Hazırda ölkədə bir dənə də olsa, çadır düşərgəsi yoxdur, bu isə ümumilikdə əhalinin tək sosial durumunun yaxşılaşdırılması yox, həm də psixoloji tarazlığının təmin olunması deməkdir

Bu gün bütün dünyanı, o cümlədən Azərbaycanı düşündürən mühüm problemlərdən biri də aztəminatlı ailələri, qaçqınları, sosial qayğıya ehtiyacı olan insanları himayə etməkdir.
Son illər dünyada iqtisadi böhranın artmasından və dünyada qaçqın böhranı yaranmasından sonra durum daha da pisləşdi. Düzdür, Azərbaycan qaçqın problemini hələ 1988-ci ildən etibarən yaşamağa başlamışdı. Amma illər boyu bu problemin aradan qaldırılması üçün dövlət kifayət qədər işlər gördü və hazırda bu proses davam etməkdədir. Elə bu günlərdə prezident İlham Əliyevin imzaladığı iki sərancam buna bir daha misaldır. Gəlin öncəliklə hər iki sərancamla tanış olaq.
Birinci sərancam: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 790; 2011, № 12, maddə 1208; 2013, № 8, maddə 959) 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İkinci sərancam. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 avqust tarixli 3096 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 976) 1-ci hissəsi ləğv edilsin.
Əslində bu cür sərancamlar prezident tərəfindən hər il verilir və əhalinin sosial durumunun qaydaya salınması üçün lazımi addımlar atılır. İstər müxtəlif dövlət fondları, istər icraedici strukturlar vasitəsiylə əhalinin sosial problemləri həll olunur, ünvanlı sosial yardımlar vasitəsiylə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Amma bunun müqabilində dünyada bu sahədə vəziyyət daha da gərginləşir. Gəlin bəzi məqamlara diqqət ayıraq. "Dünyada məcburi köçkünlərin sayı 2014-ci ildə 59,5 mln. nəfərə çatıb ki, 2013-cü ilə nisbətən 8,3% çoxdur". Bu məlumatlar BMT-nin Cenevrədə, qaçqınların problemləri üzrə iyunda keçirilmiş "Qlobal ideyalar" adlı məruzəsində bildirilmişdir.
Ekspertlərin bildirdiklərinə görə, silahlı münaqişələr, təbii fəlakətlər və təqiblər nəticəsində öz evlərini tərk edən insanların sayının belə yüksək artım tempi hələ heç vaxt olmayıb.
2014-cü ildə hər gün orta hesabla 42,5 min nəfər, doğma yurdlarından məcburi şəkildə çıxmaqla sığınacaq istəyən qaçqına çevrilib.
İndi, planetimizin hər 122-ci sakini bu qruplardan birinə məxsusdur.
On il əvvəl dünyada 37,5 milyon, 2013-ci ildə isə 51,2 milyon məcburi köçkün olub.
Dünyada 2014-ci ilin sonuna 19,5 milyon qaçqın (2013-ci ildə 16,7 mln. idi), sığınacaq yeri barədə qərar gözləyən 1,8 mln. insan (2013-ci ildə - 1,2 mln) qeydə alınıb.
BMT-nin qaçqınlarla əlaqədar işlər üzrə ali komissarı Antonio Quterreş, hesabatın dərc olunması ilə bağlı dünyanın "yeni bir eraya" qədəm qoymaqla, miqyasının, "əhalinin qlobal məcburi yerdəyişmələri çərçivəsində" bütün daha öncəlikləri pərdələdiyini bildirib.
2014-cü ildə planetin bütün bölgələrində qaçqın və daxili köçkün şəxslərin sayı artıb:
- Avropada qaçqın artımı 51% (4,4-dən 6,7 mln. insana);
- Yaxın Şərq və Cənubi Afrikada 19% artım. İndi bu region dünyada miqyası, qaçqınların köçü və onların qəbulu üzrə birinci yeri tutur.;
- Asiyada isə 31% , yəni 9 mln insanadək. Düzdür, Əfqanıstan, uzun müddət qaçqın və köçünə görə dünyada birinci yeri tutan ölkə kimi, 2014-ci ildə bu kədərli birinciliyi Suriyaya verib.
- Saxaranın cənub bölgələrindəki Afrika ölkələrində məcburi köçkünlərin sayı 17% çox təşkil edib.
Səbəb isə, xüsusən, Mərkəzi Afrika Respublikasında, Cənubi Sudan, Somali və Konqo Demokratik Respublikasında çoxsaylı münaqişələrdir. Özü də, bu 17% artıma Nigeriya ilə bağlı məlumatlar daxil deyil. Orada daxili yerdəyişmə hesablanması metodikası dəyişməsi, statistik rəqəmlərdə uyuşmazlıqlara gətirib çıxarıb. 2014-cü ilin sonuna bu dövlətlərdə cəmi 3,7 milyon qaçqın və 11,4 milyon ölkədaxili məcburi köçkün qeydə alınıb.
Ekspertlər hesablayıblar ki, planetdə son yeddi il ərzində hər saniyədə orta hesabla bir nəfər, təbii fəlakətlər, xüsusilə, ekstremal hava şəraiti və zəlzələ nəticəsində məcburi köçkün olub.
En Yaqelandın bildirdiyinə əsasən, hər il təbii fəlakətlər nəticəsində milyonlarla insanın məcburi yerdəyişməsi hər şeydən çox insanlar tərəfindən yaradılan pis qurumların və çirkin siyasətin nəticəsidir.
İdarənin proqnozlarına görə gələcəkdə anoloji hallar nəticəsində məcburi köçkünlərin sayında artım olacaq. Onların fikrincə gələcəkdə daha sıx və intensiv olacaq iqlim dəyişikliyi vəziyyəti daha da çətinləşdirəcək.
Bunu da qeyd edək ki, dünyada yaşanan böhran daha da dərinləşir və hələ ki, heç bir ekspert bundan çıxış yolu tapa bilmir. Azərbaycana gəldikdə isə 20 ildən çox qaçqınlıq praktikası olan ölkə kimi məsələlərə daha kompleks yanaşmağa çalışır. Bu nə deməkdir? Gəlin hazırda dövlətin sosial yardıma ehtiyacı olan insanlarla bağlı həyata keçirdiyi çoxşaxəli sistemə baxaq. Deməli aşağıdakı bəndlər diqqəti daha çox cəlb edir.
1. Ünvanlı sosial yardımların ayrılması
2. Qaçqınlara əlavə yardımlar
3. KİVDF xətti ilə mediyaya dəstək
4. QHT-lərə Yardım Fondu vasitəsiylə vətəndaş cəmiyyətinə dəstək
5. Heydər Əliyev Fondu kimi beynəlxalq yüklü təşkilat vasitəsiylə kimsəsiz uşaqlara və müxtəlif irsi xəstəlikdən əziyyət çəkən uşaqlara xüsusi qayğı.
Ən əsası dövlət büdcəsinin sosial yönlü olması. Bununla yanaşı son iki ay ərzində həyata keçirilən islahatlar da əhalinin, o cümlədən sosial qayğıya ehtiyacı olan insanların güzaranına müsbət təsir etməkdədir. Məsələn, prezidentin əmri ilə ölkə vətəndaşları xaricdən ölkəyə 10 min manat həcmində malı rüsumsuz gətirə bilər. Və ya Gömrük xidmətlərində fəaliyyət göstərən broker şirkətlərinin ləğv edilməsi əhalinin durumuna müsbət təsirini göstərdi. Ekspertlər hesab edir ki, həyata keçirilən bu islahatlar ölkədə kənd təsərrüfatına da müsbət təsirini göstərəcək. Unutmayaq ki, bu gün sosial yardıma ehtiyacı daha çox olanlar regionda yaşayan vətəndaşlardır. Kənd təsərüfatı sahəsinin inkişafı region insanlarının sosial durumuna müsbət təsir edəcək.
Sonda bir məqama da xüsusi diqqət ayıraq ki, prezident İlham Əliyev hakimiyyətə gəlişinin ilk illərində bəyan etdi ki, ölkədə qaçqınlar evsiz qala bilməzlər və bütün çadır düşərgələri ləğv olunmalıdır. Bu gün sevinclə demək olar ki, ölkədə bir dənə də olsa, çadır düşərgəsi yoxdur. Bu isə ümumilikdə əhalinin tək sosial durumunun yaxşılaşdırılması yox, həm də psixoloji tarazlığının təmin olunması deməkdir. Hesab etmək olar ki, yaxın bir neçə il ərzində Azərbaycan daha ciddi layihələrə imza ata biləcək və aztəminatlı ailələrin problemlərini yalnız yardımlar vasitəsilə həll etməyəcək, ümumiyyətlə ölkədə yoxsulluğun aradan qaldırılmasına nail olacaqdır. Düzdür hazırda dünyada iqtisadi böhrandır. Amma buna baxmayaraq Azərbaycan böhrandan maksimum dərcədə qaçmağa çalışır və buna nail olur. Bu məntiqlə yanaşsaq yaxın iki il ərzində Azərbaycan istəyinə tam olaraq nail ola biləcək.