2015-ci

AXCP sədrinin iflasına yol açmış səbəblər toplusuna baxış

Son günlərini yaşadığımız 2015-ci il siyasi həyatımızda zəngin hadisələrlə yadda qaldı. Onlardan biri isə ölkədəki radikal müxalifətin tamamilə sıradan çıxması və iflasıdır. 2015-ci il xüsusilə də AXCP sədri Əli Kərimli üçün düşərli olmadı. O siyasi ömrünün sonuncu ilini yaşadı, artıq bu "siyasi meyid"in nə zamansa diriləcəyinə isə ümid belə qalmayıb. Bu yazımızda məqsəd AXCP sədrinin iflasına yol açmış səbəblər toplusuna nəzər salmaqdır. Beləliklə...

Başındakı azsaylı dəstəni belə idarə edə bilməyən Əli Kərimli artıq aqoniya vəziyyətindədir. Bunu etiraf etməsə də, real görüntü budur. Bu vəziyyətdən çıxmaq üçün bütün üsullardan istifadəyə cəhd edir.
Hələ mərhum AXCP lideri Əbülfəz Elçibəyin sağlığında belə mənəviyyatsız addımlardan çəkinməyən Əli Kərimli yenə də öz ampulasındadır. Onu 28 yaşında dövlət katibi edən, sonradan qolundan tutaraq siyasi karyera qurması üçün bütün mümkün olanı edən Elçibəyi belə təhqir etdirməkdən çəkinmirdi. Elçibəy haqqında ağlasığmaz təhqirlərə rəvac verir, tərəfdarlarını bunu etməyə məcbur edirdi. Özünə yaxın mətbuat orqanlarında muzdlu "mirzələrinə" ən ləyaqətsiz və çirkin böhtanları yazdırırdı. Vərdiş pis işdir. İndi də öz məhdud qrupunda vərdişini sürdürür. Öz qrupunun fəallarına qarşı çirkin oyunlar oynayır, dəstədə qrupbazlıq edir, insanları üz-üzə qoyur.
Artıq sonuna bir neçə gün qalmış 2015-ci il Əli Kərimli üçün düşərli olmadı. "Yurd" lideri önəmli adamlarını,elektoratın böyük hissəsini itirdi.
AXCP demək olar ki, əlindən çıxdı. Təkcə hüquqi varisliyi qalır ki, çox güman məhkəmənin sonucu olaraq bunu da qarşıdan gələn 2016-cı ildə itirəcək. Çünki partiyanın böyük əksəriyyəti Razi Nurullayevin rəhbərliyi ilə keçirilən Etimad Qurultayında iştirak etdi.
Bundan başqa Əli Kərimlinin ən sadiq adamlarından olan Əbülfəz Qurbanlı onu tərk etdi. Sabiq sədrin müşaviri Sahib Kərimov nominal olaraq "Yurd"da qalır. Ona qarşı tam bir etimadsızlıq mühiti var, onu hər an qruplaşmadan qova bilərlər. Hər iki şəxs açıq və dolayısı ilə Əli Kərimlinin bu qrupu fərdi maraqlarına qurban verməkdə, qrupbazlıqda, mənfəətpərəstlikdə suçlamışdı.
Ona görə də tam mənasıyla demək mümkündür ki, 2015-ci il Əli Kərimlinin ifşa ili oldu. İnsanlar bu adamın iç üzünü bir daha gördülər və böyük əksəriyyət qərarını verib, onunla eyni düşərgəni bölüşməkdən imtina etdi.
Bütün itirdiklərinə, yəni "ayıbına kor olmaq əvəzinə" Əli Kərimli hələ də oyunbazlığını, mənfəətpərəstliyini davam etdirir. Onun budəfəki qurbanı yanında qalmış beş-on nəfər sadəlövhdür. Əli Kərimli bu gün də öz şəxsi maraqlarına uyğun olaraq adamları dövlətlə (hakimiyyətlə yox!!-müəllif) üz-üzə qoyur, həbsə atdırır, onların hüquqlarını müdafiə adı altında qrantlar alır. Bu gün həbsdə olan bütün cəbhəçilər birbaşa onun "cibxərcliyidir", qurbana çevirdiyi adamlardır.
Kərimlinin hələlik son qurbanı Nardaran hadisələri zamanı xərclədiyi, vəsaitə çevirdiyi, radikal status yazmağa vadar etdiyi Fuad Qəhrəmanlıdır. Fuad Qəhrəmanlı indi onun üçün bir nömrəli qazanc mənbəyidir. Əslində cavan və təcrübəsiz Qəhrəmanlının türməyə getməsi Əli Kərimliyə iki məsələyə görə lazım idi. Birincisi, özündən əzabkeş obrazı yaratmağa, ikincisi isə "siyasi məsələlər üzrə müavinimi də həbs etdilər" deyə yeni maliyyə kanalı əldə etməyə.
Mənəviyyatını itirmişlərdən hər şey gözləməyə dəyər. Onlar üçün müqəddəs nəsə yoxdur. Siyasi ehtiras, mənfəət bütün əxlaqi kriteriyaları geridə qoyur. Bu prinsipi həyat kredosuna çevirən Əli Kərimli öz şəxsi maraqarından ötrü insanların ailəsini dağıdır, ailələr daxilinə, qohumlar arasına nifaq salır, onları düşmənə çevirir. Daha dərin nüanslara toxunmadan ən adi nümunə Qənimət Zahidlə qardaşı Mirzə Sakitin münasibətlərində Əli Kərimlinin hesabına yaranan problemdir. Amma digər həmfikirlərinin başına elə oyunlar gətirib ki, yazmağa belə adamın əli gəlmir.
Siyasi rəqabəti şəxsi düşmənçiliyə, qisas hissinə çevirmiş bu adamın cəmiyyət üçün olduqca təhlükəli olması bizim, yaxud bir kimsənin ona münasibətindən irəli gəlmir, özünün əməllərindən görünür. Bu gün siyasi maraqlarından ötrü atanı balaya qarşı qoyan, oğulu ailəsinə qarşı çıxmağa vadar edən bu adam əlində imtiyaz, hakimiyyət olarsa, ölkədə asanlıqla vətəndaş müharibəsi də törədə bilər. Əslində Azərbaycan cəmiyyəti bütünlükdə, siyasi cameə millət və dövlət naminə bütün mənəvi ölçüləri itirmiş bu adamla öz yollarını ayırmalıdır.
Bu düşüncədə olan siyasi bəlanın müxalifətdən, bütövlükdə siyasətdən uzaqlaşdırılması mənəvi mühitin qorunub saxlanmasına, siyasətdə əxlaqın önə çıxmasına ən böyük xidmət olardı.
Elvin Rüstəmov