"Biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir.

Unikal.org-un məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin"Azərtaca müsahibəsində deyib.

"Rusiyanı Azərbaycan və Ermənistan ilə dərin tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq bağlayır. Buna görə də biz həqiqətən maraqlıyıq ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun, orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin. Bunun üçün nə mümkündürsə edirik. Xatırladım ki, Rusiyanın birbaşa köməyi ilə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanıb və bu saziş indiyə qədər atəşkəsin əsasını təşkil edir. 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ oldu. Sənəddə təsdiq edilib ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla nail olmaq mümkündür. Yeri gəlmişkən, bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları ilk və hələlik yeganə sənəddir. Bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb.

Putin qeyd edib ki, kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur: "Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük. Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırıq. Tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun. Öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır.