Bu gün Misir Mərdanovun gizlinləri ifşa ediləcək
Bu gün Misir Mərdanovun gizlinləri ifşa ediləcək

Təhsil Nazirliyinin həbs edilən əməkdaşının yaxınları "sandığı açıb pambığı tökəcəklər"

Bu gün Təhsil Nazirliyinin korrupsiya ittihamı ilə həbs olunmuş əməkdaşı, görkəmli Azərbaycan şairi Əli Kərimin oğlu Orxan Kərimovun ailə üzvləri mətbuat konfransı keçirəcəklər. Bu barədə qəzetimizə Orxan Kərimovun yaxınlarından məlum olub.

Onların bildirdiklərinə görə, mətbuat konfransı saat 14:00-da başlayacaq. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat zalında baş tutacaq mətbuat konfransında Orxan Kərimovun həbsi ilə bağlı indiyədək ictimmaiyyətə gizli olan məqamlardan danışılacaq. Əldə etdiyimiz məlumata görə, tədbirdə onun anası Elza Kərimovanın və vəkillərin də iştirakı gözlənilir.
Mətbuat kolnfransında qanunsuz tələbə köçürülmələrində nazir Misir Mərdanov və nazirliyin digər yüksək vəzifə sahiblərinin oynadıqları rollara diqqət çəkiləcək. Bu zaman həmin qanunsuzluqların məhz nazirliyin ən yüksək eşalonu tərəfindən aparıldığını və ona görə də Orxan Kərimovun tamamilə suçsuz olduğunu ortaya qoyan konkret faktlar da media işçilərinə təqdim ediləcək.
Xatırladaq ki, Orxan Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. O, Bakı İstintaq Təcridxanasında saxlanır. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan Orxan Kərimova qarşı 2012-ci ilin yanvarında külli miqdarda rüşvət alma və təkrar rüşvət alma bəndləri ilə yeni ittiham da irəli sürülüb.
Bir müddət sonra 10 deputat O.Kərimovun zaminə buraxılması üçün ölkə başçısına müraciət etmişdi. Bunlar Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Musa Quliyev, Çingiz Qənizadə, Fazil Mustafa, İqbal Ağazadə, İlyas İsmayılov, Nizami Cəfərov, Aqil Abbas, Zahid Orucdur. Amma deputatların müraciəti cavabsız qalıb. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da ötən il dekabrın əvvəlində Baş Prokurorluğa yazılı müraciət , göndərərək Orxan Kərimovun həbsinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib, amma heç bir cavab almayıb.
Orxan Kərimov həbsxanadan yazdığı məktubda bildirib ki, o, əsassız olaraq qanunsuz tələbə köçürmələri ilə bağlı cinayətdə suçlanır. Amma o, bunu yalan və iftira hesab edir. İctimai rəydə də Orxan Kərimovun Təhsil Nazirliyinin rəhbərliyini məhz onların öz səviyyələrində həyata keçirdikləri qanunsuzluqların cavabdehliyindən sığortalamaq üçün "qurban" seçildiyi fikri hakimdir.

Aliyə