Bəziləri deyir ki, telefondan heç istifadə etmədim. Yox. Telefonum var idi. Ancaq sosial şəbəkələrdən istifadə etmirdim. Yalnız mahnılara qulaq asırdım boş vaxtlarımda. Gündə 4-5 saat dərs oxuyurdum. 1 saat istirahət, 1 saat televizora baxırdım.
Bu sözləri ali məktəbə imtahan verən yüzlərlə abituriyentdən biri olan Elvin Quliyev deyib. O, nə az, nə çox - 684 bal toplayıb.

Unikal.org TTV-yə (Region TV) istinadən xəbər verir ki, qəhərmanımız bu nailiyyətin əsas səbəbini vaxt bölgüsünün düzgün aparılmasında görür. Onu maksimum nəticədən cəmi 2 sual ayırıb. Cavablandıra bilmədiyi suallar tarix və Azərbaycan dilindən olub: "Tarixdən olan sual, əslində, çox asan sual idi. Mexaniki bir səhv oldu. Heç vaxt yadımdan çıxmaz o sualın cavabını səhv verməyim".

Dərsləri ilə ciddi məşğul olan Elvinin valideyinləri də ondan bu nəticəni gözləyirdilər. Deyirlər ki, o, bu nəticəni əldə etmək üçün gecə-gündüz çalışıb.

Elvinin nənəsi Solmaz Qasımova olduqca sevincli olduqlarını dilə gətirib: "Bu sevinci sözlə demək mümkün deyil. Necə sevindik onu bir Allah bilir, bir biz. Bu sevinci bütün valideynlərə arzu edirəm".

Qəhrəmanımızın digər nənəsi Gülluzar Quliyeva isə "Axşam saat 5 idi. Televizora baxırdıq. Dedi ki, ay nənə, cavablarımız indi çıxacaq. Bir də gördüm ki, uşaq sevincdən oradan bəri elə hoppandı ki. Dedi ki, mən 684 bal toplamışam".

Elvinin yüksək balla ali məktəbə qəbul olmasına valideyinləri qədər müəllimləri də sevinib. Çünki onların da bu nailiyyətdə az əməyi olmayıb.

İbtidai sinif müəlliməsi Aidə İbrahimova şagirdinin bu nəticəsinə çox sevindiyini bildirib: "Elvin elə birinci sinifə daxil olandan 4-cü sinifə qədər müəlliməsi mən olmuşam. Uşaqlardan, yoldaşlarından çox fərqlənirdi. Həmişə istəyirdi ki, onlardan irəli çıxsın. Fərqli nəsə bir şey eləsin. Oxumağı, yazmağı, bir sözlə hər bir şeyi ilə seçilirdi".

Digər müəllimlərin sözlərinə görə, o, yaşından böyük düşüncəyə sahib olub: "3-cü qrupa imtahan verəcəyi haqqında qərara gəlmişdi. Müəllimləri və şagirdlərlə söhbətdə o, artıq özünü həmin qrupun tələbəsi kimi göstərirdi. 700 bal gözləyirdik. Yeniyetmə olsa belə, qeyri-səmimiliyi sevən uşaq deyildi".

Kiçik yaşlarından hüquqşunas olmağı arzulayan Elvin indi ixtisas seçimi mərhələsindədir. O, təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsində davam etdirmək niyyətindədir.