06 Dekabr 2019
05 Dekabr 2019
Zərdüşt Əlizadə: "Rusiya Cənubi Qafqazı özünün "arxa həyəti" hesab edir"
Zərdüşt Əlizadə: "Rusiya Cənubi Qafqazı özünün "arxa həyəti" hesab edir" MÜSAHİBƏ 12:59 2012-06-09

Zərdüşt Əlizadə: "Rusiya Cənubi Qafqazı özünün "arxa həyəti" hesab edir"
Zərdüşt Əlizadə: "Rusiya Cənubi Qafqazı özünün "arxa həyəti" hesab edir"

"Müxalifətin hakimiyyət barədə düşünməsi artıq mənasız işdir"

Hazırda Cənubi Qafqazda və Yaxın Şərqdə mürəkkəb bir situasiya yaranıb. Bu barədə suallarımızı tanınmış politoloq Zərdüşt Əlizadə cavablandıracaq.

-Zərdüşt bəy, Birləşmiş Ştatların Cənubi Qafqaza səfərinin yekunları Sizdə bir politoloq kimi hansı təəssürat yaratdı? Ümumiyyətlə, bu səfərin yekunlarını necə qiymətləndirirsiniz?
-Bunun üçün heç politoloq olmağa ehtiyac da yoxdur. Xanım Klinton öz vəzifə borcunu yerinə yetirir. Amerika qlobal bir dövlətdir. Yəni Birləşmiş Ştatların maraq dairəsinə bütün Yer kürəsi daxildir. Bir zamanlar ona bu hegemonluqda keçmiş SSRİ və onun başçılıq etdiyi sosialist düşərgəsi mane olurdu. Hazırda isə dünya iqtisadiyyatının 23 %-ni əlində cəmləşdirmiş Birləşmiş Ştatların qabağında dura biləcək ikinci qüvvə yoxdur.
Klinton bura gəlməzdən əvvəl Norveçdə olmuşdu, norveçlilərlə Arktikanın taleyini həll edirdi. Qafqazın taleyini həll etmək üçün də Qafqaza gəlmişdi. Bu səfərdə əsas məqsəd Amerikanın geosiyasi və iqtisadi maraqları idi. Ona görə də Gürcüstanda Amerikanın maraqlarına uyğun olaraq Gürcüstanı hərtərəfli şəkildə müdafiə etdiyini bir daha nəzərə çarpdırdı, bu ölkənin NATO-ya inteqrasiya olunmaq iradəsini müdafiə etdi və orada keçirilən demokratik islahatları dəstəklədi. Dövlət katibi Ermənistanın da Avropaya və NATO-ya inteqrasiya olunmaq meyllərini dəstəkləyib Türkiyə-Ermənistan sərhədlərinin açılmasında Amerikanın maraqlı olduğunu bir daha vurğuladı. Azərbaycana da gəlib neft-qaz, İrana münasibət və insan hüquqları, ölkədə demokratiyanın inkişafı məsələlərini müzakirə etdi və bu məsələlər barədə fikirlərini söylədi. Bütün bu məsələlər Amerikanın dövlət maraqlarının həyata keçirilməsi üçün önəmli məsələlərdir. Kimsə düşünürsə ki, Amerika gəlib hansısa xalq və ya hansısa siyasi qüvvə üçün nələrisə edəcək, o adam çox sadəlövhdür. Amerika yalnız və yalnız özünü düşünür və bütün normal, demokratik dövlətlər də həmişə belə davranır.
-Şəxsən mənə belə gəldi ki, hazırda Azərbaycanda mövcud olan sosial-siyasi durum Amerikanı qane edir...
-Azərbaycanın hazırda tutduğu mövqe Amerikanı müəyyən mənada qane edir. Çünki, əvvəla, bölgədəki neft-qaz resursları, Xəzər hövzəsi, bizim ölkənin Mərkəzi Asiyaya keçid dəhlizi olması baxımından Azərbaycan ABŞ-la əməkldaşlıq edir, beynəlxalq siyasət sahəsində Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Amerikanın yanındadır, antiterror əməliyyatlarında fəal iştirak edir və İrana qarşı siyasətdə də Amerikanın ürəyincə olan bir mövqe tutub. Və nə üçün də Amerika Azərbaycandan narazı qalsın?
-Xanım Klintonun rəsmi səfəri ərəfəsində və müddətində Azərbaycan-Ermənistan cəbhə xəttində vəziyyət yenidən gərginləşməyə başladı və Müdafiə Nazirliyinin məlumatına görə, hazırda bütün cəbhə boyu intensiv atışma gedir və Klinton artıq bölgəni tərk etsə də, atışma hələ də dayanmayıb. Bu nə ilə bağlıdır?
-Azərbaycan hakimiyyətinin belə bir siyasi xətti var ki, Dağlıq Qarabağ probleminin mövcudluğu müddətində həmişə cəmiyyətə mesaj verməyə çalışır ki, "Biz bu problemin həlli ilə məşğuluq!" Və bunun üçün də sözdə ermənilər yamanlanır və müdafiə xərcləri artırılır. Müxtəlif beynəlxalq tədbirlərdə, zirvə görüşlərində, xülasə, ən müxtəlif beynəlxalq təmaslarda Azərbaycanın yenilməz mövqeyi vətənpərvərcəsinə bir daha vurğulanır. Azərbaycan tərəfi bu dəfə xanım Klintonun bölgədə olmasından istifadə edərək yada saldı ki, Azərbaycan hökuməti Qarabağ məsələsini arxa plana keçirməyəcək və bu istiqamətdə lazımi addımlar atmaqdan çəkinməyəcək.
İkinci tərəfdən belə bir ehtimal da var ki, Rusiya özünün "arxa həyəti" hesab etdiyi Cənubi Qafqaza kənardan müdaxilə etmək cəhdlərini xoşlamır, onunla razılaşdırılmamış addımlara badalaq atmağa çalışır və cəbhə xəttindəki bu atışma onun diqtəsi ilə baş verib. Yəni Rusiya Birləşmiş Ştatlara anlatmaq istəyir ki, "Cənubi Qafqaz mənim patronajlığıma daxildir və bu ərazinin problemlərinə görə mən cavabdehəm. Ərazimə girmə".
-Bu gecə (dünən gecə-red.) maraqlı bir hadisə baş verib. Rusiya yeni ballistik raketini sınaqdan keçirib. Belə sınaqlarda, adətən, trayektoriyanın dəqiqliyi və hədəfə tez çatmaq mühüm şərtlərdən sayılır. Amma qəribədir ki, Həştərxandan buraxılmış və Qazaxıstandakı şərti hədəfə dəymiş bu sınaq raketi Ermənistan, Azərbaycan, İran, Suriya və hətta İsrailin də səmasında görünüb. Və bu qəribə uçuş bölgə əhalisində bir xof da yaradıb. Rusiya bu jestlə nə demək istəyir?
-Rusiyanın nə demək istədiyi elə raketin trayektoriyası ilə izah olunur. Yəni demək istəyir ki, onun çox fəal manevr etmək imkanlarına malik olan yeni raketi var. Qaldı ki, xof məsələsinə, mən şəxsən rusların sürprizindən xoflanmadım. Kimsə xoflanıbsa, bu onun daxili məsələsidir.
-Zərdüşt bəy, Azərbaycanın İrana ünvanladığı son kəskin replikaları müqabilində ikinci tərəfin ehtiyatlı davranmasını nə ilə izah edə bilərsiniz?
-Təssəvvürünüzə gətirin ki, sizin 50, yaxud 40 yaşınız var və 15 yaşlı yeniyetmə sizin üstünüzə atılır və ya nəsə deyir. Belə məqamda siz neyləyərsiniz? Çalışarsınız ki, bu yeniyetməni yola verəsiniz. İranın bir dövlət kimi 2500 illik yaşı var, Azərbaycanın isə 21. Təbii ki, daha qədim və qoca dövlət gənc dövlətə nisbətən səbirli davranacaq.
-Bəlkə, bu 250 yaşlı bu qoca dövlət 21 yaşlı gəncin arxasında dayanan qüvvəni gördüyü üçün belə ehtiyatlı davranır?
-Əgər İran Azərbaycanın arxasında duran gücləri görürsə və situasiyanı başa düşürsə, deməli, çalışır ki, onun üçün hazırda yaranmış bu mürəkkəb siyasi-iqtisadi-diplomatik vəziyyətdə artıq addımlar atmasın.
-Azərbaycan müxalifəti "Eurovision-2012"-nin ərəfəsində və keçirildiyi müddətdə xeyli fəallaşmışdı. Amma müsabiqədən sonra müxalifət düşərgəsində birdən-birə sükut çökdü. Hətta ABŞ dövlət katibinin səfəri zamanı da təşəbbüskar görünmədi. Azərbaycan müxalifəti niyə belə qəribə duruma düşdü?
-Mən belə düşünürəm ki, hər hansı bir işlə daima məşğul olmaq olmaz da. Bir işi görürsən, qurtarırsan və keçirsən başqa bir işə. İndi Azərbaycan müxalifətinin həmin işi qurtarıb və keçiblər başqa bir işə.
-2013-cü ildə keçiriləcək prezident seçkilərində Azərbaycan müxalifəti sürpriz yarada bilərmi?
-Xatırlatdığınız həmin seçkilərin Azərbaycan müxalifətinə nə dəxli var? O seçkilərin bu müxalifətə dəxli yoxdur. Malı mala qatmaq lazım deyil.
-Niyə dəxli yoxdur? Hansı malı hansı mala qatmayaq?
-Azərbaycan müxalifəti Azərbaycan hakimiyyətinin ona qarşı apardığı siyasət nəticəsində o qədər marginallaşdırılıb ki, müxalifətin hakimiyyət barədə düşünməsi artıq mənasız işdir.
-Birləşmiş Millətlər Təşkilatı etiraf etdi ki, Suriyadakı durumu tənzimləmək üçün bu qurumun hazırladığı barışıq planı iflasa uğrayıb. Buna görə də ABŞ və Qərb dövlətləri Bəşər Əsəd rejiminə qarşı daha radikal addımlar atmaq istəyir, yəni Suriyaya hərbi müdaxilə gündəmə gəlib. Belə olsa, Yaxın Şərqdəki qüvvələr nisbəti hansı yöndə dəyişə bilər? Xüsusən də İranın gələcək aqibəti baxımından...
-İranın taleyi belədir ki, bu ölkənin boğazına keçirilmiş ip getdikcə daralmağa başlayır. Hazırda Suriya dünyada İranın yeganə müttəfiqidir. Hər halda, mən belə hesab edirəm. İndi isə Suriyanı vururlar. Ondan sonra növbə İrana çatacaq. İrandan sonra növbə Rusiyanın, daha sonra isə Çinindir. Yəni bu proses dünya ağalığı uğrunda gedən mübarizədir. Və bu prosesi tələsmədən, aram-aram, ardıcıl şəkildə aparırlar. Yada salım ki, dünyanın ictimai rəyini formalaşdıran dünya mediası da Qərb dövlətlərinin əlindədir. Bu media vasitəsilə isə dünyadakı istənilən insanı diktator və ya qaniçən cəllad kimi təqdim etmək olar və bunu lazım gələndə edirlər də. Hərçənd ki, Suriyada həqiqətən də diktator rejimi hökm sürür və Bəşər Əsəd, doğrudan da, son diktatorlardan biridir. Amma dünyada ondan qat-qat pis diktator da var. Amma bu diktator Amerikanın işinə yarayır və onun ünvanına bir kəlmə də olsun tənqidi söz deyilmir. Bəşər Əsəd isə həm diktator, həm də İranın yaxın müttəfiqi olduğu üçün onun barəsində nə lazımdırsa, deyilir və yazılır. Heç bir istintaq, araşdırma aparılmadan dünya mediası vasitəsilə istənilən cinayət onun ayağına yazılır. Beləliklə də, Suriyada hakimiyyətin dəyişilməsi planı tam gücü ilə işə düşüb. İndi ola bilsin ki, bu proses bir ay çəkər və ya üç-beş ay, amma Bəşər Əsədin taleyi artıq həll olunub. Yadınıza salmaq istəyirəm ki, Liviya diktatoru Qəddafinin devrilməsi prosesi az vaxt aparmadı. Əsas budur ki, qüvvələr nisbəti mütləq mənada Qərbin tərəfindədir. Suriya prezidenti əbəs yerə bu qədər müqavimət göstərir. Fikrimcə, o əvvəldən daha ağıllı variant seçə bilərdi. Yəni özü, ailəsi və ölkəsi Səddam Hüseynin, Qəddafinin, Liviyanın, İraqın aqibətini yaşamasın deyə. O, sadəcə, bu şansı da əldən buraxdı. Çünki Suriyanı və Bəşər Əsədi müdafiə edən Rusiyaya elə bir sövdələşmə təklif edilə bilər ki, o düşünmədən Əsədi güdaza verə bilər. Çox güman ki, beə də olacaq.

Söhbətləşdi: Savalan