Səhiyyə Nazirliyi xəstələri taleyin ümidinə buraxıb
Səhiyyə Nazirliyi xəstələri taleyin ümidinə buraxıb

Oqtay Şirəliyevin bəzi dərmanların pulsuz verilməsini qadağan etməsi narazılıq doğurub

Etdiyiniz hər bir cüzi günahın cavabsız qalacağını düşünürsünüzsə, yanlış fikrə düşmüsünüz. İnanın ki "SİZƏ" artıq "ZAMAN" adlı hakimin məhkəməsində "CİNAYƏT İŞİ" açılıb. Sizin isə hələ dünyaya gəlməmiş körpələrinizə ömürlük "MƏHKUM OLUNANLAR" hökmü oxunur.

Bütün dünyada ömürlük içiləcək dərmanlar dövlət tərəfindən verilir. Güclü, müstəqil Azərbaycan dövlətində isə belə deyil. "Eurovizion"a, gül bayramına milyonlarla pul ayrılır. Bəs bu milyonlarla pul insan sağlamlığına niyə xidmət etmir?
Bu sözləri yazmaqda məqsədim var.
Binyamin Nurullayev fəhlədir, yoldaşı evdar qadındır, tək oğlu Vüsal Nurullayev uşaqlıqda peyvənd edildiyi zaman tibb bacısının səriştəsizliyi ucbatından ciyərinə virus düşüb və o vaxtdan bu günə qədər iynə, dərmanla saxlayıblar. Sonda isə iynə, dərman öz təsirini itirir və ciyərini dəyişmək məcburiyətində qalırlar.
Həkimlər Vüsal Nurullayevin "PROQRAF" və "SELLSER" dərmanını ömürlük içəcəyini deyirlər. Əks təqdirdə, o, dünyasını dəyişməli olacaq. Bu iki dərmanın qiyməti isə satışda 750 manatdır. Atası öz ciyərini oğluna verdiyi üçün həkimlər ona ağır işdə işləməyi qəti qadağan edirlər. Evin başçısı bu gün çaydanı belə qaldıra bilmir. Pul qazana bilməyən ata bu dərmanları nə ilə alacaq? 23 yaşında gənc ölməlidirmi? Niyə dövlət bu dərmanları vermək istəmir? Bu qərar kimindir?

Oktay Şirəliyevinmi,
yoxsa...?

"Pulumuz yoxdur", "Müharibə şəraitində yaşayırıq" kimi sözlər camaatı razı sala bilməz. Çünki möhtəşəm "Eurovizion" və gül bayramını sitat gətirmək kifayətdir. Dövlətin pulu bivec şairlərə və yazıçılara, oxumaqdan xəbəri olmayan müğənnilərə kimlərin vasitəsi ilə yüksək adlar verilərək evlə, maşınla, pulla təmin olunurlar. Xəstələrə isə bu iki dərmanı verməyə pul tapılmır? Xalqa heç bir xidmət göstərməyən, yüksək adlara layiq olmayan "incəsənət xadimləri"nə dövlətin pulu zibil kimi xərclənir. Niyə? Bu artıq qaranlıq məsələdir...
Şəxsən mən Azərbaycanda yüksək ada layiq 10 müğənni sadalaya bilərəm. Qalanları isə mey-məzə məclislərini əyləndirən "əyləncə qadınları" və "kişiləridir". Qədimdə belələrinə "mütrüf, cəngi, cariyə" deyirdilər. Mey-məzə məclislərində onlar onsuz da artıqlaması ilə pul qazanırlar. Ancaq iş qabiliyyətini itirmiş ataya, anbaan ölümə yaxınlaşan 23 yaşlı gəncə iki adda dərman verilmir.

Səhiyyə naziri Oktay Şirəliyev
elə qəti qərara necə gəldi?

Bir neçə vaxt bundan əvvəl bir ailə ilə tanış oldum. Bu ailədə də ata fəhlə, ana evdar qadındır. Bir oğlan, gələcəyin əsgəri və bir qız böyüyür bu evdə. Qız anadangəlmə "Sindrom Retta" xəstəliyi ilə doğulub. Hal-hazirda Nərminin 7 yaşı var. Bu günə qədər dövlət tərəfindən ayrılan dərmanlar uşağa verilmək əvəzinə, 18 saylı ambulator xəstəxanada (poliklinikada) işləyən tibb işçiləri tərəfindən mənimsənilib. Təsadüf nəticəsində aşkarlanıb ki, xəstə uşağın anası illərdir heç bir dərmanla təmin olunmayıb. Bu məsələ öz həllini tapdı.
Bəs, Vüsal Nurullayevin dərmanlarını dövlət tərəfindən ödəniləcəkmi? Oktay Şirəliyev bu dərmanların əhaliyə verilməsini niyə qadağa qoyub? Müstəqil dövlət kimi irəliyə getməkdənsə, insanların rifahı üçün çalışmaqdansa, əhalini Prezidentə qarşı qaldırmaqda məqsədi nədir? Hər Prezidentə yazılan məktub öz həllini tapmayanda, kütlə haradan bilsin ki, Prezidentin günahı yoxdur. O deyir ki, dərman verilsin, səhiyyə naziri Oktay Şirəliyev də deyir ki, "vermirəm".
Bu məsələdən kənara çıxıb kiçik bir misal çəkmək istəyirəm. Mən ölkənin prezidenti İlham Əliyevin efirdə dəfələrlə dediyi "Qaz boruları kəsilməyəcək, əhali qazdan korluq çəkməyəcək" sözlərini təkrar-təkrar eşitmişəm. Bizim ərazidə isə (Sabunçu qəsəbəsinin stansiyayanı küçəsində,) sahəyə nəzarət edən nəzarətçi heç bir bildiriş vermədən gəlib qapını döyür, ev yiyəsi qapını açan kimi deyir ki, "Borcun var, sabaha pulu ödəməsən gəlib, qazı kəsəcəm".
Bundan bir soruşan yoxdur ki, ay balam, qaz yiyəsisən? Bunların təlimatlarında nə var, nə yox, bilmirəm. Ancaq sovetin vaxtında vətəndaş narazılığını bildirəndə, sahəyə baxan inspektor qaz sayğacını nəzarətə götürərdi. Bir neçə aydan sonra isə vətəndaşın düz deyib-deməməyi barədə məsələ qaldırılırdı. Bizim ərazinin inspektoru isə uzun illər Sabunçu xəstəxanasında çalışan əməkdar həkim Esmira xanımın 2012-ci ilin martın 24-dən heç bir bildiriş vermədən qazını kəsir və 8 baş külfəti qazsız qoyur. Bu cür özbaşınalıq edən sahə nəzarətçiləri səriştəsiz rəisləri ilə bərabər cəzalanmalıdırlar.
Mustafa Kamal Atatürk deyib ki, "Dövlət idarələri işləməzsə, insanların hüriyyətini qoruyacaq heç bir qüvvə qalmayacaq".
Prezident qərar, əmr, sərəncam, fərman verir. İnsanların rifahı üçün çalışır. Ancaq bu qərarlar yerlərdə icra edilməyəndə camaat idarə rəhbərlərini yox, prezidenti günahlandırır.
Dövlətdə işləyən insanların maaşları çox aşağıdır və bu maaşla ömürlük içilən dərmanları almaq mümkün deyil. Bu dərmanların satışına qadağa qoyub, xəstələrə pulsuz verilməsini dövlət təmin etməlidir.
Dünyada "QIZIL ÜRƏK", "MƏRHƏMƏTLİ QADIN" və s. titullara layiq görülən Mehriban xanım Əliyevaya Vüsal Nurullayev barəsində yazdığım məktubun cavabı Səhiyyə Nazirliyində yoxa çıxdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının qanunun" 10-cu maddəsində belə bir cümlə var. Olduğu kimi yazıram. "Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanması tələb edilməyən müraciətə 15 gün ərzində baxılmalıdır".
Sovet dövründə bütün məktublara cavab 10 gün ərzində baxılıb nəticə çıxarılırdı. Müstəqil ölkə kimi vəzifəyə təyin olunan nazirlər, idarə rəhbərləri millətin rifahı üçün çalışmaqdansa deyəsən yeni şüar altında işləyirlər. Sabir demişkən;

Millət necə tarac olur
olsun, nə işim var

Düşmənlərə möhtac olur olsun nə işim var.
Şəhla Nurullayevanın oğlu ciyərindən əməliyyat olundu. Qara ciyərin naqili Türkiyədə "MEMORİAL" xəstəxanada uğurla həyata keçirildi. Pulunu isə qohumları ödədi. Ancaq sən demə, bizim "NEFTÇİLƏR" xəstəxanasında bu əməliyyatı edən həkim var imiş. Ancaq Şəhla Nurullayevanın Azərbaycan Respublikasının Prezidentinə yazdığı məktuba Səhiyyə Nazirliyindən yazılı şəkildə cavab verdilər ki, bu cür cərahiyyə əməliyyatını edən həkim Azərbaycanda yoxdur.
Ortaya belə bir sual çıxır. Azərbaycan dövlət Tibb Universitetində niyə ciyər naqili əməliyyatını edən kadrlar hazırlanmır? Biz ki, müstəqil dövlətik. Pulumuz çoxdur. Bəs bu milyonlarla pul həkim kadrların yetişdirilməsinə niyə ayrılmır? Göz yaşları qurumayan ananın narahatlığına son qoyulacaqmı? Bunu da bilmirəm.
Ancaq mən öz Prezidentimə inanıram. İnanıram ki, bu xırda məsələlər öz həllini tezliklə tapacaq və Səhiyyə Nazirliyində bu ömürlük içiləcək dərmanlar əhaliyə təkrar pulsuz veriləcəkdir.
Tahirə Ağasıyeva