Dünyanın ən böyük və ən populyar sosial şəbəkəsi olan Facebook pilotsuz uçan təyyarə olan "Aquila"nı uğurla sınayıb.

The Verge bildirir ki, sınaqlar ABŞ-ın Arizona ştatının cənub-qərbində keçirilib.

Dronun tammiqyaslı surəti aylardan bəri sınanırdı. Dünənsə qanadlarının ümumi uzunluğu Boeing 737-lə müqayisədə daha böyük olan dron səmaya qalxıb. Mühərrikləri Günəş batareyaları ilə işləyən dronun 1,5 saat davam edən uçuşunu Facebookun sahibi Mark Zukerberqlə yanaşı, mütəxəssislər komandası izləyib.

"Aquila"nın səmaya qalxması və enişi avtomatik rejimdə olub.

Facebook-un "Aquila" layihəsinin məqsədi dünyanın ucqar bölgələrini Günəş batareyaları ilə işləyən dronlar və lazer şüaları vasitəsilə pulsuz internetlə təmin etməkdir.

Facebook-un hesablamalarına görə, hazırda Yer sakinlərinin təqribən 10 faizi coğrafi, fiziki və hətta siyasi səbəblərdən internetdən yararlana bilmir.