Lənkərana qonaq gələn Cəlilabad sakinini arı xəstəxanalıq etdi.

CTV (Region TV) xəbər verir ki, hadisə bu gün səhər saatlarında Lənkəranın Səpnəkəran kəndində qeydə alınıb.

Cəlilabad rayonun Qarazəncir kənd sakini 25 yaşlı Kamil Həsənov qonaq gəldiyi qohumlarının həyətyanı sahəsində gəzişərkən qəfildən arı onu sancıb. Arı sancdıqdan sonra huşunu itirən gəncə yaxınları tərəfindən ilkin yardım olunub. Daha sonra Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub. 
Hadisə yerinə həkim briqadası gəlib, ona allergiya və şok əleyhinə iynələr vurulub. Göstərilən yardımdan sonra özünə gələn Kamil Həsənovun vəziyyəti yenidən pisləşdiyindən tibb işçiləri onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdıraraq reanimasiya şöbəsinə yerləşdiriblər. Bədəninin ayrı-ayrı yerlərində səpkilər əmələ gələn zərərçəkmiş müayinə edilib. Məlum olub ki, onu bal arısı deyil, eşşək arısı sancıb. Hazırda xəstənin vəziyyəti orta-ağırdır.