"Azərbaycana səfərimin məqsədi iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin aparılması ilə bağlıdır. Məsləhətləşmələrin sonuncu mərhələsi 2013-cü ildə Dehlidə keçirilib. Arada müəyyən fasilə yaranıb və biz bu boşluğu doldurmaq qərarına gəldik.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Hindistan xarici işlər nazirinin müavini Sujata Mehta deyib.

O, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla ikitərəfli əlaqələrlə bağlı məhsuldar müzakirələr apardığını bildirib: 

"Biz ikitərəfli münasibətlərin geniş spektrini nəzərdən keçirdik və iqtisadi əməkdaşlıq üçün labüd olan müxtəlif imkanlara diqqət yetirdik. Habelə yaradılması planlaşdırılan vacib beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı danışdıq. Bu layihənin region ölkələri üçün böyük faydası olacaq. Bu dəhliz Azərbaycan və İrandan keçməklə, Rusiya və Hindistan arasında nəqliyyat dəhlizi funksiyasını yerinə yetirəcək. Bu vacib təşəbbüslə yanaşı informasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələrimiz olub".