"Eks-prezidentlərə dair sənəd Ayaz Mütəllibovu təmizə çıxaracaq"
"Eks-prezidentlərə dair sənəd Ayaz Mütəllibovu təmizə çıxaracaq"

"Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanunu layihəsi dəyişiklik edilmədən Milli Məclisdə sonuncu dəfə səsverməyə çıxarılacaq. Bu haqda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə məlumat verib. Ç.Qənizadə qeyd edib ki, sözügedən qanun layihəsi Konstitusiya qanunu olduğu üçün heç bir əlavə, dəyişiklik edilmədən parlamentdə səsverməyə qoyulacaq.
"Bu qanun layihəsi Konstitutsiya qanunu olduğu üçün 6 aydan sonra yenidən səsverməyə çıxarılmalı idi. Ona görə sənəd prosedur qaydalarına uyğun olaraq sabah Milli Məclisdə səsverməyə çıxarılacaq. Qanuna heç nə dəyişiklik edilməyəcək, əvvəlki kimi necə var, elə də qalır",- deyə deputat vurğulayıb.
Ç.Qənizadə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibova qarşı qaldırılan cinayət işinin qanunun tələbinə uyğun olaraq qaldırılacağını qeyd edib. O bildirib ki, qanun layihəsi təsdiq edilərsə, cinayət işinə xitam veriləcək.
Qeyd edək ki, sözügedən qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.
Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz. Eks-prezidentlərdən yalnız Ayaz Mütəllibov sağdır və hazırda Moskvada yaşayır. Onun üzərində cinayət işi var.