Gürcüstanda fəaliyyət göstərən "Respublika Partiyasının üzvü, 2008-2012-ci illərdə parlamentin deputatı seçilmiş Roman Marsaqişvilinin Msxeta-Mtianeti rayonu, Arşa kəndindəki evinin həyətindən trotil aşkar edilib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, bu barədə "Gürcü arzusu - demokratik Gürcüstan" partiyasının parlamentdəki təmsilçisi Karlo Kopaliani bildirib.

K. Kopaliani bildirib ki, partlayıcı qurğu bir neçə il əvvəl Roman Marsaqişvilinin siyasi fəaliyyəti zamanı onun həyətinə qoyulub: "Biz müxalifət deputatları olaraq əvvəlki hakimiyyət tərəfindən (Vahid Milli Hərəkat partiyasından) təzyiqlərə məruz qalırdıq. İstisna etmirəm ki, bu partlayıcı qurğu Roman Marsaqişvilini partlatmaq üçün qoyulub. Mən ona hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı məsləhət gördüm. Artıq polis əməkdaşları onun həyətində olan partlayıcı qurğunu götürüblər, K. Kopaliani bildirib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.