İyulun 27-də tanınmış politoloq, "Trend" İnformasiya Ağentliyinin baş direktor müavini Arzu Nağıyev 53 yaşını qeyd etdi. "Yeni Müsavat qəzeti olaraq hər zaman siyasi ekspert olaraq müsahibə aldığımız Arzu Nağıyevi bu dəfə öz həyatı, fəaliyyəti, arzuları haqqında danışdırdıq.

Məlumat üçün qeyd edək ki, Arzu Nəsib oğlu Nağıyev 27 iyul 1963-cü ildə həkim ailəsində anadan olub. 1980-ci ildə Tovuz rayonunda orta məktəbi qızıl medalla, 1985-ci ildə Moskva İdarəetmə İnstitutunu, 1991-ci ildə isə SSRİ DTK-nın Tbilisi Ali Kurslarını fərqlənmə diplomu ilə bitirib. 1985-1989-cu illərdə tikinti trestində və komsomol təşkilаtındа işləyib. 1989-2011-ci illərdə DTK-ÐœTN orqanlarında əməliyyat müvəkkilindən nazirliyin şöbə rəisinədək həqiqi hərbi xidmətdə olub, Qarabağ müharibəsi veteranıdır. Hazırda "Trend informasiya ağentliyində baş direktorun müavini vəzifəsində çalışır. Regional geosiyasət üzrə ekspert icmalçı kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, üç bədii kitab, bir neçə fundamental araşdırma və çoxsaylı ekspert rəylərinin müəllifidir.

Onunla söhbətimizə elə doğum günü təbriki ilə başlayırıq.

- Arzu müəllim, bir daha sizi təbrik edir, uğurlar arzulayırıq. Ad gününüz necə keçir? Kimlər sizi təbrik edir?

- Mənim bu gün 53 yaşım tamam olur, bunu gizlətmirəm. Əsasən dostlar zəng edir, təbrik edirlər. Bu gün mənə media mükafatı da verdilər, çox sağ olsunlar verdikləri dəyərə görə. Təbii ki, bu bizim kollektivin birgə əməyinin nəticəsidir, eyni zamanda sizin kimi dostlarımızın açıqlamalarımıza verdiyi qiymətdir. Bundan başqa iş yoldaşlarım, kollektivim, təbii ki, ailəm təbrik elədi. Ən birinci isə atam təbrik etdi. Hətta dünən axşamdan təbrik etdi ki, birdən sənə təbriklər çox olar, ancaq bil ki, ilk mən təbrik etdim. Məni tənqid də etdi. Dedi ki, mənim 53 yaşım olanda nəvələrim var idi, lakin sənin hələ nəvən yoxdur. Dedim ki, inşallah o da olar. Mən dostlarıma təbrikə görə təşəkkür edirəm.


- Adətən insanlar hər il ad günündə gəlib çatdığı nöqtədən geriyə baxıb, həyatını dəyərləndirir. Siz Arzu Nağıyev olaraq 53 illik həyatınıza baxanda nə düşünürsünüz? Həyatınızın ən dəyərli, fəxr etdiyiniz anları hansılardır?


"MTN-də işləyəndə bilirdim ki, mənim obyektim insan taleyidir. O insanın taleyi ilə bağlı məsələlər elə həll olunmalıdır ki, səbəbsiz yerə əziyyət çəkməsin


- Nərgiz xanım, mən çox gözəl bir həyat yaşamışam. Bu həyata görə Tanrıya və valideynlərimə minnətdar olmalıyam. Həkim ailəsində anadan olmuşam, atamla anam bir yerdə Tibb Universitetində təhsil alıblar. Ailədə beş uşaq olmuşuq, ən böyüyü mənəm. Atamla anamın məqsədi bizi yaxşı oxudub, ali təhsil vermək, bir xarici dil, bir idman növü və bir musiqi alətində ifa etməyi öyrətmək olub. Bir də bizə sərbəstlik veriblər. Orta məktəbi, Moskva İdarəetmə İnstitutunu qızıl medalla bitirmişəm. Daha sonra tikinti trestində işə başlamışam, ictimai işlərlə məşğul olmuşam. 1989-cu ildə SSRİ DTK-nın Ali Kurslarına qəbul olub oranı fərqlənmə ilə bitirmişəm və zabit kimi xüsusi xidmət orqanlarında fəaliyyətə başlamışam. 22 il 2 ay 17 gün mən orqanda işləmişəm. Bundan da şərəf duyuram ki, alnımda Azərbaycanın gerbini, çiynimdə dövlətimizin müstəqillik "paqonlarını daşımışam, dövlətin qorunması üçün əlimdən gələni etmişəm. Qarabağ veteranıyam, orada döyüş əməliyyatlarının keçirilməsində iştirak etmişəm və bundan fəxr duyuram. Minnətdaram ki, yaxşı övladlarım və məni başa düşən ailəm var.

- Sizin üçün uğurun sirri nədir?

- Uğur qazanmaq üçün, birincisi, elmli, savadlı olmaq, ikincisi daxili qüvvəni yaxşı işlərə sərf etmək, üçüncüsü işdən, zəhmətdən qorxmamaq, dördüncüsü sağlam həyat tərzi keçirmək, bir də ən əsası arxanda möhkəm ailə olmalıdır.


- Arzu müəllim, maraqlıdır, media sektoruna gəlişiniz necə oldu?

- Ehtiyatda olan zabit kimi oradan işdən çıxandan sonra dostlarımla bir yerdə "Trend informasiya agentliyində işləməyə başladım. Artıq həyatımın digər bir hissəsini yaşamağa başlamışam. Bu həyata görə də, xoşbəxtəm ki, qapalı xüsusi xidmət orqanı həyatından sonra jurnalistika mühitinə gəldim. Hər iki sahədə oxşar bir cizgi var. Orada da, burada da informasiya əldə etmək, o informasiyanı necə öyrənmək və hansı nəticəyə gəlmək var.

Bir məsələni də qeyd etmək istəyirəm. Arabir insana sual verirlər ki, sən xoşbəxtsənmi. Xoşbəxtəm demək düz olmazdı. Çünki insan bilir ki, nə vaxtsa özü, əzizləri dünyasını dəyişəcək, o, tam xoşbəxt ola bilməz. Mən belə deyərdim ki, xoşbəxt anlarım çox olub, çoxlu xoşbəxt anlar yaşamışam. Buna görə mən Tanrıya minnətdaram, ümumi götürəndə həyatdan elə bir narazılığım yoxdur.

"Mən şərəf duyuram ki, alnımda Azərbaycanın gerbini, çiynimdə dövlətimizin müstəqillik "paqonlarını daşımışam, dövlətin qorunması üçün əlimdən gələni etmişəm



- Belə görünür ki, çox gərgin iş qrafikiniz var. Tez-tez televiziyada çıxış edirsiniz, mətbuata açıqlamalar, müsahibələr verirsiniz. Digər tərəfdən "Trend kimi böyük bir informasiya agentliyinin yükü çiyninizdədir, daim rəqabət mühitində çalışırsınız. 53 yaşında bu cür dinamik iş rejimi sizə çətin gəlirmi?

- Mən bu qrafikə öyrəşmişəm. İsrailin prezidenti Şimon Peresin son müsahibəsində maraqlı bir fikir oxumuşam. Təxminən 90-dan çox yaşı olan bir şəxs hələ də prezidentdir. Ondan soruşanda ki, siz qoca deyilsinizmi, cavab verib ki, insanın arzuları həyata keçirdiyi əməllərindən çoxdursa, hələ yaşamağa dəyər, o insan qoca deyil. Xoşbəxt o insandır ki, işdən evə, evdən də işə tələsir. Mənim üçün bu gördüyüm işlər çətin deyil, illər boyu səhər saat 6-da yuxudan durmaq, gecə saat 12-də, 1-də yatmaq mənim həyat tərzimə çevrilib. Bu, mənim həyat obrazımdır. Burada yorulmaq olmaz. Dövlət və dövlətçilik üçün hələ çox işlər görməliyik. O insan yorular ki, o işindən ləzzət almasın. Mən gördüyüm işdən məmnunam. Verdiyim şərh kiməsə lazımdırsa, hansısa müsbət bir məqam gətirirsə, sevinirəm. O baxımdan bu qrafikimi gərgin hesab etmirəm. Bir də mənim bu qrafikimi başa düşən, məni anlayan yaxınlarım var. Onlar gözəl bilir ki, əgər mən onlara vaxt ayıra bilmirəmsə, bu, işimə görədir, hansısa başqa məqsədlərə görə deyil.


- MTN-lə bağlı baş verən son olaylar orada işləyən insanlarla bağlı da ümumi bir fikir formalaşdırdı. Siz necə düşünürsünüz, MTN əməkdaşı olmaq nə deməkdir?

- MTN-də ağıl, analitik təfəkkür ön planda olub. İndi də yəqin ki, bu istiqamətdə addımlar atılır. Orada baş verən prosesləri məndən soruşurlar ki, necə oldu və sair... Demək istəyirəm ki, hər şey insanın özündən asılıdır. MTN-də işləyəndə bilirdim ki, mənim obyektim insan taleyidir. O insanın taleyi ilə bağlı məsələlər elə həll olunmalıdır ki, səbəbsiz yerə əziyyət çəkməsin Düşünürəm ki, indi də bu cür MTN əməkdaşları var və çoxdur. Bəzi fikirləri MTN işçilərinin ümumi obrazına çevirmək doğru deyil. Tale elə gətirib ki, MTN, NKVD, o dövrlərin digər təhlükəsizlik qurumları insanlara etmədikləri səhvlərə görə cəzalar verib, bu quruluş o cür də gəlib. Hesab edirəm ki, çox qeyrətli, vətənini qorumağa hazır olan, Dağlıq Qarabağ müharibəsində itkilər verən bir qurumda işləmişəm və bununla da fəxr edirəm.


- Belə bir deyim var ki, sabiq milli təhlükəsizlik əməkdaşı olmur. Onlar xidmətini başa vurduqdan sonra da bəzi vərdişlər qalır. Bu mənada sizinlə ünsiyyətdə olarkən, dostlarınız, tanışlarınız və ya sizinlə ilk dəfə görüşən insanlar arasında çəkinənlər olubmu?

"Görülməyən işlərim var, bunları sona çatdırmaq lazımdır. Bir kitab hazırlamaq istəyirəm, "Bir əməliyyatçının qeydləri adında. Bir də istəyirəm ki, bir ensiklopedik nəşr hazırlayam



- O insanlar MTN-ə bir xətt üzrə baxırlar, yalnız siyasi məsələlərə görə dəyərləndirirlər. Lakin siyasətdən başqa dövlətin təhlükəsizliyinə iqtisadi təhdid də ola bilər, təbii fəlakət də ola bilər, terror təhdidi də ola bilər, radikal dini təhdid də ola bilər. Mən şərəf duymuşam ki, dövlətin və dövlətçiliyin qorunması ilə məşğul olmuşam. Burada kiminsə çəkinməyi doğru deyil. Kim çəkinirsə, deməli, özünün hansısa günahı var, hansısa qanun pozuntusu edib. Eyni sözü jurnalistlər haqqında da demək olar. Sizinlə söhbət edəndə də çəkinirlər ki, bunların işi istənilən şeyi yazmaqdır. Eləcə də, digər peşələr. Əgər kimsə məndən çəkinirsə, deməli, hansısa qara əməli var. Və ya mənim onun sözlərini kiməsə çatdıracağımı düşünürsə, deməli, onun özü o tərbiyənin sahibidir. Mən ehtiyatda olan zabitəm və bununla fəxr edirəm. Dostlarım xasiyyətimi bilir ki, mənim üçün dost məfhumu hər şeydən üstündür. Ətrafımda elə bir insan yoxdur ki, məni dərindən tanımasın.

- Arzu müəllim, əgər dövlət təhlükəsizlik orqanlarından yenidən təklif gəlsə, o sahəyə qayıdarsınızmı?

- Bilirsiniz, həyatda ən böyük nemət azadlıqdır. Əlimdən gəldiyi qədər o sistemdə işləmişəm. Bu gün də Azərbaycan üçün, dövlətçiliyimiz üçün nə lazımdırsa, etməyə hazıram. Ancaq bu gün desələr ki, yenidən oraya qayıt, getmək istəmərəm. Əvvəla, yaşım 53-dür, bu yaş təhlükəsizlik orqanları üçün elə də cavan sayılmır. Yəni, təqaüd vaxtıdır. Bu gün orada kifayət qədər o işləri görə biləcək insanlar var. Təbii ki, dövlət tərəfindən qarşıma konkret bir vəzifə qoyularsa, mən hazıram. Ümumilikdə, elə bir fikrim yoxdur.


- Maraqlıdır, o sərt qayda-qanunları olan sistemdən çıxdıqdan sonra jurnalistika mühitinə necə uyğunlaşdınız?

- Əvvəllər jurnalistlər haqqında tam təsəvvürüm yox idi. Lakin bu sahəyə gəldikdən sonra müşahidələr aparmağa başladım. Mən öyrənmişdim ki, saat 3-də başlayan tədbirə, 3-ə 10 dəqiqə qalmış getmək lazımdır. Lakin burada öyrəndim ki, jurnalist saat 3-də olan tədbirə, 4-də də gələ bilər, heç gəlməyə də bilər. Bu da hamısına xas olan məsələ deyil. Onların özünün fərdi tərbiyəsindən asılıdır. Ancaq mən elə bir kollektivdə çalışıram ki, onlar mənim istiqamətimi götürüb, mən də onlara uyğunlaşmışam.

"Vaxtilə MTN-də işlədiyim üçün məndən kim çəkinirsə, deməli, hansısa qara əməli var. Və ya mənim onun sözlərini kiməsə çatdıracağımı düşünürsə, yəqin özü o tərbiyənin sahibidir



- Arzu müəllim, bildiyim qədər elə-obaya bağlı bir insansınız. Kənd yerində böyümüş bir insan kimi, şəhər mühiti sizi sıxırmı?

- Mən 17 yaşımdan Tovuz rayonunda məktəbi bitirib Moskvaya getmişəm, oradan Bakıya dönüb, yenidən Tbilisiyə getmişəm. Daha sonra dünyanın 14 ölkəsində mənə verilən tapşırıqları yerinə yetirmişəm. Mənim üçün vətən atamın olduğu yerdir, ata-babalarımın torpağıdır, anamın məzarının olduğu yerdir. Bir də mənim üçün böyük Azərbaycan var. Mən Oğuz rayonunda anadan olmuşam, valideynlərim orada həkim işləyib. Böyüdüyüm Tovuz rayonunda isə mənim uşaqlıq dostlarım, sinif yoldaşlarım var. Bir də oraya gedəndə çalışıram ki, el-obamın hansısa problemini həll edə bilim, o insanlara nə iləsə faydalı olum.

- Nə vaxtsa, tamamilə köçüb rayonda yaşamaq istəyirsinizmi?

- Bu gün mənim 5-6 kitablıq materialım var. Sakit bir həyat tərzi lazımdır ki, onları toplayıb bir kitab halına salım. Həm də, təbiəti, ovu, ev heyvanlarını sevirəm. Lakin təbiətən mən sakitliyi, işləməməyi, monoton həyatı sevən bir insan deyiləm. Çalışacağam ki, ömrümün sonuna kimi hansısa işlə məşğul olam.

- Övladlarınız istədiyiniz kimi yetişdirə bildinizmi?

- Mənim iki oğlum var. Onlar mənim iki gözümdür. Çalışmışam ki, onlar vətənə layiq övlad olsunlar, yaxşı təhsil alsınlar, analitik təfəkkürlü olsunlar. Onlar tək mənim deyil, həm də analarının tərbiyəsi ilə yetişiblər. Düzdür, ağır ata da olmuşam, danlamışam da, səsimi də qaldırmışam, lakin çalışmışam ki, sərbəst böyüsünlər.

"Dövlət tərəfindən qarşıma konkret bir vəzifə qoyularsa, yenidən xüsusi xidmət orqanlarına qayıtmağa hazıram


- Bundan sonrası üçün arzularınız nələrdir?

- Arzularım çoxdur. Görülməyən işlərim var, bunları sona çatdırmaq lazımdır. Bir kitab hazırlamaq istəyirəm, "Bir əməliyyatçının qeydləri adında. Bir də istəyirəm ki, bir ensiklopedik nəşr hazırlayam. Bundan başqa ətrafımın sağlam olmasını arzulayıram, insanlara yaxşılıq etmək istəyirəm.