Bu gündən Azərbaycanın ali məktəblərinə bütün ixtisas qrupları üzrə (I-V qruplar) ixtisas seçimi başlayır. Unikal.org-un APA-ya istinadən xəbərinə görə, ixtisas seçimi 29 iyul-10 avqust tarixlərində aparılacaq.

2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Bu il I-IV qruplar üzrə keçirilən qəbul imtahanlarında 78545 abituriyent iştirak edib və onlardan 34 385-i 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək imkanı qazanıb.

I ixtisas qrupu üzrə "Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən az olmayan 8741 abituriyent, "Kompüter elmləri" və "Geologiya" ixtisasları üzrə müsabiqədə isə ümumi balı 300-dən az olmayan 6504 abituriyent ixtisas seçimində iştirak edəcək.

Bu il I ixtisas qrupu üzrə "Aqromühəndislik", "Torpaqşünaslıq və aqrokimya", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasının, IV ixtisas qrupu üzrə isə "Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər" ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya" və "Əczaçılıq" ixtisaslarının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər də (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur) ixtisas seçimində iştirak edə biləcəklər.

I və IV qruplar üzrə 150-dən yuxarı bal toplayan 18031 abituriyent ixtisas seçimində iştirak edəcək.

V ixtisas qrupunda qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olanlar ixtisas seçimində iştirak edəcəklər.