Türkiyənin kəşfiyyat sistemində ciddi islahatlar aparılacaq.

Unikal.org azvision.az-a istinadən bildirir ki, bunu Türkiyə baş nazirinin müavini Nurəddin Canikli deyib.

Baş nazirin müavini bildirib ki, ölkənin kəşfiyyat sistemində bir boşluq var. O qeyd edib ki, Türkiyə prezidenti dövlət çevrilişi cəhdi ilə bağlı xəbərlər yayılmağa başladığı zaman ölkənin ən böyük kəşfiyyat təşkilatının rəhbəri ilə əlaqə yarada bilməyib:

"Bu da yalnız Milli İstihbarat Təşkilatı (MİT) üçün keçərli deyil. Ümumilikdə bütün kəşfiyyat sistemində boşluq var. Ona görə də bu sahədə çox ciddi və köklü islahatlar aparmaq lazımdır və edəcəyik də".

N.Canikli baş verənləri Türkiyənin son əsrlərdə üz-üzə qaldığı ən böyük təhlükə olaraq xarakterizə edib:

"Bu, yalnız bir zərbə cəhdi deyil. Türkiyənin müstəqilliyini hədəf alan bir cəhddir. Bu baxımdan baxıldığında çox dəhşətli və xain bir cəhddir".