Türkiyədə dövlət çevrilişi ilə əlaqəsi olan hər kəs dövlət qurumlarından xaric edilməlidir. Son hadisələrin iştirakçıları arasında on minlərlə yüksək vəzifə sahibi var. Dövlət çevrilişinə cəhd zamanı Türkiyə dünya demokratiyasının indiyədək görmədiyi fərqli mənzərəni ortaya qoydu.

Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya və Meksika televiziyalarına müsahibəsində deyib.

Türkiyə prezidenti qeyd edib ki, yaxın günlərdə ölkə Konstitusiyasına 60 maddə üzrə dəyişikliklər ediləcək.

Baş nazir Binəli Yıldırım da CNN Türk televiziyasına müsahibəsində qarşıdakı günlərdə Türkiyə Konstitusiyasına dəyişikliklər ediləcəyini, bununla bağlı hazırlıq işlərinin görüldüyünü deyib.

Çevrilişə dəstək verən qurumlarla bağlı gərgin iş aparıldığını bildirən baş nazir diqqətə çatdırıb ki, saxlanılanların və həbs edilənlərin ifadələrindən hər gün yeni məlumatlar əldə olunur. O, Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Xidmətinin daha da təkmilləşdiriləcəyini bildirib. Həmçinin qeyd edib ki, çevriliş cəhdindən sonra 3 min 499 nəfər istefaya göndərilməklə, ümumilikdə 62 min nəfər işindən kənarlaşdırılıb.