Son günlər ərzində Azərbaycan Ordusu bir neçə şəhid verib. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda aktivlik müşahidə olunduğu halda Ermənistan tərəfi təxribatçı əməllərindən əl çəkmir, atəşkəs rejimini pozmaqda davam edir. Eyni zamanda, Ermənistan prezidenti Serj Sarkisyan danışıqlar prosesinə tamamilə zidd, absurd bəyanatlar səsləndirir.

Unikal.org bildirir ki, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov Trend-ə deyib ki, bu hadisələr Ermənistan rəhbərliyinin münaqişənin tezliklə həllini istəmədiyini göstərir: "Ermənistanda siyasi hakimiyyətdə olan cinayətkar qrup Dağlıq Qarabağ problemi üzərindən hakimiyyətə gəliblər. Bunlar öz hakimiyyətlərinin ömrünü uzatmaq, özlərini cəzalardan qorumaq üçün Azərbaycan torpaqlarını işğalda saxlamağa cəhd edir".

E.Məmmədov bildirib ki, bu gün bütün erməni rəsmilərinin bəyanatlarında, erməni mətbuatında ciddi təkid olunur ki, Azərbaycan Ordusunun aprel ayında ermənilərdən azad etdiyi ərazilər geri qaytarılsın: "Əgər sülh istəyirlərsə, nəyə görə buna təkid edirlər?! Onların bu bəyanatları, bu istəkləri, təbii ki, müharibəyə gətirib çıxaracaq, bunun başqa yolu yoxdur. Müharibədə isə Ermənistanın vəziyyətinin necə olacağı artıq aprel döyüşlərindən də məlumdur".

Deputat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini tapmalıdır: "Artıq münaqişə kifayət qədər uzanıb, bundan sonra da uzun müddət davam edə bilməz. Münaqişə öz həllini tapmalıdır. Əks halda, Azərbaycan bunu alternativ yolla həll edəcək. Azərbaycanın buna kifayət qədər gücü və qüdrətli ordusu var".

Politoloq Qabil Hüseynli də bildirib ki, ermənilərin atəşkəsi pozmasının, pozucu bəyanatlar səsləndirməsinin əsas məqsədi münaqişənin həllini uzatmaqdır: "Ermənistan atəşkəs rejminə əməl etmir. Hələ ki ermənilər tərəfindən ölən yoxdur. Ancaq son bir neçə gündə Azərbaycan bir neçə şəhid verib. Bu onu göstərir ki, ermənilər həyasızlıqla və hiyləgərliklə aprel döyüşləri zamanı azad edilmiş torpaqları geri qaytarmaq istəyirlər. Yəni işğal etdikləri torpaqları yenidən işğal etmək üçün müxtəlif hərbi oyunlardan istifadə edirlər".
Q.Hüseynli bildirib ki, danışıqlar prosesində də Ermənistanın iştirakı minimum səviyyədədir: "Digər tərəfdən, Ermənistan rəhbərliyi təxribatçı bəyanatlar verir. Ermənistan tərəfinin bu cür hərəkətləri münaqişənin həllini uzadır. Gərək həmsədr dövlətlər Ermənistanı himayə etməkdən əl çəksinlər".