Hacıbala Abutalıbovun üzü niyə gülür?
Hacıbala Abutalıbovun üzü niyə gülür?

Paytaxt rəhbəri mer seçkisi təhlükəsindən qurtuldu

Məlum olduğu kimi, srağagün Azərbaycanda "Yerli icra hakimiyyətləri haqqında" yeni Əsasnamə təsdiq edilib. Bu zaman yeni əsasnamənin qəbulu səbəbləri haqqında heç bir məlumat verilməyib.

Lakin bildirilib ki, sənədin əsas məqsədi icra hakimiyyəti qolunun güclənməsinə yönəlib. Belə ki, Əsasnamədə qeyd edilir ki, yerli icra hakimiyyətini rayon icra başçıları (şəhər administrasiyalarının) həyata keçirir və onlar prezident qarşısında şəxsən məsuliyyət daşıyır.
Yerli icra hakimiyyəti sisteminə, güc qurumları (MTN, DİN, FHN, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və s.) istisna olmaqla, nazirliklərin rayon bölmələri də aid edilib. Yerli icra hakimiyyəti rəhbərləri 15 nəfərdən ibarət, Bakı administrasiyaları isə 25 nəfərdən ibarət məsləhət orqanları yarada bilər.
Sənəddə Bakı şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərinin göstərilməsi isə yəqin ki, paytaxtın hazırki rəhbəri Hacıbala Abutalıbovun ürəyincə olub və onun üzünü əməlli-başlı güldürüb. Belə ki, Bakı şəhər icra hakimiyyəti başçısının göstərilən səlahiyyətləri Azərbaycan hökumətinin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin paytaxtda seçkili mer institutunun tətbiq edilməsi haqqında tövsiyəsini yerinə yetirmək niyyətində olmadığını düşünmək üçün kifayət qədər əsas verir.
Bunun isə ən çox Abutalıbovun işinə yaradığını bilmək çətin deyil.
Əlbəttə, hətta mer seçkisi olsa belə, Abutalıbovun əvəzlənməsi məqsədi ilə siyasi iradə ortaya qoyulmasa, o, hansı yolla olursa olsun mer seçdiriləcəkdi. Amma təbii ki, ən saxta seçkilərin keçirildiyi ölkədə belə, seçki sonucu bəlirsiz prosesdir, hər şey ola, bir anda hər şey dəyişə bilər. Buna görə də mer seçkisi ehtimalı istər-istəməz Abutalıbovda narahatlıq hissləri yaratmaya bilməzdi.
Amma artıq mer seçkisi məsələsinin aradan qaldırıldığını və Hacıbala müəllim üçün belə bir təhlükə qalmadığını əminliklə söyləmək olar. İndi bizə paytaxtın icra başçısının sərəncamla görəvdən alınacağı gxünü gözləmək...

Azər Aslan