Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov (77 kq) Rio Olimpiadasının qalibi olduqdan sonra KİV nümayəndələrinin suallarını cavablandırıb.

Unikal.org-un Qaynarinfo.az-a istinadən məlumatına görə, Azərbaycan yığmasından imtina edərək, Qazaxıstan millisini seçən 23 yaşlı idmançı dünya və Olimpiya rekordu ilə qazandığı qələbəni şərh edib.

- Təbrik edirik. İlk təəssüratlarınız necədir?

- Hələ bilmirəm, olimpiya çempionu özünü necə hiss edir (gülür).

- Fəxri kürsüdə dayananda ağlayırdın...

- Bəli, fəxri kürsüdə olanda ona görə ağlayırdım ki, uşaqlıqdan başlayan bütün həyatım gözümün qarşısına gəldi. Məşqlərə necə başladığım yadıma düşdü. Bunu sözlə demək çətindir. Ona görə göz yaşlarımı saxlaya bilmədim.

- Təkanla qaldırma hərəkətlərində 214 kq çəkini sifariş etdikdə rekord vurub, bunu qaldıracağınıza əmin idin?

- Bilmirəm. Desəm ki, əmin idim, pis səslənər. Mən çox məşq etmişdim. Birdən qaldırma hərəkətlərində çox qaldıracağıma şübhəm olsa da, təkanla qaldırmanın üzərində çox məşq etdiyimdən hazır idim.

- Məşqçi bu çəkini sifariş etdikdə, onunla razılaşdınmı?

- Bəli. Əvvəldən bilirdik ki, mənə 209 kiloqramı, sonra 212, daha sonra isə 214-ü qaldırmaq lazımdır. Dərhal dedim ki, ilk cəhddə medalı, 2-cidə qələbəni təmin etmək lazımdır. 3-cü cəhd mənə lazım olmadı.

- Məşqdə qaldırdığın ən yüksək çəki nə qədər idi?

- Ötən il Olimpiadaya hazırlaşarkən, qaldırdığım ən yüksək çəki 211 kq olub. Amma Hyustondakı dünya çempionatından əvvəl 217-ni qaldırmışam, bu çoxdan olub. Bu oyunlardan əvvəl isə cəmi 200 kq qaldırmışdım.

- Sən çempion olanda öz vətənin haqda düşündün?

- Mən yalnız məşq etdiyim illər barədə düşündüm. Bu məqsədə çatmaq üçün nə qədər əziyyət çəkdiyimin hamısını bir anlıq fikirləşdim. Bu mənim xəyalım, çətin yol idi. İnsanlar yatanda biz məşq edirdik. Qar Qazaxıstandakı kimi dizdən olanda biz gecə saat 11-12-də məşqə gedirdik. Bax, bu çətinliklər haqda düşünürdüm.

Məni dəstəkləyən Atırau oblastına təşəkkür edirəm. Sonra mənəvi atam Enveri Turkeleriyə (şəxsi məşqçisidir - red.). Daha sonra Aleksey Qennadyeviç və Viktor Qennadyeviçə təşəkkürümü bildirirəm. Bu zəhmət mənim deyil. İlk növbədə Allaha, sonra onlara minnətdaram. Onlar həmişə mənə kömək ediblər. Məni dəstəkləyən ölkəyə təşəkkür edirəm. Bilirəm ki, məni televizor vasitəsilə dəstəklədilər. Onlar da sağ olsun!

- Son Olimpiya çempionu və birdən qaldırma hərəkətinin qalibi olan çinli rəqibini məğlub etdiyini nə vaxt hiss etdin?

- O, təkanla qaldırmada əvvəl 200 kq çəkini sifariş edib, sonra bunu 197-yə dəyişdikdə qalib gələcəyimi hiss etdim. Düşündüm ki, 204-lə başlayıb, sonra 209-a keçərəm. Həmin vaxt məşqçim Aleksey Qennadyeviçə dedim ki, qızıl medal üçün nə qədər lazımdırsa, o qədər də qaldıraram.

- Səni Azərbaycana dəvət etsələr, geri qayıdarsan?

- Yox, Qazaxıstanda qalacağam. Ora qonaq kimi gedəcəyəm. Başqa heç cür. Mən Qazaxıstana öyrəşmişəm.

- Deyirlər ki, olimpiya çempionuna hər şey olar. Sən nə istəyirsən?

- Yox, siz nə danışırsınız. Hər şey burda da qalır. Mən Qazaxıstana adi insan kimi uçacağam. Normal insan kimi. Allah bizi fərq qoymadan yaradıb.