"Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğalı altında olan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi və suveren ərazisidir. Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyi gec-tez tam şəkildə təmin olunacaq. Buna əsla heç kimin şübhəsi olmasın".
Unikal.org-un xəbərinə görə, bunu Ermənistan prezidenti Serj Sarkisyanın dünən Dağlıq Qarabağla bağlı açıqlamasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, ölkə daxilində və beynəlxalq səviyyədə nüfuzunu itirmiş Ermənistan rəhbərliyinin bu bəyanatı daxili auditoriyaya ünvanlanmış növbəti açıqlamalardan biridir: 
"Bu bir daha onu göstərir ki, keçmişin əsiri olan Ermənistanın siyasi rəhbərliyi bu günün reallığını dərk etmir, hələ də keçən əsrin 80-ci illərinin sonuna xas "səhra komandiri təfəkkürü ilə düşünür. Tarixi saxtalaşdıran Ermənistan rəhbərliyinin yaddaşını təzələyərək ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar Ağdərə rayonunun Marağa kəndində 1978-ci ildə qurulmuş "Marağa-150 abidəsini xatırlatmaq istərdik. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlaması ilə "Marağa-150 abidəsi də 1988-ci ildə qəsdən ermənilər tərəfindən məhv edildi. Bu məntiqlə yanaşsaq, ermənilər köç edərək bir neçə onilliklər ərzində yaşadıqları digər ölkələrə də "tarixi erməni torpağıdır deyə ərazi iddiaları irəli sürə bilərlər.