Əmanətlərin qaytarılması üçün müraciət vaxtının uzadılmasına ehtiyac var?
Əmanətlərin qaytarılması üçün müraciət vaxtının uzadılmasına ehtiyac var?

Artıq iyunun 1-dən etibarən əmanətlərin qaytarılması prosesinə başlanıb. Lakin bu əmanətlərin qaytarılmasında kiçik də olsa, müəyyən problemlər var. İqtisadçı, ekspert Vüqar Bayramov bu mövzu ilə bağlı bir sıra suallara aydınlıq gətirib.
Əmanətlərin qaytarılmasında qarşılaşılan problemlərdən danışan ekspert deyib: "Əmanətlərin qaytarılması bütün hallarda müsbət haldır. Bu məsələ dəfələrlə müzakirə olunub. Ölmüş əmanətlərin qaytarılması və onun indeksləşməsi əhalinin sosial müdafiəsi baxımından daha əhəmiyyətlidir. Əmanətlərin qaytarılması ilə bağlı ilk həftəni qiymətləndirsək, müəyyən texniki problemlərin olduğunu görürük. Bu problemlər onunla bağlıdır ki, məntəqələrin qarşısında kifayət qədər böyük növbələr var. Əmanətlərin qaytarılması ilə bağlı Kapital bank və Maliyyə Nazirliyi tərəfindən 143 məntəqə yaradılıb ki, onların da 65-i Bakı şəhərindədir. Eləcə də rayonlarda vətəndaşlar Kapital Bankın filiallarına əmanətlərin qaytarılması ilə əlaqədar müraciət edə bilərlər. Məhz əmanətlərlə bağlı müraciət üçün xüsusi sənədlərin - əmanət kitabçalarının yararsız hala düşməsi və ya itirilmiş olması ilə bağlı Bakı şəhərində və rayonlarda xüsusi komissiyalar yaradılıb. Lakin bunlara baxmayaraq məntəqələrdə növbələr çoxdur. Əslində bu gözlənilən haldır, çünki ilkin mərhələdə vətəndaşlar daha tez əmanətlərini almağa maraqlıdırlar. Nəzərə almaq lazımdır ki, ölkə prezidentinin imzaladığı fərmanda əmanətlərin qaytarılması müddəti il yarım - iyunun 1-i 2012-ci ildən başlayaraq 31 dekabr 2013-ə qədər göstərilir. Amma Maliyyə Nazirliyinin tətbiq etdiyi qaydalarda əmanətlərin qaytarılması üçün müraciətin müddəti 2012-ci ilin 31 dekabra qədər müəyyənləşdirilir. Əmanətlərin qaytarılması üçün müddətin qısa müəyyən edilməsi vətəndaşların daha tez zamanda əmanət alması üçün müraciətinə gətirib çıxarır. Nəzərə alsaq ki, Kapital Bank sənədlər təqdim olunduqdan bir gün sonra, əgər sənədlərdə problem olmazsa, ən gec 5 günə əmanəti vətəndaşa qaytarır. Əslində texniki problemləri olduğu üçün bu gün bankların və məntəqələrin qarşısında kifayət qədər uzun növbələr var. Bu baxımdan bütün hallarda əmanətlərin qaytarılması üçün müraciət vaxtının uzadılmasına ehtiyac var".
"Bu problemlərin meydana gəlməsi vətəndaşların maarifləndirilməməsi ilə bağlı ola bilərmi" sualına cavab olaraq Vüqar Bayramov deyib: "Etiraf etmək lazımdır ki, Maliyyə Nazirliyi, eləcə də Kapital Bank insanların məlumatlanması ilə bağlı xeyli işlər həyata keçirib. Maliyyə Nazirliyinin saytında ərizə formaları onlayn formada və bütün məntəqələrin siyahsı, eləcə də ünvanı yerləşdirilib. Qeyd edim ki, hətta vətəndaş öz əmanət kitabçasında olan rəqəmi daxil etməklə nə qədər vəsait alacağını internet vasitəsilə hesablaya bilər. Bu baxımdan Maliyyə Nazirliyi və Kapital Bankın maarifləndirmə istiqamətində gördüyü işlər yetərincədir. Nəzərə almaq lazımdır ki, 2 milyon 400 min əmanətçi var. Lakin bu əmanətçilərin hamısı internetdən istifadə etmir. Ona görə də əmanətlərin qaytarılması ilə bağlı əhali arasında məlumatsızlıq var".
Yeri gəlmişkən, iqtisadçı-ekspert ABŞ dövlət katibi Hillari Klinton QHT rəhbərləri ilə görüş keçirib. Görüş haqqında təəssüratlarını danışan Bayramov deyib: "ABŞ-ın dövlət katibi Hillari Klinton ölkədə fəaliyyət göstərən bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının liderlər ilə görüşüb. Qeyd edim ki, görüş ABŞ səfirliyində təşkil olunub. Səfirlik öncədən görüşdə iştirak edəcək vətəndaş cəmiyyətlərinin liderlərini dəvət etmişdi. Görüşdə Azərbaycanın 2011-ci ildə qoşulduğu açıq büdcə üzrə tərəfdaşlığın əldə etdiyi uğurlar, eyni zamanda, ölkədə vətəndaş cəmiyyətinin rolunun artırılması məsələsini də müzakirə ediblər.
Görüşdə son illər şəffaflıq və hökumət açıqlığı sahəsində Azərbaycanda bir çox uğurlar əldə olunduğu bildirilib. O, cümlədən görüşdə büdcə sənədlərinə çıxış imkanlarının artırılması, Maliyyə Nazirliyinin büdcə sənədlərinin onlayn yerləşdirilməsi vurğulanıb.
QHT nümayəndələri rəsmi qonağa bildiriblər ki, elektron hökumətin işə salınması ilə bağlı ölkə prezidentinin xüsusi tapşırığı olub. Azərbaycan artıq açıq hökumət hərəkatına qoşulub, bu da ölkədə şəffaflığın artırılması kimi dəyərləndirilir. Xanım Klinton isə öz növbəsində Azərbaycanda elektron hökumətin fəaliyyətə başlaması ilə bağlı aparılan işlərdən məmnun olduğunu deyib. O, xüsusilə vurğulayıb ki, elektron hökumətin istifadəyə verilməsi tək korrupsiyaya qarşı mübarizə üçün deyil, eyni zamanda cəmiyyətin inkişafı üçün də vacibdir.
Müzakirə olunan məsələlər arasında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsində ABŞ-ın yardım etməsi istənilib. Xanım Klinton bundan başqa Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbul olunması üçün bir sıra dövlətlərlə danışıqlar aparmasının zəruri olduğunu deyib. Bununla yanaşı Azərbaycan qanunvericiliyində müəyyən dəyişiklik olmalıdır.
Bütövlükdə Hillari Klinton Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafından məmnun olduğunu bildirib və o, qeyd edib ki, bu müsbət haldır ki, vətəndaş cəmiyyətlərinin təşkilatları ölkəmizdə müxtəlif sektorlarda fəaliyyət göstərir. Qonaq həmçinin ABŞ-ın Azərbaycandakı vətəndaş cəmiyyətlərinə və onların inkişafına dəstək verəcəyini deyib".
Sənan Mirzə