Heydər Əsədov üçün sensasion "yaşıl işıq"
Heydər Əsədov üçün sensasion "yaşıl işıq"
Hesablama Palatası formallıqdan çıxarılır, bu qurumu oliqarxların qorxulu röyasına çevirirlər

Hesablama Palatasının sədri Heydər Əsədov üçün sevindirici xəbər var. Belə ki, Əsədovun rəhbərlik etdiyi qurum formal fəaliyyətdən çıxarılaraq ciddi, inanılmaz səlahiyyətlərə sahib quruma dönüşdürülür. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildiriblər.
Mənbənin deməsinə görə, hazırki səlahiyyətləri və iş prinsipləri Hesablama Palatasına gerçək görəvlərini yerinə yetirmək üçün yaxşı imkanlar tanımır: "Məsələ burasındadır ki, hazırda Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Gələcəkdə də belə olacaq. Amma burada incə bir məqam var. Hazırda da Hesablama Palatası təşkilati və funksional müstəqilliyə malikdir. Ancaq qurum aparacağı yoxlamalar barədə əvvəlcədən "anons" vermək məcburiyyətindədir. Bu isə yoxlamaların aparılacağı qurumlara öz mühasibatlıqlarında əvvəlcədən təftiş həyata keçirərək qüsurları müəyyənləşdirmək, aradan qaldırmaq və yaxud gizlətmək şansı verir".
Mənbəyimiz deyir ki, artıq bu istiqamətdə dəyişikliklər hazırlanır və yaxın gələcəkdə situasiya fərqli olacaq: "Belə ki, Heydər Əsədov son iki ildə bir neçə dəfə Hesablama Palatasına qəfil yoxlamalar aparılması ilə bağlı səlahiyyətlər verilməsi üçün müraciət edib. Əvvəllər Əsədovun bu təklifinin reallaşmasına sıcaq baxılmayıb, daha doğrusu, iri məmur-oliqarxlar adıçəkilən qurumun istədiyi vaxt, əvvəllcədən heç bir xəbərdarlıq etmədən, qəfil maliyyə təftişi aparmaq səlahiyyətinə malik olmasını istəmədiklərindən, Hesablama Palatası sədrinin arzusunun gerçəkləşməsinə "qırmızı işıq" yandırmağa nail olublar".
İndi isə vəziyyət dəyişib. Belə ki, hökumətdə 2013-cü il prezident seçkilərinə az qalmış əllərində iri kapital cəmləyən və siyasi iddiaların ola biləcəyindən şübhələr meydana gələn iri məmurların təzyiq və nəzarət altında saxlanılması məqsədi ilə Hesablama Palatasının funksiyalarının genişləndirilməsi məqsədəuyğun sayılıb. Artıq iqtidar kulislərində birmənalı şəkildə bildirilir ki, yaxın vaxtlardan etibarən Hesablama Palatası gələcəkdə dövlət qurumlarında qəfil yoxlamalar aparacaq.
Mənbənin sözlərinə görə, hazırda qanunvericilik buna imkan vermir. Amma bu maneəni aradan qaldırmaq əlbəttə, ciddi problem deyil və hesab edilir ki, ilin sonunadək qanunvericiliyə müvafiq dəyişiklik ediləcək və beləliklə, Heydər Əsədovun istəyi mümkün olacaq.
Mənbəmiz bildirib ki, onda olan məlumata görə, BMT-nin şəffaflıqla bağlı üzv dövlətlərə tövsiyələr verən və araşdırmalar aparan müvafiq strukturunun da əslində ayrı-ayrı ölkələrin Hesablama Palataları ilə əlaqədar bu və digər müvafiq halların aradan qaldırılması yönündə müraciəti var: "Həmin müraciətin ünvanladığı ölkələrdən biri də Azərbaycandır və əslində BMT də Azərbaycan Hesablama Palatasına əlavə bəzi səlahiyyətlər, o cümlədən, qəfil yoxlamalar aparılması ilə bağlı fəaliyyət imkanı verilməsini istəyir. Yəni hökumət qanunvericiliyə barəsində danışdığımız dəyişikliyi etməklə əslində bir daşla iki quş vurmuş olacaq. Həm nüfuzlu beynəlxalq təşkilatın çağırışını həyata keçirməklə, əlavə divident qazanacaq, həm də bəzi iri kapitala malik, siyasi iddiaları olan oliqarxlar üzərində tam nəzarət formalaşdırmaq şansı qazanacaq".
Bir sözlə, iri məmurlar üçün qarşıdan heç də xoş olmayan bir yenilik gəlir. Çox keçməyəcək, iqtidar içərisində gözdən düşən, ayağını azacıq yan qoyan bir məmur olduqda onu asanlıqla, gözlənilmədən çökdürmək daha da asanlaşacaq. Bir sözlə, Heydər Əsədov və onun Hesablama Palatası oliqarxiyanın qorxulu röyasına çevrilmək üzrədir.
Ülviyyə Qasımlı