Xəbər verdiyimiz kimi, yeni elan olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev dünən Azərbaycanda yol polislərinin ləğvi ilə bağlı ölkə başçısına müraciət ünvanlamışdı.

Partiya sədrinin iddialarına tanınmış hüquqşünas Ərşad Hüseynov cavab verib

Unikal.org Avtosfer.az saytına istinadən ekspertin müshaibəsini təqdim edir:

DYP-də müəyyən islahatlar olmalıdır

- Ərşad müəllim, yol polisi ilə bağlı səslənmiş son təklifi necə qiymətləndirirsiniz? Ümumiyyətlə, Azərbaycanda yol polisinin fəaliyyətinə münasibət necədir?

- Əgər xatırlayırsınızsa, buna bənzər təkliflər əvvəllər də səslənib. Düşünürəm ki, bu məzmunlu radikal təkliflər məsələnin tam təfərrüatlı təhlili aparılmadan, bu qurumun cəmiyyət üçün, ictimai təhlükəsizlik üçün vacibliyi nəzərə alınmadan, onun reallaşacağı təqdirdə hansı nəticələrin doğuracağı proqnozlaşdırılmadan səslənir. Təxminən belədir: kimlərsə konkret DYP əməkdaşlarının fəaliyyətindən narazı qalır, bu narazılığı bütövlükdə həmin sistemin qiymətləndirilmə meyarına çevirir və dərhal nəticəyə gəlir ki, məsələnin həlli üçün DYP bütövlükdə ləğv edilməlidir. Şübhəsiz ki, belə yanaşma normal sayıla bilməz. DYP-nin xidmətində ayrı-ayrı qüsurların olması, hərdən ictimai marağa səbəb olan faktların aşkar olunması bütövlükdə bu quruma kölgə salmamalıdır. Hesab edirəm ki, dövlət mexanizminin bütün sahələrində olduğu kimi, DYP-də də müəyyən islahatlar olmalıdır. Amma ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin indiki səviyyəsini və cəmiyyətimizin yol hərəkəti qaydalarına münasibətini nəzərə aldıqda aydın olur ki, DYP-nin ləğvindən söhbət gedə bilməz. İnsanlar arasında apardığımız müşahidələr də göstərir ki, əksər vətəndaşlarımız öz gündəlik həyatlarını yol polisi olmadan təsəvvür etmirlər. Baxın, yolların müəyyən yerində tıxac yaranan kimi, kimlərsə avtomobillə ədəbsiz hərəkətlər edən kimi, yollarda xətlər pozulduqda, nişanlar olmadıqda, hətta bəzən yolda çalalar göründükdə ilk yada düşən Dövlət Yol Polisi olur. Çünki 80 il ərzində formalaşmış yanaşmaya əsasən, cəmiyyətimiz yol polisini yollardakı təhlükəsizliyin, bir yerdən digər yerə salamat gedib-gəlmənin qarantı kimi görür. Ona görə də, bəzi insanların fərqli yanaşmasına baxmayaraq, cəmiyyətimiz üçün Dövlət Yol Polisinin səmərəli fəaliyyəti çox vacibdir.

ABŞ-da yol polisi yoxdur

- Bəzi ölkələr nümunə gətirilərək Azərbaycanda da yol polisinin ləğv edilməsi və onun funksiyalarının başqa orqanlara verilməsi fikri səslənir. Buna münasibətiniz necədir?

- İstərdim ki, bir məsələni xüsusi vurğulayım: dünyanın demək olar ki, bütün dövlətlərində yol hərəkəti təhlükəsizliyinə yüksək səviyyədə nəzarət olunur. Ölkələr arasında bu nəzarətə əsasən iki yanaşma var:
1) həmin nəzarətin ixtisaslaşmış qurum, yəni yol polisi (trafik polisi və s.) tərəfindən həyata keçirilməsi;
2) bu nəzarətin ümumi polis orqanları tərəfindən həyata keçirilməsi.

Dünya ölkələrinə diqqət etsək, əksər ölkələrdə yol hərəkəti təhlükəsizliyinə nəzarətin ixtisaslaşmış qurum tərəfindən həyata keçirildiyini görərik. Ukrayna, Gürcüstan, ABŞ və bir sıra bu kimi dövlətlərdə yol hərəkəti təhlükəsizliyinə nəzarəti ümumi polis orqanı həyata keçirir. Əslində, bu variantda həmin nəzarəti icra edən polisin səlahiyyəti daha genişdir, çünki bu polis qurumu sadəcə yol hərəkətinə nəzarət etmir, həm də ictimai asayişin digər istiqamətlərdə qorunmasında da iştirak edir. Maraqlısı odur ki, yol hərəkəti təhlükəsizliyinə nəzarəti xüsusi qurum həyata keçirən ölkələrdə təhlükəsizlik səviyyəsi daha yüksəkdir. Məsələn, ABŞ-da yol polisi yoxdur və yollara adi polis naryadları nəzarət edir. Amma statistikaya baxanda yol hərəkəti təhlükəsizliyi səviyyəsinə görə ABŞ inkişaf etmiş ölkələr arasında ən pis göstəriciyə malikdir. Əgər Avropada hər yüz min əhaliyə nisbətdə yol-nəqliyyat hadisələrində il ərzində ölənlərin sayı 4-6 nəfərdirsə, ABŞ-da bu rəqəm 12-15 arasındadır. Mütəxəssislər xüsusi vurğulayırlar ki, ABŞ-da təhlükəsizlik səviyyəsinin belə pis olmasının əsas səbəblərindən biri ən çox avtomobilin olduğu bu ölkədə yollarda ixtisaslaşmış polis nəzarətinin olmamasıdır. Məncə, bu fakt yetərlidir ki, ölkəmizdə yol polisinin ləğvi fikrini bəyənməyək. Sadəcə olaraq, yol polisinin işini bir qədər də təkmilləşdirmək lazımdır.

DYP-nin yollarda olması təhlükəsizlik baxımından çox önəmlidir

- Yol polisi qəzaların və qayda pozuntularının qarşısının alınmasında nə kimi rol oynayır? Sizcə, yol polisi olmasa yollarımızda hansı mənzərə yarana bilər?

- Sualınıza cavab olaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində hər il qlobal yol hərəkəti təhlükəsizliyi ilə bağlı hesabatı və dünya ölkələri üçün tövsiyyələri xatırlatmaq istərdim. BMT-nin həmin sənədlərində hər il xüsusi vurğulanır ki, dünyada baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının əsas yollarından biri yol hərəkəti təhlükəsizliyinə səmərəli nəzarətdir. Belə nəzarəti isə aydındır ki, yol polisi həyata keçirir. Səmimi etiraf etməliyik ki, bizim kimi yol hərəkəti mədəniyyətinin o qədər də yüksək olmadığı cəmiyyətlərdə polisin nəzarəti daha önəmlidir. Sadə bir misal çəkim: bəzən sürücü müraciət edir ki, eyni bir yerdə 15-20 dəfə kamera vasitəsilə qayda pozduğum qeydə alınıb. Belə çıxır ki, bəzi sürücülər hətta kameralara və başqa texniki vasitələr də qeyri-ciddi yanaşırlar. Amma yolda canlı DYP əməkdaşını, patrul avtomobilini görən ən intizamsız sürücü də özünü yığışdırır. Deməli, DYP-nin sadəcə yollarda olmasının özü təhlükəsizlik baxımından çox önəmlidir. Bu gün baş verən ağır yol-nəqliyyat hadisələrinə təfərrüatlı diqqət etsək görərik ki, onların əksəriyyəti həmin vaxt DYP nəzarətinin olmadığı yol sahəsində baş verib. Şəxsən mən sürücü kimi respublika əhəmiyyətli yollarda olarkən həmişə müşahidə edirəm ki, patrul avtomobilinin olduğu sahədə heç kəs qayda pozmur, amma bəzi sürücülər ətrafda polis görmədikdə ağıllarına gələni edirlər. Bu da bəzən ağır nəticələrə gətirib çıxarır. Bir sözlə, bu gün Azərbaycan yollarını yol polisi olmadan təsəvvür etmək mümkün deyil. Əgər yol polisi olmasa, təhlükəsizlik barədə bəsit təsəvvürə malik sürücülərimiz özlərini və özləri ilə bərabər yüzlərlə günahsız insanı məhv edərlər. Rəsmi statistika da göstərir ki, son illər ölkəmizdə yol qəza hadisələrinin göstəriciləri xeyli azalıb. Sözsüz ki, bunda Dövlət Yol Polisinin böyük rolu var.

Ən yaxşı çıxış yolu texniki nəzarət vasitələrini artırmaqdır

- Yol polisinin fəaliyyətində nə kimi yeniliklər etmək olar?

- Yəqin müşahidə etmisiniz ki, DYP-nin fəaliyyətini ən çox tənqid edən, müəyyən məsələlərlə bağlı iradlar bildirən adamlardan biri də mənəm. İstər kütləvi informasiya vasitələri ilə, istərsə də təkbətək görüşlərimizdə müəyyən fikirləri səsləndirəndə görürük ki, həmin problemlər DYP orqanlarının rəhbər işçilərinin özlərinə daha yaxşı məlumdur. Bu problemlərin həlli istiqamətində addımların atıldığını da görürük. Yəqin izləmisiniz, hər il xeyli sayda DYP əməkdaşı xidmətdən kənarlaşdırılır, müxtəlif intizam tənbehlərinə məruz qalır. Bundan başqa, bu xidmətin texniki tərəflərinin də yaxşılaşdırılması üçün işlər görülür. Bununla belə, düşünürəm ki, DYP-nin fəaliyyətinə aid bəzi xarakterik məqamlara daha ciddi diqqət yetirilməlidir. Əsas üç istiqaməti vurğulamaq istərdim:

1. Əməkdaşların hərəkət iştirakçıları ilə davranışının daha da təkmilləşdirilməsi və bunun ciddi hüquqi çərçivədə saxlanması. Baxın, DYP-nin fəaliyyəti çox mürəkkəb və çətindir. Cəmiyyət onun yalnız üzdə olan hissəsini görür. Məsələn, sürücünü saxlayan DYP əməkdaşı özünü ona lazımi qaydada təqdim etmədən "Sənədlərini ver, ə deyə müraciət edir. Bunu müşahidə edən vətəndaşın gözündə kobud insan obrazı yaranır və o, DYP-nin cəmiyyətin görmədiyi ağır əməyini, sutkada 12 saat xidmətini xatırlamadan yalnız bu kobudluğu yadda saxlayır. Şübhəsiz ki, belə olmaz. Tək-tək əməkdaşların sərgilədiyi belə davranış bütövlükdə yol polisi haqqında təəssürata səbəb ola bilər. Ona görə də əməkdaşların hərəkət iştirakçıları ilə davranışında nəzakət elementləri yüksək olmalıdır.

2. DYP-nin fəaliyyətində hüquqi bazanın möhkəmləndirilməsi, əməkdaşların hüquqi biliklərinin daim yenilənməsi. Hərəkət təhlükəsizliyinə nəzarət edən yol polisi bu sahədəki qanunvericiliyi mükəmməl bilməli və hərəkət iştirakçıları ilə yalnız qanun çərçivəsində davranmalıdır. Əgər hər şey qanunda yazılan kimi icra olunsa, heç kəsdə əlavə sual yarana bilməz. Amma bu da müəyyən zaman və xüsusi yanaşma tələb edir. Məsələn, hərdən konkret DYP əməkdaşlarının hüquqi məsələlərdə çətinlik çəkdiyini görəndə irad bildirirəm ki, niyə bunu yaxşı öyrənmirsiniz? Demək olar ki, əməkdaşın cavabı həmişə eyni olur: səhər saat 6-dan axşam saat 8-dək, bəzən hətta 10-dək xidmətdə oluram, qanundakı dəyişikliyi nə vaxt oxuyum? Təbii ki, belə də doğru deyil. Dünyanın hər yerində işçinin işgüzarlılıq qabiliyyətini normal səviyyədə saxlamaq üçün onun əmək və istirahət rejiminə ciddi riayət edilməlidir. Lazımi müddətdə istirahət edə bilməyən istənilən adam aqressivliyə və kobudluğa meylli olur, konkret məsələlərin həllində çətinlik çəkir. Bu isə bəzən cəmiyyətdə rezonans doğuran faktlara gətrib çıxarır.

3. Yol hərəkəti təhlükəsizliyinə nəzarət edən xüsusi texniki vasitələrdən daha səmərəli istifadə edilməsi. İnkişaf etmiş ölkələrdə yol polisinin fəaliyyəti elə qurulub ki, onlar yollarda o qədər də çox görmürlər. Əməkdaş vaxtının çox hissəsini ofisdə keçirir. Yollara nəzarət isə kameralar və radarlar vasitəsilə həyata keçirilir. Özü də yolda xırda bir gərginlik yarananda, qəza baş verəndə dərhal polis peyda olur və müdaxilə edilir. Düşünürəm ki, bizdə də tədricən bu istiqamətdə inkişaf getməlidir. Amma bu inkişaf ölkəmizdə yol hərəkəti mədəniyyətinin yüksəldilməsi ilə paralel getməlidir. Çünki bəzi hərəkət iştirakçıları çox təəssüf ki, hələ də yalnız canlı polisləri yolda görəndə özlərini intizamlı aparırlar. Belələri üçün hələ ki, sadəcə kameralar azdır. Əgər insanlarımız yolların hər yerinə canlı polis olmadan da nəzarət edildiyini bilsələr, yaxud sadəcə şüurlu olaraq qaydalara riayət etsələr, onda yollardakı polis naryadlarının azaldılması mümkün olar. Hələlik isə görünən odur ki, yollarımızda DYP əməkdaşlarının sayı yetərincə deyil. Məsələn, əksər rayonlarımızın ərazisindəki yollar və orada xidmət edən DYP əməkdaşlarının sayı uyğun deyil. Bu səbəbdən əməkdaş sutkanın 12 saatını xidmət etsə də, yenə də bütün yollara nəzarət edə bilmir. Deməli, ən yaxşı çıxış yolu texniki nəzarət vasitələrini artırmaq və yol hərəkəti mədəniyyətini yüksəltməkdir. Bunun nəticəsində DYP əməkdaşlarının xidmət şəraiti yaxşılaşmaqla bərabər, hərəkət təhlükəsizliyi də daha yaxşı təmin edilə bilər.