Britaniya hökuməti zərurət yaranarsa, Türkiyədə olan 50 mindən artıq britaniyalı turisti xilas etmək üçün hərbi əməliyyat planlaşdırır.

Unikal.org-un APA TV-yə istinadən məlumatına görə, bu iddia ilə "Daily Express" qəzeti çıxış edib. Qəzet bildirib ki, hərbi əməliyyatda iştirak edəcək xüsusi təyinatlı birləşmələr artıq Yunan Kiprində yerləşən Britaniya hərbi bazasına göndərilib. İddianın müəllifləri bildirir ki, ölkədə ikinci hərbi çevriliş cəhdi olarsa, yüzlərlə döyüş təyyarəsi, vertolyot və yük təyyarələri 50 mindən artıq britaniyalı turisti xilas etmək üçün səfərbər olacaqlar.

 
Bu barədə "Daily Star Sunday" nəşrinə açıqlama verən hərbi mənbə qeyd edib ki, əgər ikinci çevriliş cəhdi olarsa, bu, vətəndaş müharibəsinə çevrilə bilər: "Belə olan təqdirdə geniş miqyaslı beynəlxalq böhran yaşanacaq. Bütün ölkələr Türkiyədə yaşayan və ya tətilə gedən vətəndaşlarını xilas etməyə çalışacaqlar və biz də bu oyunun içərisində olacağıq".
 
Plana əsasən, xilasetmə əməliyyatı Türkiyə sahillərindən 100 mil uzaqlıqda yerləşən hərbi bazadan idarə olunacaq, bundan başqa hazırda Aralıq dənizində olan Britaniya döyüş gəmiləri də baş nazir Tereza Meyin əmri əsasında əməliyyata qatıla bilər. Britaniya hərbi birləşmələri qarşısında Türkiyə ərazisində "təhlükəsiz bölgələr" yaratmaq, aeroportlardan Britaniya vətəndaşlarının təxliyəsi üçün istifadə etmək tapşırığı da qoyulub. Qəzet əməliyyat ilk növbədə Livanda olan SAS xüsusi təyinatlı birləşmələrinin başlayacağını bildirib.