ANS TV-nin yerinə gecə saatlarında ümumrespublika yayımına keçən "Günəş TV"də hər kəsi təəcübləndirən tərcümə efirə verilib.

Unikal.org azxeber.com-a istinadən xəbər verir ki, dünən gecə saatlarında efirə gedən "Mən yaramazam" cizgi filmində personajlardan biri təhqiramiz sözlər işlədib.

Belə ki, personaj "o sənin dalını dağıdacaq" sözünü deyib və bu sözlər ana dilimizdə efirə verilib.

Maraqlıdır ki, kanalın əsasnaməsində qeyd olunur ki, efir vaxtını bütünlüklə uşaqlara həsr edən "Günəş TV-nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verlişlər və filmlər yayımlanır.

Sözügedən kadrlar sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Unikal.org xəbər verir ki, Milli Teleradio Şurasının aparat rəhbəri Toğrul Məmmədov "Qafqazinfoya açıqlamasında sözügedən məsələdə hüquqi cəhətdən qanun pozuntusunun olmadığını vurğulayıb: Şuranın qərarlarında da göstərilir ki, uşaqlar üçün verilişlər səhər saat 7-dən axşam 11-ə kimi olur. Əgər gecə 11-dən sonra hər hansı ədəbsiz ifadə işlənirsə, Şura bunun qanun pozuntusu olduğunu müəyyənləşdirə bilməz. Ancaq biz həmin kanalın rəhbərliyi ilə danışdıq. Bildirdilər ki, belə ədəbsiz sözə görə proqramın rəhbəri cəzalandırılıb.

"Günəş TV"nin icraçı direktoru Rəşad İsayev dünən yayımlanan "mən yaramazam" cizgi filmindəki biabırçı tərcümə ilə bağlı açıqlama yayıb.
Unikal.org-a daxil olan məlumatda qeyd olunur ki, görüntülərə görə tamaşaçılardan üzr istənilib:
"Baş verən yanlışlığa görə təəssüf hissi keçiririk. Məsələ ilə bağlı bir neçə əməkdaş, artıq, cəzalandırılıb. Aparılan araşdırmaların nəticəsində, bu xoşagəlməz halın yaşanmasına səbəb olan, cavabdeh şəxslər işdən azad olunacaq. Eyni zamanda bir daha belə halların yaşanmaması üçün telekanal əməkdaşları qarşısında xüsusi tələb qoyulub. Bu xoşagəlməz duruma görə tamaşaçılarımızdan üzr istəyirik".