Məhkəmə qərarına əsasən, mərhum xalq artistiİlhamə Quliyevanın mirası bacıları Gülbahar və İradə Quliyevalara qalıb. Unikal.org bu məsələylə əlaqədar İ. Quliyevanın bacısı Gülbahar QuliyevanınLent.az-a verdiyi müsahibəni təqdim edir:

- İlk öncə məhkəmənin yekun qərarı barədə danışardınız.

- Biz məhkəməyə müraciət etməmişik ki, İlhamənin nəyi varsa, bizə qalsın. Xeyir, biz öz varisliyimizi irəli sürmüşük. İlhamənin qanuni varisləri olduğumuzu sübut etmək üçün bunu etdik. İlhamə kimsəsiz deyil axı. Onun bacıları, qardaşları və qohumları var. İndi yad adamlar deyirlər ki, İlhamənin bacısıyıq. Halbuki, İlhamənin evinə 3-5 dəfə ayaq vurublar. İndi onlar mirasda maraqlıdırlarsa, biz niyə olmamalıyıq? İlhamənin şəhid qardaşının balaları var, onlar kirayə qalırlar. Bundan başqa İlhamənin rəhmətə gedən bacısının balaları var. Onlar da kirayədədir. Evləri yoxdur. Hansı ki, bu adamlar hər zaman İlhamənin yanında olublar. Mənim qardaşımın həyat yoldaşı gecə-gündüz İlhamənin qulluğunda durub. Bunu hər kəs bilir. İndi hər yerindən duran bizim ailə barədə əsassız açıqlamalar verir.

-İlhamə Quliyevanın oğulluğu hesab edilən Orxan Nadirov açıqlama verərək bildirib ki, məhkəmə qərarı həqiqəti əks etdirmir.

- Qərar barədə başqa nəsə demək istəmirəm. Mən də bu qərarı mətbuatdan oxumuşam.

- Bir çoxları söylədi ki,İlhamə Quliyevasağ olanda bacıları yanında yox idi, dünyasını dəyişəndən sonra miras davasına çıxıblar...

- İndi deyəcəm, bunu da olduğu kimi verin. Necə olur ki, Tükəzban xanım dünyasını dəyişəndə onun bütün cümə axşamları mənim İradə bacımın evində keçirilib. Şou aləmində olan adamlar da İlhaməyə başsağlığı vermək üçün İradə bacımın evinə gediblər. Biz İlhamənin yanında olmamışıq ? Necə olur ki, İlhamə topuğundan zədə alanda ona gips qoymuşdular, üç ay mənim evimdə qaldı. Bəs həmin vaxt o danışan adamlar harda idi?

-İlhamə Quliyevailə küsülü olduğunuzu deyirdilər....

- Bəli, aramızda anlaşılmazlıqlar olub. İlhamənin xarakterini hamı gözəl bilirdi. Bir az kaprizli qadın idi. Aramızda küsülülük də olub. Ailəyik, ana ilə bala arasında da küsülülük olur. İndi İlhamənin mənim barəmdə dediyi sözləri qoyublar "Youtubeyə. Bacım əsəbi insan idi. O çıxışından sonra mənə zəng elədi, dedi ki, "Gülya, mən əsəbi olmuşam, çaşmışam, elə sözlər demişəm, amma sən çaşma. O sözləri deyib, yaxşı edib. Mənim nə haqqım var ki? O mənim böyük bacım olub. Mən heç bir zaman İlhamənin üzünə ağ olmamışam. İndi bu məsələləri müzakirə edənlər utanmır?

- Orxanın vəkili Habil Vəliyev də bu mövzuyla bağlı mətbuata bir sıra açıqlamalar verib.

- Habil kimdir ki, bizim ailənin söhbətin edir? Vəkildirsə, vəkilliyini etsin. Mənim ona etirazım da yoxdur. Mənim kimi Orxan da özünə vəkil tutub. Yaxşı edib.

- Əli Mirəliyevin qızı Samirənin mətbuata verdiyi açıqlamaları oxumusunuz?

- Onlar nə deyirlər, mən bilmirəm. Mən sadəcə canımla əlləşirəm. Yazı-pozuları mənə maraqlı da deyil. Ümumiyyətlə, onlar bizdən nə istəyirlər? Bizə nə veriblər ki, ala bilmirlər? Axı bizim kimsəylə işimiz yoxdur. Bəli, mən miras üçün məhkəməyə müraciət etmişəm. Bəziləri deyirlər İlhamənin mirası kimsəsizlərə qalsın. Başa düşə bilmirəm ki, İlhamə "bomj idi ki? Evi olmamalı idi?

- Mirasda maraqlı olduğunuzu açıqlayandan sonra Orxanla danışığınız olub?

- Yox, mənə zəng etməyib. Orxan hər zaman mənim evimə gələrdi, zəng edərdi. Onunla mənim münasibətlərim hər zaman yaxşı olub. Amma İlhamənin 40 mərasimindən sonra nə mən, nə də bacım onu görməmişik. O bizdən kənara çəkilib, gedib özünə vəkil tutdu. Mən də onun qabağını kəsə bilmərəm.

- Bundan sonra sizə müraciət etsə necə?

- Niyə müraciət edir ki? Bu qərarı mən yox, hökumət çıxarıb. İlhamənin xanımın mirasının tək sahibi mən deyiləm.

- Əlavəniz varmı?

- Mən mediaya açıqlamaq vermək istəmirəm. Bu son müsahibəm olacaq. Daha jurnalistlər məni narahat etməsin. Şou adamı deyiləm. Mən yeddi dəfə əməliyyat olunmuş bir insanam. Düz 24 saat narkozda qalmışam, onkoloji qeydiyyatda olan adamam. Ağır şəkər xəstəsiyəm, tək qadınam, yetim övlad böyüdürəm. Bəs bunu niyə deyən yoxdur? Artıq bəsdir İlhamədən danışdınız. İndi deyirlər ki, İlhamənin mirasını bacıları yeyəcək. Nəyi yeyəcəyəm mən? Mənim özümə görə maşınım, bağım da var. Amma indi mən çalışıram ki, İlhamənin bu mirası qardaşımın, bacımın yetim uşaqlarına qalsın. Niyə də yox?