Yaxın saatlarda İstanbulun "Yenikapı" meydanında ümumxalq mitinqi başlayacaq. "Demokratiya və şəhidlər" şüarı ilə keçiriləcək mitinq iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişi cəhdinə qarşı həmrəylik məqsədi daşıyır. 

Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, artıq mitinq meydanına insan seli axmaqdadır.

Ölkə müxalifətini təmsil edən Cümhuriyyət Xalq və Millətçi Hərəkat partiyaları Türkiyə dövlətçiliyi naminə mitinqə qatılmaq təklifini qəbul ediblər. Razılıq əldə olunub ki, mitinqdə siyasi ayrı-seçkilik şüarları səsləndirilməyəcək.

Bu mitinq Türkiyədə siyasi partiyaların birgə iştirak etdikləri ən böyük həmrəylik mitinqi kimi xarakterizə olunur. Mitinqə 5 milyona yaxın insanın qatılacağı gözlənilir.

Xarici və yerli KİV-lər mitinq yerindən birbaşa reportajlar yayırlar. Ankarada və ölkənin digər böyük şəhərlərində də həmrəylik mitinqləri təşkil olunub.