Qanunla hüquqi yardımın göstərilməsindən imtina da mümkündür

Hüquqi dövlət quruculuğunun əsas tələblərindən biri də qanunların işlək olması, insanların hüquq-mühafizə orqanlarında, məhkəmə instansiyalarında hüquqlarının qorunmasının təminidir. İttiham olunan şəxslərə hüquqi yardımın göstərilməsi demokratiyanın təməl prinsiplərindən hesab olunur. Öncə qeyd edək ki, Azərbaycan hüquqi dövlət olduğundan, ölkəmizdə qanunların aliliyinin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Bununla yanaşı məhkəmə instansiyaları ilə bağlı islahatların aparılması da hüquqi dövlət olaraq Azərbaycanın bu qəbildən gördüyü işlər sırasındadır. Amma iş ölkə vətəndaşlarının məhkəmə instansiyalarında hüquqlarının müdafiəsi ilə bitmir. Ölkəmizdə həbs olunan xarici ölkə vətəndaşlarının hüquqlarının qorunması, onlara hüquqi yardımın göstərilməsi də demokratik və hüquqi dövlətlər üçün əsas tələblərdən biridi. Ölkəmizdə bununla bağlı "Cinayət işlərinə dair hüquqi yardım haqqında" qanun da var. Bu qanun Konstitusiyamız, cinayət-prosessual qanunvericiliyi, digər qanunvericilik aktları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Hüquqi yardım sorğu verildiyi zaman sorğu edən xarici dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən istintaq edilən və ya məhkəmə baxışında olan cinayətlə bağlı bu qanunun müddəalarına uyğun olaraq müvafiq hərəkətlərin həyata keçirilməsindən ibarətdir. Bu qanun ölkəmizlə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda tətbiq edilir. Sözügedən qanunun 2.1-ci maddəsinin məqsədlərinə uyğun olaraq hüquqi yardımın göstərilməsi ölkəmizin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilən şahid ifadələrinin və izahatların alınması, məhkəmə sənədlərinin təqdim edilməsi, axtarışın və ya götürmənin həyata keçirilməsi,obyektlərin, yaşayış və ya digər sahələrin baxışının keçirilməsi, materialların, məlumatların və ya maddi sübutların verilməsi, ekspert rəylərinin təqdim edilməsi, sənədlərin, bank və maliyyə sənədləri də daxil olmaqla, orijinallarının və ya müvafiq qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsi,şəxsiyyətin və ya yaşayış yerinin müəyyən edilməsi, əmlak barəsində axtarışın həyata keçirilməsi və ya əmlak üzərinə həbs qoyulması, cinayət yolu ilə əldə edilmiş gəlirlərin, əmlakın, cinayət törədilməsi üçün istifadə olunan vasitələrin müəyyən edilməsi, ölkəmizin qanunvericiliyinə uyğun olaraq digər hərəkətlərin həyata keçirilməsi kimi hərəkətlərdən ibarətdir. Bu qanunun müddəaları cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası üçün şəxsin verilməsi, verilməsi məqsədi ilə şəxsin həbs edilməsi və ya tutulması, sorğu edən xarici dövlətin məhkəmələri tərəfindən çıxarılmış qərarların icrasının Azərbaycan Respublikasında təmin edilməsi, cəzasını çəkmək üçün məhkumun vətəndaşı olduğu dövlətə təslim edilməsi, istintaqın aparılması məqsədilə cinayət işləri üzrə icraatın verilməsi zamanı tətbiq edilmir. Qanunla hüquqi yardımın göstərilməsindən imtina da mümkündür. Hüquqi yardımın göstərilməsindən hüquqi yardımın göstərilməsinin ölkəmizin suverenliyinə, təhlükəsizliyinə və başqa mühüm maraqlarına ziyan vuracağını güman etməyə kifayət qədər əsaslar olduqda, hüquqi yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayılan əməllərlə bağlı verildikdə, hüquqi yardımın göstərilməsinə dair sorğu hərbi xidmət əleyhinə cinayət barəsində verildikdə imtina edilir. Həmçinin imtina halları hüquqi yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət hesab edilməyən əməllə bağlı verildikdə, hüquqi yardımın göstərilməsinə dair sorğunun şəxsin irqinə, milliyyətinə, dilinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya cinsinə görə təqib edilməsi məqsədi ilə verilməsini güman etməyə kifayət qədər əsaslar olduqda, hüquqi yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasında istintaq edilən və ya məhkəmə baxışında olan cinayət barəsində verildikdə və həmin sorğunun icrasının təxirə salınması mümkün olmadıqda da mümkündür. Eləcə də, hüquqi yardımın göstərilməsinə dair sorğunun forması və məzmunu bu Qanunun 4-cü maddəsinin tələblərinə cavab vermədikdə bu tətbiq olunur. Hüquqi yardımın göstərilməsindən imtinanın əsasları barədə sorğu edən xarici dövlətə cavab verilir. Hüquqi yardım cinayət işi üzrə Azərbaycanda aparılan istintaqa və ya məhkəmə baxışına maneçilik törədərsə həmin yardımın göstərilməsi təxirə salına bilər. Hüquqi yardımın təxirə salınmasından əvvəl onun ölkəmizin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şərtlərə əsasən göstərilməsi məsələsinə baxıla bilər. Sorğu edən dövlət bu şərtlərlə razılaşdıqda hüquqi yardım göstərilə bilər. Sorğunun icrası qaydasına gəlincə, ölkəmizin müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanı hüquqi yardım haqqında sorğunu Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icra edir. Yəni, Azərbaycanın müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanının hüquqi yardım barədə sorğuya baxmaq səlahiyyəti olmadıqda o, həmin sorğunu səlahiyyətli orqana göndərir və bu barədə xarici dövlətin səlahiyyətli orqanına məlumat verir. Sorğu edən xarici dövlətin müvafiq orqanının rəsmi nümayəndələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanının razılığı ilə hüquqi yardım haqqında sorğunun icrasında iştirak edə bilərlər. Burada məxfiliyin təmin edilməsi məsələsi də öz əksini tapıb. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanı sorğu edən xarici dövlətin səlahiyyətli orqanının xahişinə əsasən hüquqi yardımın göstərilməsi haqqında sorğunun mövcudluğunun, sorğunun və ona əlavə edilən sənədlərin məzmununun, hüquqi yardımın göstərilməsinin məxfilyini təmin edir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanı sorğunun məxfiliyini təmin etməklə onun icrasını qeyri - mümkün hesab etdikdə xarici dövlətin səlahiyyətli orqanına bu barədə məlumat verir. Xarici dövlətin səlahiyyətli orqanı sorğunun belə olan hallarda icrasına razılıq verərsə, hüquqi yardım müvafiq sorğu əsasında göstərilə bilər. Ölkəmizin ərazisində olan şəxsin hüquqi yardım haqqında xarici dövlətin sorğusuna əsasən cinayət işi üzrə ifadə verməsi üçün həmin şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanı tərəfindən çağırılır və bu barədə ona məlumat verilir. Bu Qanunun 8.1-ci maddəsində göstərilən şəxslər xarici dövlətdə istintaq edilən və ya məhkəmə baxışında olan analoji iş üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ifadə verməkdən imtina hüququ olduqda ifadə verməkdən imtina edə bilərlər. Bura istintaq edilən və ya məhkəmə baxışında olan iş üzrə xarici dövlətin qanunvericiliyinə əsasən ifadə verməkdən imtina hüququnun olması da aiddir. Bu Qanunun 8.3-cü maddəsinin müddəaları hüquqi yardım göstərilməsindən qırx beş gün sonra xarici dövlətin ərazisini tərk etməyən və ya həmin ərazini tərk etdikdən sonra oraya könüllü qayıdan şəxslərə şamil olunmur. Qanunun 9-cu maddəsi isə hüquqi yardım haqqında sorğuya əsasən həbsdə olan və ya azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərin təslim edilməsinə aiddir. Azərbaycan Respublikasında həbsdə olan və ya azadlıqdan məhrüm etmə cəzasına məhkum edilmiş şəxslər şəxsiyyətin müəyyən edilməsi, ifadə verməsi və ya istintaq edilən yaxud məhkəmə baxışında olan cinayət işi üzrə başqa hüquqi yardımın göstərilməsi məqsədi ilə Azərbaycan qanunvericiliyi ilə qadağan olunmayan hallarda həmin şəxslərin razılığı olduqda onlar bu maddədə müəyyən edilən məqsədlər üçün xarici dövlətə təslim edilə bilərlər. Bu Qanunun 9.1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanının tələbinə əsasən xarici dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən həbsdə saxlanılmalıdırlar. Bu Qanunun 9.1-ci maddəsində göstərilən şəxslər cinayət işi üzrə icraatın gedişində müvafiq prosessual hərəktələr yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə əvvəlcədən razılaşdırılmış müddətdə ölkəmizə qaytarılmalıdırlar. Belə şəxslərin qaytarılması üçün xarici dövlətin müvafiq səlahiyyətli orqanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından verilmə haqqında icraatın başlanılmasını tələb edə bilməz. Bu Qanunun 9.1-ci maddəsində göstərilən şəxslər hüquqi yardımın göstərilməsi üçün təslim edilmələrindən əvvəl törətdikləri əməllərə görə cinayət təqibinə məruz qala bilməzlər. Xarici dövlətin müvafiq səlahiyyətli orqanı məlumatlandırılır və həmin qaydalara uyğun olaraq şəxsi qəbul etməyə yazılı şəkildə razılığını bildirdikdən sonra müvafiq şəxslər hüquqi yardım göstərilməsi məqsədi ilə təslim edilə bilər. Hüquqi yardımla bağlı təslim edilən şəxsin xarici dövlətdə olması müddəti onun cəza çəkmə müddətinə daxil edilir. Həmin şəxsin təhlükəsizliyinə gəlincə, bu Qanunun 8-ci və 9-cu maddələrində göstərilən şəxslər barəsində onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və ya başqa səlahiyyətli orqanının tələbinə əsasən xarici dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən müvafiq tədbirlər görülməlidir. Yəni ölkə ərazisini tərk etməzdən əvvəl törətdiyi əməllərlə bağlı heç bir məcburi tədbirlərə məruz qala, razılıqları olmadan digər cinayət işi üzrə prosessual hərəkətlərin icrasına cəlb edilə bilməzlər.