Yəqin ki, bu deyimi dünya ölkələrində baş verən terror hadisələrindən sonra bir çox dövlət liderlərinin, siyasətçilərin, ekspertlərin dilindən hər birimiz eşitmişik.

Bəli, terrordan sığortalanmaq mümkün deyil. Bunu son zamanlar dünyanın ən güclü dövlətlərində baş verən terror hadisələri açıq şəkildə sübut etdi. İŞİD tərəfindən son olaraq Fransa, Belçika, Türkiyə kimi ölkələrdə törədilən terror hadisələrini xatırlamaq olar.

Yüzlərlə insanın ölümünə səbəb olan bu olaylardan sonra necə deyərlər, hər kəs İŞİD-in nə edə biləcəyindən dərs çıxardı, bu təşkilatı hər bir ölkə potensial təhlükə olaraq qəbul etdi. Ardınca, demək olar ki, bütün ölkələrin hava limanlarında, metrolarda, insanların sıx olduğu məkanlarda təhlükəsizlik tədbirləri gücləndirildi və vətəndaşlara daha diqqətli olmaları barədə xəbərdarlıq edildi.

Hədəfdə olan Azərbaycan...

Məlum olduğu kimi, İŞİD bütün dünya ölkələrini olduğu kimi, Azərbaycanı da hədəfdən kənarda saxlamayıb. Yarandığı ilk gündən "İslam dövləti"nin "xəritə"sini yayan İŞİD Azərbaycanı da həmin "ərazisinə" daxil edib.

Unikal.org musavat-a istinadən bildirir kİ, son olaraq isə Türkiyə məbuatında yer alan iddiada deyilir ki, İŞİD Azərbaycanı da hədəf alıb və ölkəmizdə də terror hadisələrinin törədilməsini planlaşdırır. Bu tip informasiyalar yayılarkən hökumət rəsmiləri bu cür təhdidləri qeyri-ciddi məlumatlar hesab edərək, ölkədə təhülkəsizliyə tam şəkildə nəzarət edildiyini bəyan etdilər.

Lakin İŞİD-in son olaraq Atatürk hava limanında törətdiyi terror hadisəsindən və adıçəkilən təşkilatın Azərbaycanı hədəf seçməsi ilə bağlı məlumatlar yayılandan sonra Bakıda təhülkəsizlik tədbirləri gözlə görüləcək dərəcədə gücləndirilib. Son olaraq isə Fransanın Nitsa şəhərində 100-ə yaxın insanın ölümünə səbəb olan terror hadisəsi törədildi.

Təhlükəsizlik tədbirləri gücləndirilib...

Bir neçə gün əvvəl təqdim etdiyimiz reportajda əvvəlki günlərdən fərqli olaraq, hava limanına gələn avtomobillərin də bir-bir yoxlanıldığını, terminallara kənar şəslərin buraxılmadığını və əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü qeyd etmişdik.

Bundan əlavə paytaxtın ən böyük alış-veriş mərkəzlərinin girişlərində, avtomobil dayanacaqlarında, metro girişlərində, məscidlərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini görmək mümkündür.

Hətta bəzi ticarət mərkəzlərinin dayanacaqlarına daxil olan maşınlar xüsusi cihazlar vasitəsi ilə yoxlanılır. Girişlərdə ticarət mərkəzlərinə daxil olan müştərilərin çantaları yoxlanılır.

Gün ərzində ən çox insan sıxlığı müşahidə olunan Bakı Metropolitenində də təhülkəsizlik tədbirləri artırılıb. Sərnişinlərin çantalarını yoxlayan və platformalarda xidmət aparan polis əməkdaşlarının sayı artırılıb. Giriş qapılarının bəziləri bağlanıb və sərnişinlər bir-bir yoxlanıldıqdan sonra içəri buraxılır.

Lakin bəzi metrostansiyaların girişində qəribə bir halı da müşahidə edilir. Belə ki, sərnişinlərin yoxlanılması məqsədi ilə gətirilin xüsusi cihazlar bəzən yoxa çıxır. Heç vaxt istifadə olunmayan bu cihazlar dünyanın fərqli ölkələrində terror hadisəsi baş verəndən dərhal sonra metrostansiyaların ərazisinə gətirilir.

15 iyul cümə günü olduğundan məscidlərə gələn insanların sayı da həddən artıq çox idi. "Əjdərbəy" məscidinin girişində içəri daxil olanların əl çantaları yoxlanılırdı. Digər məscidlərdə də eyni vəziyyətin müşahidə olunduğu bildirilir.

"Metropark", "28 Mall", "Park Bulvar" kimi böyük ticarət mərkəzlərinin girişlərində də təhlükəsizlik tədbirləri artırılıb. Dayanacaqlara daxil olan avtomobillər də xüsusi cihazlarla yoxlanılır.

Terrorla mübarizədə biz nə etməliyik?

Terror hadisələrindən sonra, əsasən, hər bir ölkə öz vətəndaşına xəbərdarlıq edərək, onlardan şübhəli şəxslərə qarşı daha diqqətli olmalarını xahiş edirlər. Təhlükəsizliyi təmin edən orqanlar baş verə biləcək terror hadisələrinin qarşısının alınmasında vətəndaşlardan kömək istəyirlər.

Bəs, terrordan özümüzü necə qorumalıyıq və bu istiqamətdə aparılan mübarizədə üzərimizə hansı vəzifələr düşür?

Bu suallarımızı sabiq təhlükəsizlik zabiti Arzu Nağıyevə ünvanladıq. Əvvəlcə terror hadisələrinin qarşısının alınmasında vətəndaşların rolundan danışan A.Nağıyev bildirir ki, dünyanın istənilən ölkəsində ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülsə belə, vətəndaşların da bu işdə rolu danılmazdır.

Bu səbəbdən də ekspert vətəndaşları daha diqqətli olmağa və üzərimizə düşən işi yerinə yetirməyə çağırır: "Hər bir insan istifadə etdiyi nəqliyyat vasitəsində diqqətli olmalıdır. İnsanlar avtobuslarda, qatarlarda, hava limanlarında olarkən şübhəli gördükləri şəxs və ya hansısa bir çanta barəsində polisə, nəzarətçiyə məlumat verməlidirlər. Bu cür hallarla rastlaşanda məsuliyyətli olmaq və lazım olanı etmək lazımdır. Bununla biz həm özümüzü, həm də ətrafımızdakıları qorumuş olarıq".

Avtobuslardan istifadə edərkən diqqətli olmağın vacibliyini xüsusi ilə vurğulayan A.Nağıyev bu nəqliyyat növündə təhlükəsizliyin sırf sərnişinlərdən asılığı olduğunu deyir: "Avtobuslara minən sərnişinlərin kim olduğunu, nə məqsədlə mindiyini bilmək mümkün deyil. Sərnişinlər yoxlanılmır. Kiminsə terrorçu olması tam realdır. Ona görə də təhükəsizlik insanlardan asılıdır. Sahibsiz çanta görən zaman diqqət etmək lazımdır. Avtobus salonuna mümkün qədər göz gəzdirmək lazımdır. Eyni vəziyyət qatarlarda da mövcuddur. Bayram günlərində qatarlardan o qədər sərnişin istifadə edir ki, bu zaman təhülkəsizlik tədbirləri demək olar, görülmür. Nəqliyyat vasitələrindən istifadə edərkən diqqətli olmaq lazımdır. Biz özümüz də özümüzü qoruya bilərik".

Ekspertin fikrincə, səfər zamanı təyyarədən istifadə edən sərnişinlər bunları nəzərə almalıdır: "Nə qədər ciddi təhülkəsizlik tədbirləri görülsə də, hava limanlarında terror hadisələri baş verir. Əsasən sərnişinlər uçacaqları aviaşirkəti düzgün seçməlidir. Hansı şirkətin xidmətindən istifadə edilməsi önəmlidir. Təhülkəsizlik baxımından özünü təsdiqləmiş kifayət qədər aviaşirkətlər var".

Dünyada baş verən terror hadisələrinin bəzilərinin necə törədilməsini xatırladan ekspert terrorçuların seçə biləcəyi metodlara qarşı da ayıq-sayıq olmağı məslət görür: "Məsələn, metroda bir nəfərin relslərin üstünə yıxıldığını, başqa birinin halının pisləşdiyini görən zaman polisə və metropoliten əməkdaşlarına məlumat verilməlidir. Bu təhülkəsizlik baxımından önəmlidir. Bu terrorçuların planının bir hissəsi də ola bilər. Onlar belə vəziyyətdə ətrafdakıların diqqətini çəkməyə çalışa bilərlər. Dünya standartlarında qatarlarda oturacaqların altı boş olur. Azərbaycanda köhnə qatarların oturacaqlarının altı isə qapalıdır. Bu isə təhlükəlidir. Yeni qatarlarda fikir vermisinizsə, bu, belə deyil. Oturacaqların altı boşdur. Bu da müəyyən təhlükənin qarşısını alır. Hər hansı bir çantanı oturacaqların altında gizlətmək mümkün deyil. Vətəndaşların oturacaqlar altına qoyula biləcək naməlum əşyanı görməsi çox asandır".

"Şərti düşmən" əməliyyatı...

A.Nağıyev deyir ki, təhlükəsizliyin tam şəkildə təmin edilməsi daha çox bu işi görməli olan şəxslərin öz işlərinə daha məsuliyyətli yanaşmasından asılıdır: "Ticarət mərkəzlərində, insanların sıx olduğu məkanlarda təhülkəsizliyi təmin etmək vəzifəsini yerinə yetirənlər də işini məsuliyyətlə yerinə yetirməlidir. Çantaları yoxlamaq kifayət etmir. İnsanların davranışına, gördüyü işlərə fikir vermək lazımdır. Azərbaycandan 450 kilometr məsafədə müharibə gedir. Hava limanlarına, avtovağzallara girişlərdə xüsusi monitorlar olmalıdır. Əgər terror təhdidi, təhülkəsi varsa, bunu ciddi qəbul etmək lazımdır, xüsusi xidmət orqanları tərəfindən müvafiq addımlar atılmalıdır. Təhülkəsizlik tədbirlərini görməyə cavabdeh olan xüsusi xidmət orqanları tərəfindən mütəmadi olaraq keçirilən "şərti düşmən" əməliyyatı var. Bu, əməliyyat-axtarış tədbirlərində həyata keçirilən əsas əməliyyatlardan biridir. İndi Azərbaycanda görülən təhlükəsizlik tədbirlərinin effektivliyi ilə 70-80 faiz razılaşmaq olar. Bütün bu işlərin effekti xüsusi xidmət orqanlarının öz vəzifələrini daha məsuliyyətlə yerinə yetirməsindən asılıdır".