Kiş çayı öz məcrasına qayıtdıqdan sonra artıq Kiş kəndində də həyat öz axarına qayıdıb.

Unikal.org Kanal S-ə istinadən xəbər verir ki, hazırda selin yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı iş aparılır. Çayının məcrasında təmizlənmə işləri aparılır, ərazidə texnikalar çalışır. Kəndə yeni elektirik xətləri çəkilir.

Baş vermiş təbii fəlakət nəticəsində su xətlərinə də çox ciddi ziyan dəyib. Şəkini suyla təmin edən mənbələrə lil dolub və qurğular məhv olub. Nəticədə şəhərə suyun verilişi bir neçə günlük dayandırılıb.

Hazırda Azərsu səhmdar cəmiyyəti aramsız olaraq ərazidə iş aparır. Bu müddət ərzində şəhər ərazisində tikilmiş anbarlarda da təmizlik işləri aparılır.

Əhalini suyla təmin etmək üçün şəhər ərazisində su maşınları işləyir. Azərsudan verilən məlumata görə sabahdan etibarən tam olaraq əhali su ilə təmin olunacaq.

Selin törətdiyi ən böyük ziyan isə 2012-ci ildə istifadəyə verilən Kiş kəndi ilə şəhər mərkəzini birləşdirən körpünün dağılmasıdır. Əraziyə Azəravtoyol ASC-nin mütəxəssisləri də baxış keçiriblər. Kiş çayının üzərindən alternativ yolun salınması işlərinə başlanılıb. Artıq sabahdan etibarən əhali bu yoldan istifadə edə biləcək. Eyni zamanda dağılmış körpünün yenidən bərpası da nəzərdə tutulur.

Kəndi mavi yanacaqla təmin edən borunun yenidən bərpasına isə təmizlənmə işləri başa çatdıqdan sonra başlanılacaq. Azəriqazın məlumatına görə ən qısa zamanda kənd təbii qazla təmin ediləcək. Mütəxəsislər tərəfindən dəymiş ziyanın ümumi həcmi hesablanır.

Qeyd edək ki, artıq Kiş çayında səviyyəsi aşağı düşüb və sabit sululuq müşahidə olunur. Bununla belə hidrometeoroloqlar iyulun 5-dən 9-a dək havaların yenidən qeyri-sabit keçəcəyi, leysan xarakterli yağışların olacağı çaylarda sululuğun artacağı və barədə xəbərdarlqı edir.