Türkiyə Nitsa şəhərində törədilmiş terror aktı ilə bağlı Fransa xalqının kədərini bölüşür və bir daha təsdiq edir ki, Fransaya hərtərəfli kömək və dəstək göstərməyə hazırdır.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binali Yıldırım bəyan edib.

B.Yıldırım qeyd edib ki, terrorçuların dini, inamı, milliyyəti olmur: "Bütün dünya anlamalıdır ki, terrorizmlə mübarizə ayrı-ayrılıqda aparıla bilməz. Xüsusən də inkişaf etmiş ölkələrdə terrorçulara münasibətdə ikili standartlar belə faciələrə gətirib çıxarır".

Baş nazir əlavə edib ki, İstanbul da terrorçuların hədəflərindən birinə çevrilib: "Fransa tədbirlər gördü, Türkiyədəki diplomatik missiyasının fəaliyyətini dayandırdı, lakin bu kifayət etmədi. Terror Fransanın ürəyində baş verdi".