Sabiq başçının "DəmirBank"da nə qədər pulu firlanır?

Sabiq başçının "DəmirBank"da nə qədər pulu firlanır?

Şakir Abışov "Unikal"a nələri danışdı

Qəzetimizin ötən sayında baş nazirin müavini Abid Şərifovun himayəsi altında olduğu bildirilən "DəmirBank"la bağlı maraqlı məlumat yaymışdıq. Həmin məlumata görə, sabiq icra başçılarından birinin də "DəmirBank"da payı var. Onun yaxın adamının adına haqqında bəhs edilən səhmlərin mövcud olduğu vurğulanan məlumatlarda həmin icra başçısının DəmirBankın Müşahidə Şurasının sədri Rəhman Hacıyevlə quda olduğu da bildirilirdi.
Həmin yazıda bildirilirdi ki, bu şəxsin konkret kimliyi də bizə məlumdur, amma müəyyən dəqiqləşdirmələrə ehtiyac olduğundan bu barədə növbəti saylarımızda ətraflı məlumat verəcəyimizi vəd etmişdik.
Apardığımız dəqiqləşdirmələr sonucunda "DəmirBank"da payı olan sabiq icra başçısının kimliyi tam qətiləşib. Bu, Sumqayıtın keçmiş icra başçısı Şakir Abışovdur.
Sabiq icra başçısı özü də "Unikal"ın əməkdaşına açıqlamasında həm adıçəkilən bankda səhmlərinin olduğunu təsdiqləyib, həm də oğlu Fərid Abışovun "DəmirBank"da icraçı direktor olduğunu deyib.
Sabiq başçı oğlunun adıçəkilən bankın Müşahidə Şurasının sədrinin qızı ilə ailə qurduğunu, yəni özünün banka faktiki rəhbərlik edən Rəhman Hacıyevlə quda olmasını da təsdiqləyib. Fərid Abışov isə bu barədə səslənən fikirlərə laqeyd yanaşdığını və adının buna görə hallandırılmasını istəmədiyini əməkdaşımıza deyib.
İddialara görə Sumqayıtın keçmiş icra başçısı məhz "gənclik şəhəri"nə rəhbərlik etdiyi dövrdə əldə etdiyi gəlirlərin mühüm hissəsini "DəmirBank" vasitəsi ilə dövr etdirir. Onu da deyək ki, Şakir Abışov Sumqayıtın ən geniş kapitala malik yerli oliqarxlarından hesab edilirdi.
Bunu təsdiqləyən ən maraqlı detallardan biri isə mərhum prezident Heydər Əliyevin vaxtilə Sumqayıtda keirdiyi məşhur müşavirədə səsləndirdiyi fikirlərdir. Həmin müşavirədə mərhum prezident Sumqayıtdakı Mərkəzi Univermağın sahibi (indi "Sumqayıt" Açıq Tipli Səhmdar Cəmiyyəti adlanır) Zaman İsgəndərovun və həmin dönəmki "Azərkimya" rəhbəri Fikrət Sadıqovla bərabər şəhərin keçmiş icra başçısı Şakir Abışovu da adını çəkmiş , hər üç şəxsin Sumqayıtın öz aralarında bölüşdürülməsində iştirak etdiklərini vurğulamışdı: "Qoy heç kəs elə fikirləşməsin ki, kiminsə kapitalı varsa, o, hər şey edə bilər. Dövlətin əlində bunun qarşısını almağa kifayət qədər vasitələr var".
Məhz bu məqamı nəzərə alaraq hazırda Şakir Abışovun hansısa iri bankların birində ciddi paya sahib olmasına təəəccüblənməmək də lazımdır. Əlində kifayət qədər iri bir kapital cəmləmiş Abışovun həmin vəsaitin bir hissəsini hansısa bankın səhmlərini almağa yönəltməsində və beləliklə bu bankda ciddi pay sahibi olmasında qəribə heç nə yoxdur.
Seymur Quliyev