Yer orbitində kosmik tullantıların həcmi getdikcə artmaqdadır. BBC Future redaksiyasının müxbiri missiyasını başa vurmuş süni peyklərin yerə düşərkən nəyin baş verdiyini öyrənməyə çalışıb. Bu problemi Almaniya alimləri araşdırırlar.

Tədqiqatda iştirak edən Sebastian Villems Köln şəhərindəki Aviasiya və Kosmonavtika mərkəzində (DLR) müxtəlif sınaqlar keçirir. Onlardan biri peykin orbitdən çıxmasını nəzərdə tutur.

"Yer kürəsi ətrafında çox sayda peyklər dövr edir. Onların hamısı gec, ya tez orbitdən çıxacaq".

"Atmosferə giriş vaxtı kosmik aparatlar dağılır. Bizi maraqlandıran odur ki, onların parçalarının bütöv qalması ehtimalı nə qədər böyükdür".
Bəs, görəsən, həmin hissələr yerə düşə bilərmi?
Bu suala cavab tapmaq üçün tədqiqatçılar peykin Yer atmosferinə daxil olduğu anları imitasiya etməlidirlər.
Bu məqsədlə içində saatda 3000 km sürətlə hava axını olan boruya müxtəlif obyektlər atılır.

"Biz obyektlərin sərbəst düşmə şəraitində necə hərəkət etməsini izləmək üçün onları hava axınına yerləşdiririk", - Villems deyir.
Sınaq cəmi 0,2 saniyə davam edir. Bu zaman kəsiyində qeydlər aparılıb, şəkillər çəkilir. Növbəti mərhələdə əldə olunan məlumatları kompüter təhlil edir.
Yer kürəsi ətrafında yarım milyon süni obyekt dövrə edir. Onlardan bəziləri çox xırda, digərləri isə avtobus böyüklüyündə fraqmentlərdir.

Müntəzəm olaraq Yer orbitindən istismarı başa çatmış obyektlər çıxarılır, İngiltərənin cənubundakı Southampton Universitetinin professoru Hugh Levis deyir.
"Adətən hər 3-4 gündən bir atmosferə yeni obyekt daxil olur. Bu problem hələ uzun müddət ərzində öz aktuallığını itirməyəcək".
Atmosferə daxil olan obyektlərin bir çoxu təzyiq və yüksək temperatur nəticəaində dağılsa da, bəzən iri qırıntılar yerə çatır.
Buna görə istismarı dayandırılmış peykləri orbitdən okean üzərlərində çıxarırlar.
Lakin bu, bəzən planlaşdırılmamış şəkildə də baş verə bilər.
Misal olaraq, Amerikanın UARS peykilə bağlı 5 il əvvəl baş verən insidenti gətirmək olar.
NASA-nın dəyərləndirməsinə görə onun yerə düşərək dağıntılara səbəb olma ehtimalı 2500-də 1-ə bərabər olub. Bu, olduqca yüksək nisbətdir, Levis deyir.
Kosmosa peyk göndərməyin dəyəri düşdükcə orbitdə dolaşan obyektlərin sayı da artacaq. Bu isə potensial problemin həllini daha da aktual edir.