bəziləri isə mənə "bilmirsən bura kimindir? Səni məhv edərlər deməyi də unutmadılar. Ümumi mənzərədən gözə girən həm də o idi, ki xəstələrin hamısı maddi cəhətdən çox kasıb insanlardır.
İndi isə müəyyən etdiyim, pulsuz deyilən Azərbaycan səhiyyəsində, rüşvət alma, daha doğrusu, boğa-boğa soyulma hallarını diqqətinizə çatdırıram:
1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.
3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.
İnsan əlindən dəhlizlərdə hərəkət etmək mükün deyil. Təxminən 50 kv.m. sahəsi olan, UZİ, qan analizi aparılan otaqda (foto 3) havasızlıq bir tərəfə insanların sanki Bakı avtobuslarındakı kimi sıx dayanmasını soruşduqda xəstələrin birinin mənə "rəhmətliyin oğlu, bizim gördüyümüz cəhənnəmin yanında bu cənnətdir cavabı artıq sözə ehtiyac olmadığını göstərdi. Söhbət etdiyim xəstələr, onların qohumları hamısı bir ağızdan əsas problemin pul olduğunu bildirdilər. Kimisi borca düşdüyünü, kimisi faizlə pul götürdüyünü, kimisi isə evini satıb kirayələrdə qaldıqlarını bildirdi.
Əlbəttə, bir yazıda Milli Onkologiya Mərkəzində baş verən faciəni təsvir etmək olmaz, buna kitablar yazmaq, filmlər çəkmək lazımdır. Mənə yardımçı olan bir nəfər belə faciəni sadəcə görməyin normal insan sağlamlığı üçün təhlükəli olduğunu bildirdi. Keçirdiyim hisslər onun haqlı olduğunu tədiqlədi.

İndi isə Azərbaycan qanunvericiliyindən bəzi normaları Oqtay Şirəliyevin oxuması üçün diqqətə çatdırıram:

AR Konstitusiyasının 41-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. "Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində isə deyilir: "Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır.
Başa düşürəm ki, Oqtay Şirəliyevin, Milli Onkologiya Mərkəzi rəhbərlərinin özlərinin və qohum əqrabalarının dəbdəbəli həyat sürməsi üçün çoxlu pul lazımdır. Ancaq bu pulların ölümlə üz-üzə dayanmış, cəhənnəm əzabı çəkən insanların hesabına əldə etmələrini heç cür başa düşə bilmirəm. Bir də millətin cəhənnəm əzabı çəkdiyi bir mərkəzin adının qarşısında MİLLİ sözünün olmasını ümumiyyətlə anlamadım.