"Müsavat partiyasının rəhbəri Arif Hacılı son müsahibəsində "Yeni Müsavat" qəzeti və Rauf Arifoğlu barədə dediyi təhqiramiz sözlərə, heç bir fakta əsaslanmayan ifadələrə, iftira və böhtanlara görə 1992-ci ilin sentyabr ayından bu günə kimi üzvü olduğum Müsavat partiyasındakı fəaliyyətimi dayandırıram. 
Unikal.org-un məlumatına görə, bu fikirləri "Yeni Müsavat qəzetinin baş redaktorun birinci müavini Azər Ayxan deyib. O bildirib ki, A.Hacılının bu çirkin mövqeyi təkcə R.Arifoğluna qarşı yönəlməyib: " Onun bu sözləri, böhtan və təhqirləri avtomatik olaraq Rauf bəyin rəhbərlik etdiyi "Yeni Müsavat" media qrupunda çalışan onlarla tanınan imzaya, jurnalist kollektivinə yönəlib. Ən dəhşətlisi isə odur ki, özünü demokrat siyasətçi kimi cəmiyyətə sırımağa çalışan Arif Hacılı bu mövqeyi ilə söz-mətbuat azadlığına qarşı olduğunu sübut etdi. Həmçinin fərqli mövqeyə, baxışa, ifadə azadlığına düşmən mövqedə dayandığını isbatladı. Bir qəzet redaktorunun, jurnalistin partiyadan istefasını şərh edərkən həmin jurnalistə qarşı mənəvi-psixoloji terrora yol verdi. Belə bir düşüncə daşıyıcısının rəhbər olduğu partiyada qalmaq, fəaliyyət göstərmək əslində demokratiyaya, söz və mətbuat azadlığına, prinsiplərə hörmətsizlik olardı.