"Bütün dünya belə Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa inandıra bilməz". Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Livanın "Əl-Mayadin" telekanalına müsahibəsində deyib.

Unikal.org musavat.com-a istinadən bildirir ki, Sarkisyan deyib ki, Qarabağın statusunu - müstəqil dövlət olmasını və ya Ermənistana birləşməsini qəti olaraq "Qarabağ xalqı" müəyyən etməlidir.

Sarkisyan deyib: "Mənim üçün hər şeydən mühümü Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təminatıdır. İnsanlar min illərlə yaşadıqları tarixi vətənlərində yaşamaq imkanına malik olmalıdırlar. Bu təhlükəsizliyi isə yalnız Azərbaycanın tərkibindən kənarda olduqda təmin etmək mümkündür. Əgər hansısa bədlikdən Dağlıq Qarabağ lap bircə günlüyə Azərbaycanın tərkibində olsa, orada bir erməni qalmayacaq. Hətta indi bütün dünya belə Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa inandıra bilməz, mümkün deyil. İnsanlar razılaşmazlar. Söhbət gücdən getmir. Güc tətbiq edərək qarabağlı erməniləri məhv etmək olar, amma Azərbaycanın tərkibində yaşamağa inandırmaq olmaz. Azərbaycan rəhbərliyi bunu anlamalıdır. Əsas məsələ budur: bu insanları heç bir şəkildə Azərbaycanın tərkibində saxlamaq mümkün deyil".

Sarkisyan erməni əhalisinin min illərlə Dağlıq Qarabağda yaşadığını, ancaq sovetləşdirmə zamanı vilayətin zorla Azərbaycana birləşdirildiyini qeyd edərək deyib: "Naxçıvanı da belə etdilər. Bu gün orada bir erməni belə qalmayıb. Orada erməni mədəniyyəti tamamilə məhv edilib".

Sarkisyan deyib ki, Qarabağ münaqişəsinin tənzimlənməsini Cənubi Qafqazın kiçik bir region olmasına baxmayaraq, burada müxtəlif maraqların kəsişməsi daha da mürəkkəbləşdirir. Bu maraqlar münaqişəyə təsir göstərməyə bilməz.

"Əminən ki, danışıqlar prosesinə vahid yanaşma mümkün olsa, həll yolu tapılar. Ancaq dünya inkişaf edir. Elə bir regional problem yoxdur ki, digər ölkələr ona öz milli mənafeləri prizmasından baxmasınlar", - Sarkisyan deyib.