Rayon sakini Əhməd Hacıyev axşam saatlarında Kürmük çayının kənarında istirahət edən zaman ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb.

Unika.org Kanal S-ə istinadən xəbər verir ki, bu zaman onunla birlikdə istirahət edən tanışı Elşən Musayev ilan sancan nahiyədən zəhəri sorub. Hər iki şəxs zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb və cərrahiyə şöbəsinə yerləşdirilib. Əhməd Hacıyevə lazımı tibbi yardım göstərilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Zərərçəkənin sözlərinə görə, dostu vaxtında müdaxilə edib: "Yanımda qonşum var idi, dostum. Uşaqlıqdan tanıyıram. Bu təşəbbüs göstərdi, mənə kömək etdi. Ayağımı remenlə sıxdı, sovurdu o zəhərli qanı".

Zərəçəkənin dostu Elşən Musayev, həmin an ilkin müdaxiləni göstərməsindən bəhs edib: "Qayıtdı ki, məni ilan dişlədi. Baxdım gördüm ki, həqiqi ilan dişlərini batırıb. Uzandırdım yerə tez. Uzandırıb qanını sovurub tulladım. Maşını çağırdım, gətirdim xəstəxanaya".

Elşən Musayevə də lazımi tibbi yardım göstərilib, hazırda həkim nəzarəti altındadır.