Dövlət səviyyəsində aztəminatlı ailələrə diqqət xüsusi layihələr şəkilində həyata keçirilir

Bu gün Azərbaycanda diqqəti cəlb edən əsas məsələlərdən biri də sosial cəhətdən qayğıya ehtiyacı olan insanlara olan yanaşmadır. Amma öncəliklə bunu da qeyd edək ki, İlham Əliyev prezidentliyinin ilk günlərindən bəyan etdi ki, Azərbaycanda əsas amil insan faktorudur və bütün addımlar o istiqamətdə atılmalıdır ki, insanların sosial durumu yaxşı olsun.
Elə buna görə də Azərbaycan büdcəsi sosial yönlü büdcə olaraq tətbiq edildi və hazırda bu qüvvədə qalır. Hətta manatın qiymətinin aşağı salınması da proseslərə təsir etmədi. Belə ki, büdcədə nəzərdə tutulan bir sıra sahələrdə ixtisarlar həyata keçirilsə də, sosial yönlü layihələrin dayandırılmasına yol verilmədi. Bununla yanaşı, dövlət səviyyəsində aztəminatlı ailələrə diqqət də xüsusi layihələr şəkilində həyata keçirilir. Gəlin elementar bir məqama baxaq. Bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Sosial xidmət haqqında" Qanuna uyğun olaraq respublika üzrə hazırda 15 min nəfərə yaxın şəxs səyyar və stasionar şəkildə sosial xidmətlərlə təmin olunur.
Belə ki, nazirliyin sosial xidmət müəssisələrində 1060 nəfər tam dövlət təminatında yaşayır ki, onlardan 330 nəfərdən çoxu sağlamlıq imkanları məhdud uşaqlardır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illərdə həmin müəssisələrin bir çoxunda müasir tələblərə uyğun şərait yaradılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqların yaşadığı 1 və 2 saylı Sosial Xidmət Müəssisələrində uşaqların normal həyatı, rahatlığı, reabilitasiyası üçün nümunəvi şərait yaradılıb. Dövlət himayəsində yaşayanların hərtərəfli qayğı ilə təminatının gücləndirilməsi üçün məqsədyönlü işlər aparılmaqla, onların reabilitasiya tədbirlərinə cəlb olunmasına da diqqət yetirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri tərəfindən 12 350 nəfər tənha ahıl və əlilliyi olan şəxs isə evlərində səyyar formada sosial-məişət xidmətləri ilə təmin edilirlər. Eyni zamanda nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi müvafiq layihələr çərçivəsində 1500 nəfərdən çox ehtiyacı olan uşağa, eləcə də onların ailələrinə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.
Hazırda sosial xidmətlər sistemində qanunvericiliyin, institusional və praktiki iş mexanizmlərinin daha da təkmilləşdirilməsi, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu məqsədlə müvafiq Tvinninq layihəsi üzrə mütərəqqi dünya təcrübəsinin öyrənilməsi istiqamətində işlər aparılır. Ekspertlər hesab edir ki, Azərbaycanda həyata keçirilən bu layihə analoqu olmayan layihədir və ilbəil bu proses daha da təkmilləşdirilir. Məqsəd isə sözsüz ki, sosial yardıma ehtiyacı olan ailələrin durumunu yaxşılaşdırmaqdır. Ən maraqlı məqamlardan isə biri bu oldu ki, bir neçə gün öncə bayramqabağı qiymətlərin oynaması bir çaşqınlıq yaratmışdı. Adətən belə olan halda dövlət başçıları daha çox gözləmə mövqeyi tuturlarsa, Azərbaycan prezidenti İlham Əliyev yenə sosial yardıma ehtiyacı olanlara dəstək olacaq addım atdı. Belə ki, prezident aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərancam imzaladı. Sərəncamda isə aşağıdakılar qeyd olundu.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 (əlli) manat məbləğində birdəfəlik yardım ödənilsin.
2. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3 milyon (beş milyon üç yüz min) manat ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycanda diqqəti cəlb edən başqa nüans isə budur ki, dövlət yalnız sosial yardıma ehtiyacı olanlara əmək haqqı və ya birdəfəlik yardımlar vermir. Eyni zamanda sosial qayğıya ehtiyacı olanlara mənzil verilir. Gəlin elə sonuncu dəfə əhaliyə verilən mənzillərin statistikasına baxaq. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki "Göy qurşağı" yaşayış kompleksində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 89 mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Onların ailə üzvlərinin sayına uyğun olaraq, təqdim edilən mənzillərin 10-u birotaqlı, 42-si ikiotaqlı, 37-si isə üçotaqlıdır.
Yeni mənzillərlə təmin olunan müharibə əlilləri və şəhid ailələri ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının maddi təminatlarının gücləndirilməsi və həyat şəraitlərinin yaxşılaşdırılması, bütün sosial proqramların davam etdirilməsi istiqamətində aparılan işlərdən razılıqla söz açıblar. Onlar bütün sahələrdə diqqət və qayğı ilə əhatə olunmalarına, habelə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilmələrinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Mənzillərin təqdim olunması zamanı müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs olunub, onlara yönələn dövlət qayğısının daim artırıldığı qeyd olunub. Bildirilib ki, həmin insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Bu sahədə aparılan işlərin davamı kimi, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, 11 rayonda 82 fərdi yaşayış evi, Abşeron rayonunda, Gəncə və Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 145 mənzil, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu günlərdə Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası gözdən əlil şəxslərin istifadəsinə verilib. Əlil və şəhid ailələrinə təqdim edilən bütün mənzillərdə normal yaşayış üçün hər bir şərait yaradılıb.
Vurğulanıb ki, dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli Sərəncam imzalanması müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təminatına diqqət və qayğının növbəti ifadəsidir. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 10 milyon manat ayrılıb.
Hazırda respublikamızın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir.Beləliklə gördüyünüz kimi dövlət tərəfindən həyata keçirilən layihələr davamlıdır və konkret siyasətə xidmət edir. Söhbət sosial qayğılı insanlara dayaq olmaqdır. Bunu da unutmayaq ki, bu illlər ərzində sosial qayğıya ehtiyacı olan media işçiləri də unudulmadı. Belə ki, prezidentin sərəncamı ilə yüzdən çox jurnalist evlə təmin olundu və hazırda daha iki bina inşa edilir. Sözsüz ki, bu proqramlar digər peşə sahiblərinə də şamil edilir və artıq bu ənənə halına düşüb. Çünki prezident İlham Əliyev insan faktoru ilə bağlı illər öncə dediklərini real əmələ çevirə bildi.