Bahar Muradova: "Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla mövcud iqtidarın apardığı siyasətin mərkəzində insanların rifahı, həyat şəraitinin yaxşılaşdırılması dayanır"

Azərbaycan hökuməti mövcud iqtisadi sıxıntılara baxmayaraq, sosial yönümlü layihələrin axsamasına imkan vermək niyyətində deyil. Artıq bununla bağlı dövlətin prioritet siyasəti də müəyyənləşib.
Bu xəttin davam etdiriləcəyi Prezident səviyyəsində elan olunub. Dünyada kəskin xarakter alan böhran prosesləri səbəbindən ölkəmizdə manatın məzənnəsinin devalvasiyaya uğramasının mənfi təsirlərinin aradan qaldırılması məqsədi ilə Azərbaycanda həyata keçirilən çevik və məqsədyönlü islahatlar kursu ilk növbədə əhalinin dövlət tərəfindən etibarlı sosial müdafiəsinin təmin edilməsinə yönəlib. Azərbaycan Prezidenti cənab İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı bu günlərdə keçirilən müşavirədə də mövcud iqtisadi şəraitdə ilk növbədə insanların sosial müdafiəsi məsələlərinin daim diqqətdə saxlanılmasının vacibliyini bir daha bəyan edib. Dövlət başçısı tərəfindən bu məqsədlə son bir neçə gündə ardıcıl olaraq sosial müdafiə xarakterli fərman və sərəncamlar imzalanaraq, ölkədə əmək pensiyaçılarına, məcburi köçkünlərə, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət tərəfindən ödənilən sosial ödənişlərin, habelə ayrı-ayrı sahələrdə çalışan işçilərin əmək haqlarının artırılması təmin olunub. Bu istiqamətdə növbəti addımlar kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yanvarın 19-da sosial müavinətlərin və müharibə əlillərinə Prezident təqaüdlərinin artırılmasını nəzərdə tutan daha iki Fərman imzalanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Unikal"a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 19 yanvar 2016-cı il tarixli Fərmanı müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin daim diqqət mərkəzində olduğunu göstərir. Fərmanda müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılmaqla, bu təbəqədən olan I qrup əlillər üçün 165 manat, II qrup əlillər üçün 143 manat, III qrup əlillər üçün 110 manat müəyyən edilib. Fərman müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 19 000 nəfərdən çox vətəndaşa şamil olunacaq. Onlardan 12 616 nəfəri Qarabağ müharibəsi əlilləridir. Bu artımın təmin edilməsi üçün ilin sonunadək dövlət büdcəsindən 2,7 milyon manat vəsait xərclənəcək.
Son iki ildə artıq ikinci dəfədir ki, müharibə əlillərinə, o cümlədən Qarabağ müharibəsi əlillərinə Prezident təqaüdü artırılır. 2014-cü ilin əvvəli ilə müqayisədə həmin təqaüdlərin orta aylıq məbləğində 61 faizdən çox artım özünü göstərib. Dövlət başçısının "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" 19 yanvar 2016-cı il tarixli Fərmanı isə əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə sosial müavinətlərin məbləğinin 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılmasını nəzərdə tutur. Sənədin ölkədə dövlət tərəfindən sosial müavinətlə təmin olunan ümumilikdə 453 000 min nəfərədək şəxsi əhatə edəcəyi nəzərdə tutulur. Həmin insanlardan 49 430 nəfəri Qarabağ müharibəsi veteranları, 138 864 nəfəri əlilliyə görə, 13 852 nəfəri yaşa görə, 41 007 nəfəri ailə başçısını itirməyə görə sosial müavinət alanlar, qalanları isə qanunvericilikdə nəzərdə tutulan digər müvafiq təbəqələrdən olanlardır. Bu artımla əlaqədar dövlət büdcəsindən ilin sonunadək 25, 0 milyon manat vəsaitin ayrılması təmin olunacaq.
Qeyd edək ki, hər iki Fərmanla müharibə əlillərinə (o cümlədən Qarabağ müharibəsi əlillərinə) həm Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, həm də əmək pensiyası almaq hüquqları olmadığı halda əlilliyə görə aldıqları aylıq sosial müavinətin məbləği artırılır. Bu Fərmanların əhatə etdiyi vətəndaşların 62 046 nəfəri məhz Qarabağ müharibəsi əlilləri və veteranlarından ibarətdir. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" bəyanatının daha bir əməli təsdiqi və ölkədə sosial-iqtisadi inkişafın davam etdirilməsi məqsədilə aparılan işlərin ilk növbədə əhalinin sosial müdafiəsinə xidmət etdiyinin real təzahürüdür.
Bu barədə fikirlərini bildirən Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla mövcud iqtidarın apardığı siyasətin mərkəzində insanların rifahı, həyat şəraitinin yaxşılaşdırılması dayanır. B.Muradova bildirib ki, Azərbaycan hökumətinin iqtisadi siyasəti sosial yönümlüdür: "Biz bunu həmişə büdcə paketi müzakirə ediləndə də vurğulayırıq ki, budcə qarşısında duran məqsəd sosial yönümlüdür. Bu gün bütün dünyada qlobal iqtisadi çətinliklər yaransa da, Azərbaycan iqtidarının, cənab Prezidentin apardığı siyasətin sosial mahiyyəti qabarıq şəkildə görünür və ayrı-ayrı sahələrdə fəaliyyət göstərən işçilərin, o cümlədən büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqlarının, həmçinin sosial müavinətlərin, pensiyaların, prezident təqaüdlərinin, ümumiyyətlə, bütün təbəqədən olan insanların maddi təminatının artırılması istiqamətində qəbul olunan qərarlar, Prezident tərəfindən verilən sərəncamlar bir daha sosial siyasətin məhz elə iqtisadi çətinlik dövründə də özünü büruzə verdiyini ifadə edir və bu onu göstərir ki, nə qədər çətin olsa da, Azərbaycan hökuməti məhz insan amilinə ciddi önəm verir".
Vitse-spiker vurğulayıb ki, bu, həm də Azərbaycan iqtidarının tədbirli, siyasətində ardıcıl və məqsədyönlü olduğunu göstərir: "Digər ölkələrə baxsaq, heç bir ölkədə qlobal iqtisadi çətinlik şəraitində belə qərarların qəbul olunduğunu görmərik. Təkcə bu dövrdə yox, bütün dövrlərdə Azərbaycan hökuməti insanların rifahının yaxşılaşmasına yönəlmiş ciddi qərarların müəllifi kimi çıxış edib və bu dəfə də belədir".
Onu da nəzərə çatdıraq ki, sosial qayğıya ehtiyacı olan vətəndaşların işlərinin yüngülləşdirilməsi üçün elektron xidmətlərin də köməyi böyükdür. Belə ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də pensiyaların ödənişinin avtomatlaşdırılması daha da inkişaf etdirilib. Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizdən çox hissəsini əhatə edir və Fondun məlumat bazasında 1 milyon 295 mindən çox pensiyaçı, 3 milyon 180 mindən çox sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan "Unikal"a verilən məlumata görə, 2015-ci il ərzində Fondun təqdim etdiyi elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilib. Fondun fəaliyyət istiqamətləri üzrə əlavə elektron xidməti aktivləşdirilərək, "Elektron hökumət" portalına inteqrasiya edilməsi nəticəsində sığortaedən və sığortaolunanların uçotu sahəsində xidmətlərin tam elektronlaşması təmin edilib. Əhaliyə göstərilən xidmətlərin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi işinin uğurla davam etdirilməsi nəticəsində "Elektron hökumət" portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. 2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun öz saytı, "Elektron hökumət portalı" və "Elektron ödəniş portal" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü illə müqayisədə 2 dəfə çoxdur.
Bütün bunlar ölkədə sosialyönümlü siyasətin hərtərəfli inkişaf etdiyini göstərir. Yəni, dövlət təkcə qayğıya ehtiyacı olanların sosial problemini həll etmir, eyni zamanda, onların bürokratik əngəllərlə üzləşməməsi üçün müvafiq addımlar atır.