21 Avqust 2019
20 Avqust 2019
Məhərrəm Zülfüqarlı: "Partiyanın qərargahı əlindən alanda Müsavat və Xalq Cəbhəsi partiyaları qımışırdılar"
Məhərrəm Zülfüqarlı: "Partiyanın qərargahı əlindən alanda Müsavat və Xalq Cəbhəsi partiyaları qımışırdılar" MÜSAHİBƏ 13:38 2012-06-12

Məhərrəm Zülfüqarlı: "Partiyanın qərargahı əlindən alanda Müsavat və Xalq Cəbhəsi partiyaları qımışırdılar"
Məhərrəm Zülfüqarlı: "Partiyanın qərargahı əlindən
alanda Müsavat və Xalq Cəbhəsi partiyaları qımışırdılar"

"Bu gün Azərbaycanda iqtidarla əməkdaşlıqda ittiham edilməyən partiya qalmayıb"

Bu dəfəki müsahibimiz vaxtilə Azərbaycan siyasi mühitində tez-tez gözə dəyən simalardan biri olub. Keçmiş siyasətçi və indiki ziyalı, tarixçi, Azərbaycan Dövlət Turizm Universitetinin dosenti Zülfüqar Məhərrəmli ilə söhbətimiz Azərbaycandakı siyasi mədəniyyət və ziyalılıq barədə olacaq.

- Məhərrəm müəllim, Siz bir zamanlar fəal siyasətçi idiniz. Siyasətdən niyə aralandınız?
- Mənim siyasətdən getməyimin obyektiv səbəbi var. 2004-cü ilin dekabrında Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov öz postundan istefa verəndən sonra sədrin müavinləri də avtomatik olaraq istefada hesab edildi. Çünki bizi sədr şəxsən özü təyin etmişdi. Ondan sonra partiyada yeni strukturlar müəyyən olunmuşdu və mən Etibar Məmmədovun müavini idim. O, partiyadan istefa verəndən sonra (biz onunla tələbə yoldaşı olmuşduq və mən ona kömək etmək üçün o vəzifəni tuturdum), partiyada yeni strukturlar yaradıldı, mən daha bu partiyada qalmaq istəmədim və istefa verdim.
- AMİP Azərbaycanda vaxtilə "ana müxalifət", müxalif düşərgənin ən güclü qanadlarından biri hesab edilirdi. Amma AMİP həmin mövqeləri itirib. Sizcə, bu geriləmə nə ilə bağlıdır?
- Milli İstiqlal Partiyası Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş ilk siyasi qurumdur. 1993-cü il iyul ayının 2-də qeydə alınıb. Düz buyurursunuz ki, AMİP ölkədə uzun müddət ana müxalifət rolunu oynayıb. Hətta 1998-ci ilin prezident seçkilərində güclü siyasi rəqabət mühitində ən yüksək nəticə nümayiş etdirməyin lap astanasında idi. Biz onda bir daha gücümüzü ortalığa qoya bildik. Lakin indi biz desək ki, AMİP zəifləyib, guya o biri partiyalar zəifləməyib, bu da düzgün olmaz. Yəni ümumiyyətlə Azərbaycandakı siyasi partiyaların indiki fəaliyyətini 1990-cı illərin ortaları ilə müqayisə etsək, əlbəttə ki, çox böyük bir fərq var. Başlıca səbəb ondan ibarətdir ki, Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün Türkiyədəki kimi, Qərb dövlətlərindəki kimi nə normal qanunlar var, nə də normal şərait. Bilirsiniz ki, ölkədəki siyasi qurumların fəaliyyətini tənzimləyəcək qanun hələ indi-indi hazırlanır və nəzərdə tutulur ki, partiyalar dövlət büdcəsindən maliyyələşsin. Əgər 1995-ci ildə ölkənin yeni konstitusiyası qəbul ediləndən sonra belə bir qanun qəbul edilsəydi, ölkədəki partiyalar bu qədər zəif düşməzdilər. İndiki dövrdə siyasi partiyaların zəif düşməsi ilk növbədə maliyyə problemləri ilə bağlıdır. Çünki istənilən partiyanı saxlamaq üçün maliyyə vəsaiti lazımdır. Ona görə ki, ölkədəki mühit elədir ki, hər hansı bir imkanlı iş adamı rəğbət bəslədiyi hansısa siyasi quruma maliyyə yardımı göstərə bilmir. Belə bir imkan olmadığından, partiyaların maliyyə mənbələrinin tədricən azalması nəticəsində və bir sıra partiyaların ofislərinin əllərindən alınması nəticəsində və üzvlərinə qarşı müxtəlif təzyiqlər səbəbindən ölkədəki müxalifət qurumları xeyli zəifləyiblər. Digər amil bundan ibarətdir ki, bu partiyaların arasında birlik meylləri də müşahidə edilmir. Mənim yadımdadır ki, Milli İstiqlal Partiyasının qərargahını əlindən alanda Müsavat və Xalq Cəbhəsi partiyaları qımışırdılar və öz qəzetlərində yazırdılar ki, "Onların gücü yoxdur ki, öz qərargahlarını müdafiə etsinlər". Onlar hesab edirdilər ki, guya AMİP zəif olduğu üçün qəarargahı əlindən alınıb və onlar güclü olduqları üçün onlara toxuna bilmirlər. Amma bilirsiniz ki, lap qədimlərdən bəri "Parçala, hökmranlıq et" siyasəti var. Əvvəlcə daha nüfuzlunun qərargahını əlindən aldılar, sonra isə növbə başqalarına çatdı. Ona görə də hazırda nə Müsavat Partiyasının keçmiş qərargahı əlində qala bildi, nə də AXCP-nin. Beləcə, indi partiyaların çoxunun qərargahı yoxdur. Yəni dünənən qədər bizə irad tutanların sonradan öz qərargahları da əllərindən alındı. Bu onu göstərir ki, ölkədəki siyasi partiyaların zəif düşməsi maliyyə məsələsi və bu qurumlara qarşı normal münasibətin olmaması ilə bağlıdır.
- Siyasətdən aralanandan sonra kənardan prosesi daha yaxşı izləmək, obyektiv şəkildə təhlil etmək olur. Bu gün Azərbaycan müxalifətinin əsas qüsurları nədən qaynaqlanır?
- Birinci və ən obyektiv səbəb budur ki, ölkədə normal siyasi rəqabət mühiti yoxdur. Deyək ki, idmanda üzləşən hər bir komanda üçün eyni mühit yaradılmalıdır və belə də edilir. Amma bu partiyalar üçün bərabər imkanlar yaradılmır axı. Bunu hamı bilir ki, ölkədə normal siyasi mühit yoxdur. Hamı deyir ki, siyasi partiya normal mühiti öz gücü ilə yaratmalıdır. Amma bunu da bilirsiniz ki, güc də əhalidən gəlir. Yəni Azərbaycanda fəaliyyət göstərən partiyalar öz üzvləri ilə güclü olur. Və siz də bunu o vaxtlar müşahidə edibsinizsə, AMİP-in o vaxtlar kifayət qədər güclü elektoratı var idi. 1998-ci ilin prezident seçkilərində bunu hamı aydın şəkildə gördü. Amma siyasi qurumlarda təmsil olunan insanların normal fəailiyyəti üçün lazımi iş şəraiti yoxdursa, normal əməkhaqqı almırlarsa, bunlara qarşı təzyiqlər varsa, onda əlbəttə ki, bu elektorat get-gedə zəifləyəcək. Yəni 1998-ci ildən bu hünədək partiya tədricən itirə-itirə gəlməkdədir. Amma bir məsələni də yada salım ki, "Azadlıq verilmir, alınır". Bəli, ölkədəki partiyalar mübarizə apara-apara öz əvvəlki mövqelərini bərpa etməlidir. Amma burada da partiyalar bir-birlərinə qarşı deyil, mövcud problemləri aradan qaldırmaq üçün mübarizə aparmalıdırlar. Çox təəssüf ki, Azərbaycan şəraitində bunun əksini görürük. Hətta bir-birinə yaxın hesab edilən Müsavat və AXC partiyalarının fəaliyyətlərini izləsək, görərik ki, enerjilərinin çox hissəsini bir-brilərinə qarşı mübarizəyə, ittihamlar irəli sürməyə, bir-birlərinə qara yaxmağa sərf edirlər. Çox təəssüfləndirici haldır. Azərbaycanda həmişə belə bir situaiya olub ki, parlamentə düşməyən partiyalar parlamentdə təmsil edilən partiyalara qarşı qısqanclıqla yanaşıblar, onları hakimiyyətə işləməkdə ittiham etməyə başlayıblar. Növbəti parlament seçkilərindən sonra isə əksinə proses baş verməyə başlayıb. Yəni bu gün Azərbaycanda iqtidarla əməkdaşlıqda ittiham edilməyən partiya qalmayıb. Hamısı da ittiham edilib. Özü də mətbuatda. Bu da həmin partiyaların elektoratlarına mənfi təsir edir və itkilər başlayır.
- Bu gün Siz siyasətdən aralısınız və ziyalı kimi çıxış edirsiniz. Azərbaycan siyasətindəki iqtidarlı-müaxlifli bütün siyasi liderlərin ziyalılıq səviyyəsi Sizi qane edirmi?
- Bu, maraqlı sualdır. Bilirsiniz ki, mən ixtisasca tarixçiyəm və mənə elə gəlir ki, Azərbaycan tarixini tədris etmək elə siyasətçi olmaq kimi bir şeydir. Mən sizə deyim ki, indiki partiya rəhbərlərini müqayisə etsək, bunların içində öz üzərində işləyən, daim kitablar yazan, mətbuata müsahibələr verən və ciddi səviyyəyə malik, yüksək səviyyəli insanlar var. Məsələn, ADP-nin sədri Sədar Cəlaloğlunu misal göstərmək olar. Bu adam öz üzərində həmişə işləyir. Onun yazdığı kitablara kimin necə yanaşmasına da əhəmiyyət vermir. Digər partiyalar da var ki, onların da sədrləri pis deyil. Amma elə partiya sədrləri də var ki, əvvəldə necə idilərsə, elə də qalıblar. Nə bir ixtisas artırmaq var, nə bir kitab yazmaq var, nə öz üzrəində işləyib yeni məzmunlu müsahibələr vermək var. Eyni fikrləri təkrar edirlər. Bəzi sədrlərdə inkişaf müşahidə edilir, bəziləri isə elə ötən əsrin 80-ci illərində qalıblar.
- Bəs ziyalılarımızn ziyalılıq səviyyəsi necədir? Bu gün Yusif Məmmədəliyevi, Xudu Məmmədovu, Aydın Məmmədovu əvəzləyə biləcək ziyalımız varmı?
- Yəni bizdə ali təhsil barədə diplomu olanlar ziyalı sayılıb, amma bu, düzgün deyil. Bilirsiniz ki, artıq dövlətin müvafiq qurumları saxta diplomlar məsələsini araşdırmağa başlayıb və xeyli diplom saxta elan edilib. Amma mən deməzdim ki, bu gün Azərbaycanda yada saldığınız böyük şəxslər səviyyəsində ziyalılar yoxdur. Bu gün ölkədəki ziyalı potensialı həddən artıq yüksəkdir. Sadəcə, bu ziyalılar nə mətbuata çıxırlar, nə də televiziyaya və belə bir fikir yaranır ki, ölkədə əsil ziyalı qıtlığı var. Əkisə, indi belə ziyalılarımız çoxdur. Sadəcə, ziyalılarımızın bir hissəsi çörək dalınca Türkiyəyə, Rusiyaya və Avropa ölkələrinə gedib. Oradakı universitetlərdə işləyirlər. Mən vaxtilə bu barədə mətbuatda yazmışam da. Ziyalılar heç vaxt özlərini gözə soxmağa çalışmayıblar. Məhz KİV və telekanallar onları axtarıb tapmalıdır. Jurnalistlər onlarla maraqlansa, görərsiniz ki, bizim cəsarətli zayalılarımız həddən artıq çoxdur. Buna əlavə olaraq qeyd edim ki, hazırda Azərbaycanda gənc ziyalı nəsli də yetişib. Minlərlə gənclərimiz Qərb dövlətlərində təhsil alıblar və almaqdadırlar. Onlar bizim gələcəyimizi təmin edən ziyalılar olacaqlar. Bu baxımdan mən nikbinəm, narahat olmağa elə bir əsas yoxdur. Sadəcə, indiki dövrdə Azərbaycan mühitində mədhiyyə deyən, yarınan və s. və s. insanları görürük telekanallarda. Onlara baxıb deyirik ki, yəqin ki, Azərbaycanda elə ziyalıların səviyyəsi budur. Mənə elə gəlir ki, ümumən Azərbaycanın səviyyəsi telekanallarda göründüyündən qat-qat üstündür. Sadəcə olaraq, bunu aşkara çıxartmaq, təbliğ etmək lazımdır.

Söhbətləşdi:
Savalan