Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 15 yaşlı oğlanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, özünü öldürən 15 yaşlı yeniyetmənin özündən başqa 1 bacısı və 1 qardaşı da var. Teymur isə evin ən balaca uşağı olub.

Yay tətili olduğundan o, evlərindən bir qədər aralıda Dadaş adlı çilingərin yanında köməkçi işləyirmiş. 1 aya yaxındır namaz qılmağa başlayıb. Hadisə günü də günorta yeməyini yeyib, namazın qılıb. Anasına deyib ki, yarım saatlıq sexə gedib qayıdacaq. Bundan sonra ondan xəbər gəlməyib. Meyiti evə gətirilən zaman onun cibində məktub olub.

15 yaşlı Teymurun meyiti doğulduğu İmişli rayonuna aparılıb. Bu gün onun 3 mərasimi keçirilir.

Qeyd edək ki, Teymur bu il Sabunçu rayonunda yerləşən 113 saylı orta məktəbin 8-ci sinfini bitirib. Onun həmin məktəbdə oxuyan bir qızı sevdiyi bildirilir.

Qonşuların sözünə görə, Teymur çox tərbiyəli, böyük-kiçik yeri bilən uşaq olub: "Onların ailəsi də normal olub. Qardaş-bacısı da onun kimi olub. Heç vaxt onun bu cür hərəkət edəcəyinə inanmazdıq".

Onu da qeyd edək ki, bu hadisə Teymurun təhsil aldığı məktəbi də yenidən gündəmə gətirib. Belə ki, Teymurun intiharı ilə birlikdə 113 saylı məktəbdə son 2-3 ildə intihar edən şagirdlərin sayı 5-ə çatıb.