Bəzi tikinti şirkətləri tərəfindən binaların damları da vətəndaşlara satılır. Həmin damı özü üçün açıq hava məkanı edənlər də var, oranı bağlayıb evinə qatanlar da. Qanunvericiliyə görə isə, damın zəbt edilməsi qadağandır və bunu edən sahibkar 25 min manata qədər cərimə oluna bilər.

Binanın layihəsinə əsasən, sonuncu mərtəbələr pilləkən formasında tikilib. Yəni alt mərtəbənin damı üst mərtəbənin böyür tərəfinə düşür. Bu tip layihə ilə bina tikən bəzi şirkətlər vəziyyətdən sui-istifadə edərək damları üst mərtəbənin sahiblərinə boş yer kimi satırlar.

Elə videodan da göründüyü kimi bu kompleksdə də şirkət tərəfindən alt qonşunun damı satılıb. Hətta evi təmir elətdirən şəxs damın blokdan olan ümumi girişini hördürərək evin içindən dama şəxsi çıxış qoydurub.

Ekspertlər bildirirlər ki, çoxmənzilli binalarda ümumi istifadədə olan yerlər sırasına liftlər, pilləkənlər, pilləkən meydançaları, həyətyanı sahələr və damlar daxildir ki, bu yerlərin zəbt edilməsi və ya satılması yolverilməzdir. Çünki həmin ərazilər həm də fövqəladə hadisələr zamanı təxliyyə üçün nəzərdə tutulur.

Daşınmaz əmlak eksperti Ramil Osmanlı deyir ki, bu hal həmin binada yaşayanların həyatlarını ciddi təhlükə altına atır və fövqəladə vəziyyətdə xilasedicilərin işini çətinləşdirir. Əgər artıq binada belə hal yaşanıbsa, qanunsuzluğu aradan qaldırmağın bir yolu qalır.

İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsinə əsasən isə, sözügedən qanunsuzluğu həyata keçirən fiziki şəxsi 300-500, vəzifəli şəxsi 1500-2000, hüquqi şəxsi isə 15-25 min manat məbləğində cərimə gözləyir.