Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" 16 yanvar 2016-ci il tarixli sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Sərəncamın icrası ilə bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanması təmin ediləcək.
"Unikal"ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib. E.Mehdiyev bildirib ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sosial proqramlar vaxtında reallaşdırılır, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir. Fond sədri Azərbaycanda 1 yanvar 2016-cı il tarixə 1 milyon 296 min pensiyaçının olduğunu bildirib. O nəzərə çatdırıb ki, Azərbaycan Prezidentinin əmək pensiyalarının baza hissəsinin artırılmasına dair sərəncamı təxminən 1 milyon 223 min pensiyaçıya şamil olunacaq. Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 73 min nəfərdir. Onların pensiyaları isə "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq fərqli qaydada artırılır. DSMF sədri deyib ki, pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 169 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaqdır. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar ((I qrup gözdən əlillər istisna olmaqla) 17 min nəfər)) üzrə artım 13 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə ((I qrup gözdən əlillər) 8700 nəfər)) isə 21 manat təşkil edəcək.
Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 220 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 203 manat 50 qəpiyə çatacaq.
Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat artacaqdır.
Böyük VətənMüharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 19 manat, I qrup BVM əlillərinin 25 manat, II qrup BVM əlillərinin 21 manat, III qrup BVM əlillərinin isə 19 manat artırılacaq. E.Mehdiyev qeyd edib ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 140 milyon manat əlavə vəsait yönəldiləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 (iki yüz iyirmi) manat müəyyən ediləcək. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" prezidentin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanının 1-ci hissəsində "200 (iki yüz)" sözləri "220 (iki yüz iyirmi)" sözləri ilə əvəzlənəcək. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azərbaycan prezidenti İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev əhalinin sosial müdafiəsinin etibarlı təminatı və qiymət artımının sosial rifah halına təsirlərinin minimuma endirilməsi istiqamətində bütün müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. İdris İsayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2016-cı il tarixdə imzaladığı Fərman və Sərəncamlar ölkədə əmək pensiyaçılarının, məcburi köçkünlərin, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardır: "Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qlobal iqtisadi böhranın, dünyada gedən proseslərdən dolayı ölkəmizdə də manatın məzənnəsinin devalvasiyaya uğramasının milli iqtisadiyyata və əhalinin sosial rifah halına mənfi təsirlərinin aradan qaldırılması məqsədi ilə dövlət orqanlarına bir sıra tapşırıqlar verib. Dövlətimizin başçısı iqtisadi inkişaf templərinin daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin edilməsini hökumət qarşısında bir vəzifə kimi müəyyənləşdirib. Prezidentin əsas tapşırıqlarından biri də devalvasiyanın əhalinin sosial rifah halına mənfi təsirlərinin minimuma endirilməsi məqsədi ilə pensiya və əməkhaqqının qaldırılması üçün hökumət tərəfindən təkliflərin hazırlanmasıdır. Tapşırığın icrası olaraq, ilk növbədə devalvasiyanın minimum istehlak səbətinə təsirlərinin öyrənilməsinə başlanılıb, istehlak qiymətləri çox ciddi nəzarətə götürülüb, unun və çörək məmulatlarının qiymətlərinin aşağı salınması məqsədi ilə tədbirlər həyata keçirilib. Əhalinin aztəminatlı təbəqələrinin alıcılıq qabiliyyətinin artırılması və qiymət artımınm təsirlərinin azaldılması məqsədi ilə hökumət tərəfindən bütün sosial ödənişlərin artırılması istiqamətində təkliflər hazırlanıb".
İ.İsayev Azərbaycan Prezidentinin 16 yanvar 2016-cı il tarixdə imzaladığı Fərman və Sərəncamlara toxunaraq diqqətə çatdırıb ki, "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq, 110 manat müəyyən edilib: "Bu Sərəncamla 1 mil. 271 min nəfər əmək pensiyaçısının pensiyasının baza hissəsi və ona qanunvericiliklə müəyyən edilmiş əlavələr 10 faiz artırılacaq. Birinci qrup gözdən əlillərin və birinci qrup əlil olan digər pensiyaçıların pensiyalarında daha əhəmiyyətli dərəcədə artımlar ediləcək. Artımın maliyyələşdirilməsinə ilin sonunadək 140,8 mln. manat əlavə büdcə vəsaiti sərf olunacaq".
Nazir müavini nəzərə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 16 yanvar 2016-cı il tarixli Fərmanı ilə Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilib: "Bu Fərman Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan 13487 nəfər şəhid ailəsini əhatə edəcəkdir və həmin artımın maliyyələşdirilməsinə ilin sonunadək 3 mln. manata yaxın əlavə büdcə vəsaiti yönəldiləcək. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanmda dəyişiklik edilməsi barədə" 16 yanvar 2016- cı il tarixli Fərmanı isə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən təqaüdün məbləğinin artırılmasını nəzərdə tutur. Fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə aylıq Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manatdan 165 manata, II qrup əlillər üçün 130 manatdan 143 manata, III qrup əlillər üçün isə 100 manatdan 110 manata qaldırılıb. Bu artımlar 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş 317 nəfər şəxsə şamil olunacaqdır. Onlardan 18 nəfəri I qrup, 190 nəfəri II qrup, 109 nəfəri isə III qrup əlildir.
Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" 16 yanvar 2016-cı il tarixli Sərəncamı isə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2016-cı il fevralın 1-dən 10 faiz artırılmasını nəzərdə tutur. Sərəncam 566 min nəfər məcburi köçkünə şamil olunacaq və onlara yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin artırılmasının maliyyələşdirilməsinə ilin sonunadək 11,3 mln. manata yaxın əlavə büdcə vəsaiti sərf olunacaqdır".
İ. İsayev vurğulayıb ki, yaxın günlərdə digər sosial ödənişlərin, o cümlədən əməkhaqqlarının artırılması barədə ardıcıl şəkildə müvafiq Fərman və Sərəncamların imzalanması, qərarların qəbul olunması, nəticə etibarilə ümumilikdə 3,6 milyon nəfəri əhatə edən sosial ödənişlərin artırılması nəzərdə tutulur: "İctimaiyyət əmin olmalıdır ki, əhalinin sosial müdafiəsinin etibarlı şəkildə təmin olunması və qiymət artımının sosial rifah halına təsirlərinin minimuma endirilməsi istiqamətində dövlət tərəfindən bütün müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaq".