Bu gün Braziliyadakı Atletlər kəndində Azərbaycan bayrağının qaldırılması mərasmi keçirilib.

Unikal.org-un məlumatına görə, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova "Qafqazinfoya açıqlamasında bildirib ki, mərasimdə Baş nazirin birinci müavini Yaqub Eyyubov, Gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov iştirak ediblər.

Mərasimdən öncə Braziliyanın adət-ənənələrini özündə əks etdirən rəqs nümayiş olunub, daha sonra səhnəyə basketbol üzrə 2 qat olimpiya çempionu və olimpiya kəndinin meri Janet Alkeyn çıxıb. O, idmançıları salamlayıb və uğurlar arzulayıb. Bundan sonra olimpiya himni səsləndirilib, olimpiya bayrağı qaldırılıb.

Səhnəyə dəvət olunan Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov Alkeynə simvolik hədiyyə təqdim edib.

Səmayə Məmmədova qeyd edib ki, Azərbaycanla birgə bu gün Lixtenşteyn, Kolumbiya kimi ölkələrin də bayraqlarının qaldırılma mərasimi baş tutub:

"Azad Rəhimov və digər rəsmilər idmançılarımızın qaldığı binaya da yollanıblar, otaqlarla tanış olublar. Azərbaycan idmançılarının qaldığı binanın üzərində ölkəmizin bayrağı asılıb. Qürurverici məqam odur ki, hər kəs Azərbaycan bayrağını görə bilir. Azad Rəhimov idmançılarla söhbət edib, onların istəkləri ilə maraqlanıb.