Azərbaycan prezidenti İlham Əliyev "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, Vergilər Nazirliyi 3 ay müddətində:

2.1. "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri nəzərə alınmaqla vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

2.2. vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının, xüsusilə kameral vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirməlidir;

2.3. vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirməlidir, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etməlidir;

2.4. nümunəvi vergi ödəyicisi üçün meyarları müəyyən etməlidir, həmin vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığını sadələşdirməlidirvə ünvanlı xidmətlərin əhatə dairəsini genişləndirməlidir;

2.5. vergi qanunvericiliyinə əməl edən nümunəvi vergi ödəyiciləri və vergi qanunvericiliyində mütəmadi olaraq nöqsanlara yol verən intizamsız vergi ödəyiciləri ilə bağlı məlumatları Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirərək ictimaiyyətə açıqlamalıdır;

2.6. vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsini genişləndirməlidirvə bu sahədə keçirilən vergi yoxlamalarının keyfiyyətini artırmalıdır;

2.7. müasir standartlara uyğun olaraq vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan "Outbound Call Centre (geriyə - müştəriyə zəng xidməti) funksiyalarının tətbiqini təmin etməlidir;

2.8. real vergi potensialının düzgün müəyyən olunması, vergi nəzarətinin keyfiyyətinin artırılması və nəzarət tədbirlərində şəffaflığın təmin edilməsi məqsədilə informasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunmaqla risklərin avtomatik emal edilməsinə, təsnifləşdirilməsinə, təhlilinə və vergi ödəyicilərinin risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risk qiymətləndirmə sistemini yaratmalıdır;

2.9. borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və onların aid olduğu risk qrupundan asılı olaraq, borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsini və inzibatçılığın təkmilləşdirilməsini təmin etməlidir;

2.10. vergi orqanları ilə vergi ödəyicilərinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili məqsədilə vergi bəyannamələrinin formalarını təkmilləşdirməlidir;

2.11. vergi ödəyicilərinin vaxtına və resurslarına qənaət edilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatının alınması, ASAN imzanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya bərpası kimi xidmətlər göstərilməsini təmin etməlidir.