Rasim Musayevin obyektləri sökülür
Rasim Musayevin obyektləri sökülür

İcra başçısı polis rəisini müflisləşdirir?

Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayonda ciddi abadlıq işlərinə başlayıb. Rayondakı bütün dövlət təşkilatlarının rəhbərləri məcburi şəkildə bu prosesə cəlb etdirib. Məlumatı pat.az saytı yayıb.

Bildirilir ki, Xaləddin İsgəndərov hətta işdən çıxmaq istəyən məmurları belə məcburi şəkildə vəzifələrində saxlayıb. Amma ən maraqlısı budur ki, yeni icra başçısı rayondakı ciddi məmurların da biznes strukturlarına əl qoyub.
Hələlik bu məmurlardan ən çox ziyan çəkəni Gəncə şəhər baş polis idarəsinin rəisi, general Rasim Musayevdir. Pat.az-ın iddiasına görə, yeni icra başçısı, Rasim Musayevə məxsus olan və 8-ci mikrarayonda yerləşən, "Çudo-Peçka" ilə üzbəüzdəki dəyəri 2 milyon manat olan restoranının sökülməsi ilə bağlı tapşırıq verib. İki gün ərzində Rasim Musayev bunun qarşısını almağı bacarsa da, sonradan prosesi tamamən önləməyə onun gücü çatmayıb. Hazırda restorana məxsus həyətyanı ərazidə söküntü işləri həyata keçirilir.
Məlumatda qeyd edilir ki, bununla yanaşı, Rasim Musayevin mülkiyyətində olan "Vulkan" adlı istirahət mərkəzi də qara siyahıya salınıb. Bildirilir ki, bu mərkəzin dəyəri 1 milyon manata yaxındır. Haqqında xoşagəlməz iddiaların da səsləndirildiyi istirahət mərkəzinin gündəlik gəlirinin 7-10 min manat civarında olduğu deyilir. Bildirilir ki, "Vulkan"ın da sökülməsinə start verilir.
Saytın məlumatında bunlarla yanaşı o da iddia edilir ki, Rasim Musayevin yaxın qohumu olan bir bələdiyyə işçisi də nəzarətə götürülüb. Hələlik isə əvvəllər Binəqədinin də polis rəisi olmuş və həmin müddətdə bu rayonda özünə kifayət qədər gəlirli obyektlər açmış generalın bu basqıların qarşısını ala bilmədiyi qeyd edilir.
Basqıların ortaya çıxmasının əsas səbəbi kimi isə ona məxsus olan obyektlərin yeni icra başçısının abadlıq işləri üçün tələb olunan haqqı ödəmək istəməsidir. Bu isə Xaləddin İsgəndərovu adekvat addımlar atmağa məcbur edib. Yəni istər yerli vergi qurum, istərsə də digər vasitələrlə polis rəisinin gəlir qaynaqlarının sıradan çıxarılması, basqı altında saxlanılması prosesinə start verilib.

Seymur Quliyev